Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2021 11:32

Vətən uğrunda şəhid olan övladların dastana dönən ömrü

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarını tanımaq və tanıtdırmaq məqsədilə "Şəhidlər ölməz, Vətən bölünməz!" adlı silsilə tədbirlər çərçivəsində İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fəxri Elmir oğlu Qəribzadənin və "Azərbaycan Bayrağı" ordenli gizir Xudayar Müslüm oğlu Yusifzadənin anım günü keçirildi. Anım günündə Müdafiə Nazirliyinin zabitləri, şəhidlərin ailə üzvləri və yaxınları, qazilər,  ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak etdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. 

1994-cü ildə Bərdə rayonunda anadan olan Fəxri Qəribzadə müddətli hərbi xidmətini başa vurduqdan sonra ordu sıralarında qalaraq şərəfli xidmətini davam etdirib. Sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatlarında iştirak edib. Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə əsgər Qəribzadə Fəxri Elmir oğlu ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Döyüşlər zamanı zümzümə etdiyi "Vətən yaxşıdır" mahnısı ilə özünü hər kəsə sevdirərək dastana dönən gizir Xudayar Yusifzadə də 1998-ci ildə Bərdə rayonunda anadan olub. Evin sonbeşiyi olan Xudayar kiçik yaşlarından atasını itirib. Gizir Xudayar Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Kiçik yaşlarından mahnıları həvəslə ifa edib. Xudayarın atası da qarmon ustası olub. İncəsənətlə yanaşı  idmanla da məşğul olan Xudayar 2012-2018-ci illərdə ölkədaxili və beynəlxalq idman yarışlarında bacarığı ilə fərqlənib. 2016-2018-ci illərdə Dövlət Təhlükəsizlik Xidmətinin "N" hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Ötən il sentyabrın 27-də düşmən təxribatlarının qarşısını almaq və ərazi bütövlüyümüzü təmin etmək üçün  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan "Dəmir yumruq" əks-hücum əməliyyatlarında iştirak edib. 2020-ci il oktyabrın 22-də Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhid olub. Vətən müharibəsində göstərdiyi igidliyə və şücaətə görə Xudayar Yusifzadə ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Anım mərasimində çıxış edən mayor Fikrət Səmədov bildirdi ki, ölkəmizin ərazi bütövlüyü uğrunda vuruşaraq canlarından keçən şəhidlər heç zaman unudulmur, onların xatirəsi daim əziz tutulur. "Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizi, onların keçdiyi döyüş yolunu, qəhrəmanlıqlarını tanımalı və tanıtmalıdır. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur. Azərbaycanın böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsi əsgər və zabitlərimizin yüksək döyüş əzminin, Vətənə bağlılığının, Vətən sevgisinin nəticəsində oldu. Xalqımızın tarixin bu sınağından alnıaçıq, üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz sonsuz Vətən sevgisi idi. Torpağa bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunan torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı".

Çıxışını davam etdirən zabit bu müqəddəs yolda canlarından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir dilədi. 

Şəhid anaları Radə xanım və Mehparə xanım çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə bütün şəhid anaları adından minnətdarlıqlarını bildirdilər. Məğrur duruşlu analar  kövrək hisslərin ağuşunda övladlarının uşaqlığından, dastana dönən döyüş yolundan qürurla danışdılar. Hər iki şəhidin cəsarətindən, Vətən sevgilərindən, Vətənə bağlılıqlarından ürəkdolusu söz açdılar. "30 ilə yaxındır işğalda olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə öz qəhrəmanlıqları ilə dastana dönən bütün igidlərə Allahdan rəhmət diləyirik. Biz başımızı dik tutmalıyıq, çünki şəhid analarıyıq. Övladlarımız ölməyiblər, onlar Vətən uğrunda canlarını qurban verərək, ən uca zirvə olan şəhidlik məqamına yüksəliblər, dastana dönüblər. Bu müqəddəs yolda sağlamlıqlarını itirən qazilərimizə şəfa arzulayırıq. Tədbirin  təşkilatçılarına və iştirakçılarına təşəkkürümüzü bildiririk".

Şəhidlər Fəxri Qəribzadənin və Xudayar Yusifzadənin əziz xatirəsinə həsr edilən videoçarxlar nümayiş olundu.

Çıxış edən digər qonaqlar Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, döyüşlərdə Azərbaycan əsgərinin göstərdiyi qəhrəmanlıq və igidlik nümunələrindən danışdılar. 2020-ci ilin ölkəmiz üçün qələbə ili kimi tarixləşdiyini və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, xalqımızın birliyi və rəşadətli ordumuzun gücü sayəsində azad olunduğunu bildirdilər. Həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olanların ailələrinin və döyüşlərdə sağlamlığını itirənlərin daim dövlətimiz tərəfindən diqqət mərkəzində olduqlarını vurğuladılar. 

Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistlərinin ifasında "Xudayar təsnifi"nin və vətənpərvərliyi tərənnüm edən mahnıların səsləndirilməsi ilə başa çatdı. 

 

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"