Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Dekabr 2021 11:00

“Ən böyük təşəkkürümüz qazandığımız qələbədir”

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı idi. Asudə vaxtlarında söhbətləri müxtəlif mövzulardan keçib Vətən kəlməsində cəmləşirdi. Bu kəlmənin cazibəsində zabit olacağı günün intizarını çəkirdi. Onda Məktəbdə bir kitabça nəşr olunmuşdu: "Zabit olacam, ana!". Bu kitabça hər birinin niyyətinin davamına dönmüşdü. Oxumuşdu. Kursant ola-ola zabit kimi qürurlanmışdı. Aylar sonra yaşayacağı ovqatın başlanğıcı kimi...

Leytenant Gülməmməd Rzazadə kursant kimi öyrəndiklərini zabit kimi əsgərlərə öyrədirdi; öyrətmə prosesi, müəyyən mənada, təkrardır, yəni, öyrənmə prosesidir. Komandiri olduğu taqım hərbi hissədə istər nizam-intizamı ilə, istərsə də döyüş hazırlığı ilə fərqlənirdi. Komandirinin xoş sözlərini eşidən leytenant Gülməmməd Rzazadə bu kəlmələri gələcək xidmətinə işıq bilmişdi. 

Vətən müharibəsi başlayanda baş leytenant (indi kapitandır) Gülməmməd Rzazadə və əsgərləri döyüşənlərin sırasındaydı. Döyüşə Talış-Suqovuşan istiqamətindən başladılar. Döyüş əmri əsgərlərin döyüş əzmini, qələbə ruhunu kükrətmişdi. Hamı döyüşə tez başlamaq istəyirdi...

Zabit və əsgərlər cəmləşmə məntəqəsində döyüşə hazırlaşarkən baş leytenant Mahmud Möhbalıyevlə cəbhə qəzeti üçün müsahibələr götürürdük. Gülməmmədi həmin gün tanımışdım. Qələbəyə tələsirmiş kimi bir neçə kəlmə danışıb döyüşə yollanmışdı. Zabitin gözlərindəki qələbə inamı inamıma çevrilmişdi. "N" hərbi hissəsində ezamiyyətdə olarkən Gülməmmədlə qarşılaşdıq. Bu qarşılaşmada inamını inamıma çevirən zabiti tanıdım. Müharibədən danışdıq, həmin günü xatırladıq. 

...Sentyabrın 28-də yüksəkliyi düşməndən təmizləmək əmri verilmişdi.

Döyüş gedirdi. Baş leytenant Gülməmməd Rzazadə zabit kimi tabora tapşırılmış döyüşü idarə edirdi, əsgər kimi döyüşürdü. Belə hücum gözləməyən düşmən inadla müdafiə olunurdu. Lakin bu döyüşün gedişinə o qədər də ciddi təsir göstərə bilməzdi...

Onların vuruşduğu səmtə iki düşmən tankı yaxınlaşırdı. Vəziyyət qəti qərar qəbul etməyi tələb edirdi. Qərar qəbul olunaraq vaxtında icra olundu. Düşmən tankları məhv edildi...

Mövqe qələbəsi qazanıldı...

Baş leytenant Gülməmməd Rzazadə hiss etdi ki, düşmən sol cinahda fəallaşıb. Az sonra düşmən PDM-i vuruldu. Getdikcə təhlükə də artırdı. Bir az cəldlik, bir az peşəkarlıq bu təhlükəni sovuşdurdu. Düşmən xeyli itki verdi...

Gülməmmədin tabeliyində xidmət edən gizir Urfan Məmmədli şəhid oldu...

Oktyabrın 9-u idi. Gərgin döyüş gedirdi. Suqovuşan görünürdü. Suqovuşana qovuşduracaq döyüş idi. Baş leytenant Gülməmməd Rzazadə sağ ayağından qəlpə yarası aldı. Özü sarıdı. Yarasını sarıdığı müddətdə döyüşçülər bir qədər irəliləmişdilər. Gözucu döyüşçülərinə sarı boylandı. Döyüşün gedişindən hiss etdi ki, tələfat yoxdu. Döyüş əzminin, qələbə ruhunun zəmanəti ilə döyüşü davam etdirdi...

Oktyabrın 14-də düşməndən təmizləməli olduqları yüksəkliyin sağ cinahına çatmaqdaydılar. Daha etibarlı, daha təhlükəsiz mövqeyə çatmaq üçün qruplarla 120-130 metrlik məsafəni sürünə-sürünə getdilər.  Döyüş başladı...

Yaxınlıqlarına bir-birindən beş-altı addım aralı iki mərmi düşdü. Gülməmməd Rzazadə sağ ayağından yenidən qəlpə yarası aldı, belinə və üzünə də xırda ölçülü qəlpələr dəydi. Hiss edirdi ki, getdikcə huşunu itirir. Baş leytenant Elnur Dünyamalıyev onu döyüşün içindən çıxartmaq istədi. Gülməmməd etirazını bildirdi: “Özüm bir yana çıxaram. Sən döyüşü davam etdir...”

Onu döyüşün içindən atəş altında çıxartdılar...

Suqovuşanın azad edilməsində sonacan mərdliklə döyüşdü. Hərbi hissənin komandiri döyüşdə fərqlənənlər sırasında bu bölmənin də şəxsi heyətinə, komandirinə təşəkkür elan etdi. Müharibədə ən böyük təşəkkür qələbədir. Qələbə qazanılıbsa, hər döyüşçü özünü təşəkkür almış hesab edir; taborun şəxsi heyəti qələbə ovqatı ilə növbəti döyüşlərə qoşulmağın intizarındaydı...

Nə kapitan Gülməmməd Rzazadə, nə də "Rza baba" deyənlər bu çağırışın özünü, səbəbini heç zaman unutmayacaqlar...

..."Noyabrın 8-i gecəsi ömrümüzün ən gözəl gecəsi oldu. Vətən müharibəsində qələbə qazandıq. Şuşa işğaldan azad edildi. Azərbaycan Ordusu doğma yurdumuzda Ermənistanın işğalçılıq fəaliyyətini sona çatdırdı. Noyabrın 8-i tarixə Zəfər yazdı. Qürurlanırıq ki, Vətən müharibəsində biz də iştirak etmişik..."...

Kapitan Gülməmməd Rzazadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib...

"Ən böyük təşəkkürümüz qazandığımız qələbədir", - kapitan Gülməmməd Rzazadə həmişə fəxrlə belə deyir...

 

Ceyhun CƏFƏRLİ  "Azərbaycan Ordusu"