Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

18 Dekabr 2021 11:27

Örnək ömür bəşəri ömürdür

Vətənpərvərlik torpağını sevmək, Vətən uğrunda canından keçmək, xalqını, millətini qorumaq, bayrağını uca tutmaqdır. Vətən təkcə üzərində gəzdiyin torpaq deyil, mənəm, sənsən, bizik Ana Vətən. Ana deyəndə Vətən, Vətən deyənda ana yada düşür. Səməd Vurğunun təbirincə desək "Bir anam sən, biri Vətən". Qəlbində Vətən sevgisini, torpağa bağlılıq hisslərini daşıyanlar Vətən torpağının hər qarışı üçün canlarından keçdilər. Qurani-Kərimdəki şəhidlik haqqında ayələrdə deyilir ki, "şəhid olanlara "ölü" deməyin. Əksinə, onlar Allah dərgahında diridirlər". Bəli, Vətən uğrunda canından keçənlər ölümsüzdürlər. Çünki onlar Vətəni sevərək yaşayıb, sevərək şəhid oldular. Səməd Vurğunun misralarında dediyi kimi:

Əbədi bir nəğmətək qalacaqdır dünyada

Sevərək yaşayanlar, sevilərək ölənlər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "...Biz bu qələbəyə görə onlara borcluyuq. Onlar torpaqlarımızı işğalçılardan qarış-qarış azad edib, onlar bizim bayrağımızı işğal edilmiş və iğaldan azad edilmiş torpaqlarda qaldırıb, bayrağımızı orada dalğalandırıb. Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır" fikri hamımızın yaddaşındadı. Xalqımızın şəhidliyə, şəhidlərə ehtiramı həmişə olub, indi də var. Şəhidlər xiyabanları hamımızın silinməz nisgili, fəxarət yeridir. Ali Baş Komandanın dediyi kimi biz bu qələbəyə görə onlara borcluyuq.

Qələbəyə aparan yolların işığı vətənpərvər gəncliyin Vətən sevgisi oldu. Necə ki, tarixən vətənsevərlər torpağa bağlılığı, azərbaycançılıq ideologiyasını, Azərbaycan dilini, mədəniyyətini, ədəbiyyatını, milli-mənəvi dəyərlərini, adət-ənənələrini məsuliyyətlə yaşadaraq gələcək nəsillərə ərmağan etmiş, döyüş ruhunu aşılamışdılar. Azərbaycançılıq ideologiyası hər gəncin qəlbinin dərinliklərinə, düşüncələrinə hakim kəsilmişdi.  Böyük tarixi şəxsiyyət Heydər Əliyev azərbaycançılığı müstəqil Azərbaycan dövlətini möhkəmləndirmək vasitəsi kimi dəyərləndirərək deyirdi: "Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq". Ümummilli Liderin sözlərini həyat amalı bilənlər Vətən, torpaq uğrunda döyüşlərə atılaraq torpaqlarımızı işğaldan azad etdilər. Ömrünü xalqı üçün, milləti üçün yaşayanların Vətən sevgisi hər kəsə örnək oldu. Şəhidlərimiz də belə bir ömür yaşadı. Yaşadıqları kimi də qəlblərdə yaşayacaq, heç zaman unudulmayacaqlar. Onlar tarix boyu əsgərlərimizin mənəvi komandirləri, xalqın unudulmaz qəhrəmanları, əsl vətəndaşlıq nümunəsi kimi Azərbaycan ictimaiyyəti üçün azərbaycançılıq, mənəviyyat və kamillik məktəbi olacaqlar. Bu məktəbin gələcək nəsillərin vətənpərvərlik tərbiyəsinin formalaşmasında, dövlətə, dövlətçiliyə sədaqət hisslərinin mətinləşməsində ictimai əhəmiyyəti böyükdür. Vətən müharibəsində qazanılan Zəfər vətənpərvərlik tərbiyəsinin respublikamızda əhəmiyyətli dərəcədə təbliğ olunduğunun göstəricisi idi.  

Azərbaycanın Milli Qəhrəmanları Mübarizin, Çingizin igidliyi Vətən müharibəsindən öncə hamıya bəlli idi. Ordu sıralarına çağırılan hər bir əsgər Mübarizləşmək, Çingizləşmək istəyirdi. Vətən müharibəsi başlayanda düşmən tək Mübarizin, Çingizin yox, minlərlə Mübarizlərin, Çingizlərin gəldiyini görəndə qorxuya düşdü. Bu qorxu məğlubiyyətin başlanğıcı oldu. Vətən müharibəsində Azərbaycan Ordusunun mərdliklə döyüşməsi də, şəhidliyi də  vətənpərvərlik idi.

Çağdaş gəncliyimiz də vətənpərvərliyi Vətən müharibəsində tarix yazanların həyat və döyüş yolundan öyrənəcək... Ömrünü xalqı, milləti üçün yaşayanların Vətən sevgisi, döyüş yolu öyrəniləcək, öyrənildikcə ucalacaq, ucaldıqca ruhun şad olsun Azərbaycan şəhidi deyiləcək.

 

Nərgiz HÜSEYNOVA Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi