Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2021 09:14

Yüksək fiziki hazırlıq - yüksək döyüş qabiliyyəti deməkdir

Ölkəmizdə hər zaman olduğu kimi, bu gün də idmana ciddi fikir verilir. İdmanın bütün növləri üzrə tanınan Azərbaycan təmsilçiləri var. Bu onun göstəricisidir ki, fiziki hazırlıq həyatımızı əhatə edən əsas amillərdəndir. Mütəmadi olaraq ölkəmizdə beynəlxalq idman yarışları keçirilir. "Odlar Yurdu" kimi tanınan Azərbaycan indi idman ölkəsi kimi də tanınır.
Ali Baş Komandan İlham Əliyev çıxışlarının birində "Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman nəticələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət proqramlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfindən də yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər. Ən əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviliyi təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin artır, biz bunu görürük, izləyirik", - deyib. Beynəlxalq yarışlarda idmançılarımızın saysız qızıl medal qazanaraq, bayrağımızı ucaltmaları Ali Baş Komandanın fikrinin təsdiqidir.
Azərbaycan Ordusunda da əsgər və zabitlərin fiziki hazırlığı əsas göstəricilərdən sayılır. Şəxsi heyətin fiziki göstəricilərinin artırılması rəhbərliyin daim nəzərində saxlanılır. Hərbi hissələrdə təmir olunan və yeni salınan idman şəhərcikləri idmana nə qədər önəm verildiyini göstərir. Senytabrın 27-də başlayan Vətən müharibəsi zamanı gedən döyüşlərdə hərbçilərimiz fiziki gücə yüksək dərəcədə malik olduqlarını göstərdilər.
"N" hərbi hissəsində leytenant Sarı Kahyayev şəxsi heyətlə idman şəhərciyində idi. Gənc zabitin nəzarəti altında əsgərlər fiziki hazırlıqlarını artırırdılar. İdman qurğularında məşq edəndən sonra onlar qısa məsafəyə qaçış və digər idman çalışmalarını yerinə yetirdilər.
Məşğələ rəhbəri leytenant Sarı Kahyayev əsgərlərin hərbi xidmətdən əvvəl idmanla fəal məşğul olmalarının müsbət hal olduğunu bildirdi. "Xalqımız döyüşkən, güclü və iradəli xalqdır. Əsgərlərimizin də əksəriyyəti kiçik yaşlarından idmanla məşğul olublar. Güləşlə, boksla, futbolla və digər idman növləri ilə məşğul olan əsgərlər var. Hərbi xidmətə gəlməzdən öncə bəzilərinin hətta yüksək nailiyyətləti var. Biz də öz növbəmizdə çalışırıq ki, onlara şərait yaradaq, idman fəaliyyətlərini davam etdirsinlər. Onların gələcəkdə ölkəmizə daha çox qızıl medallar qazandıracaqlarına inanıram. Ali Baş Komandanın, Müdafiə nazirinin və bütün rəhbər heyətin qayğısı nəticəsində bu gün bizim həm idman qurğuları ilə təchiz olunan idman şəhərciyimiz, həm futbol meydançamız, həm də stolüstü tenis oynamaq imkanımız var. Əsgərlər də çalışırlar ki, bu şəraitdən səmərəli istifadə etsinlər", - deyərək gənc zabit fikrini bildirdi. Fiziki hazırlığın birbaşa döyüş qabiliyyətinə təsiri olduğunu da vurğuladı.
Goranboy rayon Əlimmədli kəndindən olan əsgər Elvin Səfərov müddətli həqiqi hərbi xidmətə çağırılmazdan əvvəl 5 il yunan-Roma güləşi ilə məşğul olub. 2016-cı ildə Respublika birinciliyinə çıxaraq qızıl medala sahib olub.
"Təbii ki, bir gənc əsgərliyə gəldikdə artıq fiziki cəhətdən möhkəm olmalıdır. Burada yaradılan şərait bizə formamızı yüksək səviyyədə saxlamağımıza yardımçı olur. Fiziki hazırlıq məşğələlərindən əlavə asudə vaxtımızda da əsgər yoldaşlarımızla idman şəhərciyində göstəricilərimizi mükəmməlləşdiririk. Onu da qeyd etmək istəyirəm ki, Azərbaycan əsgəri bütün dünyaya sübüt etdi ki, bizim güclü ordumuz var. Ali Baş Komandanın ordu quruculuğunda apardığı siyasət öz bəhrəsini verdi. Rəşadətli ordumuz cəmi 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa edib, Zəfər qazandı. Xalqımız hər zaman Ali Baş Komandana, ordumuza inanırdı. Və ordumuz bu inamı doğrultdu, - deyə əsgər bildirdi.
Əsgər yoldaşları Fərid Əzizov, Loğman Alşanov, Fərid Abdurəhmanov və başqaları da Elvinin fikirlərinə şərik oldular. Hərbi hissədə əsgər və zabitlərin idmanla məşğul olmaları üçün hər bir şərait qurulduğunu, onların fiziki hazırlıq məşğələlərinə böyük həvəs və maraqla qatıldıqlarını söylədilər.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR