Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2021 09:11

“Vətənə gərəkdirsə, barmaqlar tətikdən üzülməyəcək”

İsmayıl Qabilov 1983-cü ildə Kəlbəcər rayonunun Mozqaracanlı kəndində anadan olmuşdu. Uşaqlığından qaçqın taleyi yaşamışdı. Xəyalında uşaqlığının beşiyi olan, çölünü-düzünü, çəmənini-çiçəyini doyunca görmədiyi Kəlbəcər vardı, qəlbində könül tutumunca  görmədiyi Kəlbəcərə sevgi vardı, ruhundan Kəlbəcərə gedən yollar vardı. Bu yolu Azərbaycan əsgərinin açacağını bilirdi. Böyüdükcə o əsgərlərin sırasında olmağı arzulayırdı. Bu arzunun müqəddəsliyini düşüncələrində yaşada-yaşada yaşa dolurdu...
Orta məktəbi Gəncədə bitirdi. Hərbi xidmətə çağırıldı. Hərbi xidmətə xəyalında yaşatdıqlarına gedirmiş kimi getdi. Hərbi and içəndə Vətənə sədaqətli olacağını o da demişdi. Heç kimə deməmişdi ki, Kəlbəcərə gedəcəyimə də and içmişəm...
Hərbi xidmət də başa çatdı. O da hərbi xidmətdə döyüş əmrinin verilməsini arzuladı - o da Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Bir dəfə komandirindən "Komandir, döyüşlər biz tərxis edildikdən sonra başlasa, biz də döyüşlərə gedə bilərikmi?" - soruşmuşdu. Komandiri əsgərin istəyini səmimi təbəssümlə dəyərləndirmişdi...
İsmayıl Qabilov xidmətini davam etdirirdi. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi.
Muğamlarımızı sevirdi İsmayıl. "Hər muğamın özünəməxsus aşıladığı duyğular var. Mən indi zərb muğamlarımızı daha çox oxuyuram. Ali Baş Komandanımızın döyüş əmri verəndə bizi döyüşlərə o muğamlarımız aparacaq..." - deyirdi...
Vətən müharibəsi başladı. İsmayıl Qabilov da döyüşürdü. Kəlbəcər istiqamətində gedən bu döyüşlərdə düşmən inadla geri çəkilmək istəmirdi. Azərbaycan əsgəri düşmən səddini bu istiqamətdən də darmadağın etdi. İsmayıl da mərdliklə, qətiyyətlə döyüşmüşdü. Döyüşə-döyüşə Kəlbəcərə yaxınlaşırdılar. İsmayıla elə gəlirdi ki, hər atılan güllə onu da, bütün kəlbəcərliləri də o gözəl günə yaxınlaşdırır...
İsmayıl Qabilov o gözəl günü görə bilmədi. Şəhid oldu İsmayıl. "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edildi. Gəncədə, Göygöl Şəhidlər xiyabanında dəfn edildi...
Şəhid İsmayıl Qabilovun anım günündə şəhidin ailə üzvləri, Kəlbəcər rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə rayon şöbəsinin nümayəndələri, qazilər, məktəblilər, şəhər ictimaiyyəti iştirak etdilər.
Kəlbəcər rayon İcra Hakimiyyətinin əməkdaşı Heydər Bağırov çıxış edərək İsmayıl Qabilovun döyüş yolundan danışaraq qeyd etdi ki, Vətən müharibəsi tarixi müharibə idi. "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqa müraciətində dedi: "Biz haqlıyıq, biz öz torpağımızda vuruşuruq, öz torpağımızda şəhidlər veririk. Bizim savaşımız müqəddəs savaşdır!". Bu döyüşlər xalqımızın ruhunun döyüşləri idi və Azərbaycan Ordusu böyük Zəfər qazandı. Biz Zəfərin qazanılması naminə şəhid olanları heç zaman unutmayacağıq. İsmayıl Qabilovu da".
Şəhid Anar Əliyevin atası Vaqif Əliyev çıxışında şəhidlərin Vətən sevgisindən, dövlətə, dövlətçiliyə sədaqətindən söz açdı. "Atalar oğullarını Vətənə sevgi ruhunda böyüdür. Vətənə gərək olanda oğulların barmağı tətik sıxmalıdı. Döyüşlərdə qələbə naminə döyüşənlərin hər biri Vətənə övladlıq borcunu yerinə yetirir...". Şəhid atası çıxışını "Şəhidlərə ehtirama görə dövlət başçısına, rayonun rəhbərliyinə minnətdarıq..." kəlmələriylə bitirdi.
Digər çıxış edənlər də eyni məzmunlu fikirlər dedilər.
İnanırıq ki, şəhidin övladları Canəli və Səba atalarının döyüş yolunu ömürlərinə düşən işıq bilərək böyüyəcəklər...
 
Mübariz MUSAYEV "Azərbaycan Ordusu"