Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Dekabr 2021 09:08

Vətən çağırışına səs verən əsgər

Şəhidlik ən uca zirvə, torpaq uğrunda candan keçməkdir. Vətən, torpaq kimi müqəddəs məfhumlar qarşısında hər kəsin borcu boya-başa çatdığı doğma yurdu qorumaqdır. Müqəddəs "Qurani Kərim"də də deyilir ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Son dövr tariximizə nəzər salsaq görərik ki, minlərlə Vətən övladı şəhidlik zirvəsinə yüksəlib. İstər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində minlərlə igid oğullarımız torpaqlarımız uğrunda canlarını qurban verdi. Hər birinin ömrü qəhrəmanlıq dastanıdır...
Vətənin harayına tələsən, çağırışına səs verən, şəhidliyi alın yazısı seçən mərd oğullarımızdan biri də  əsgər Hüseyn Mirzəyevdir.  Azərbaycan Ordusunun   19 yaşlı əsgəri şərəfli döyüş yolu keçərək, Vətənə sevgisi, düşmənə sonsuz nifrəti ilə torpaqlarımızın azadlığı uğrunda döyüşdü. Döyüşdükcə ruhlandı, ruhlandıqca düşmən üzərinə şığıdı. Düşməni qorxuya salan minlərlə oğuldan biriydi Hüseyn.
Mirzəyev Hüseyn Elsevər oğlu 2001-ci il sentyabrın 19-da Gəncə şəhərində dünyaya göz açıb. Gəncə şəhər 46 nömrəli tam orta məktəbi bitirib. 2019-cu ildə həqiqi hərbi xidmətə çağırılır.
Hələ kiçik yaşlarından idmanla məşğul olan Hüseyn respublikamızda  öz yaşıdları arasında keçirilən kikboksinq yarışlarında iştirak edir və dəfələrlə qalib olaraq mükafatlandırılır. Onun idmanla mütəmadi məşğul olması hərbi xidmətdə üstünlüklərini daha da artırır. Hərbi hissənin kəşfiyyat bölüyündə xidmət edir.
Vətənə övladlıq borcunu şərəflə yerinə yetirən Hüseyn ilkin hərbi vərdişlərə dərindən yiyələnir, bütün hazırlıqlarını qısa müddətdə ən yüksək səviyyədə artırır. Keçirilən dərslərdə, təlimlərdə bacarıqlı, nümunəvi əsgər kimi xidmətdə fərqlənir. Silahların taktiki-texniki xüsusiyyətlərini öyrənir, onlardan istifadə bacarığı, əzmli, iradəli bir əsgər kimi daim öz üzərində çalışması komandirlərinin diqqətini çəkir. Azərbaycan Ordusunun əsgəri Hüseyn Hərbi andı qəbul edərək müqəddəs üçrəngli Azərbaycan Bayrağına and içir.
Vətən çağırışına ilk səs verən əsgərlərin sırasında Hüseyn gərgin döyüşlərin getdiyi Füzuli bölgəsinə cəsur kəşfiyyatçı kimi göndərilir. Azərbaycan Ordusunun vətənpərvər, qorxmaz, cəsur əsgəri Hüseyn Mirzəyev Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə vuruşur. O, 13 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndi istiqamətində düşmən üzərinə növbəti hücuma keçərkən şəhid olur. Hüseyn sonuncu    dəfə oktyabrın 12-də ailəsi ilə danışsa da, sonradan onunla heç bir əlaqə yaratmaq mümkün olmur. Ailəsi sentyabrın 21-də Hüseynin şəhid olması xəbərini alır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgər Hüseyn Mirzəyev dekabrın 22-də Gəncədə Şəhidlər xiyabanında torpağa tapşırılır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, əsgər Mirzəyev Hüseyn Elsevər oğlu "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunur.
Gəncə şəhərində bir ünvan var. Hüseynin boya-başa çatdığı bir  həyət. İndi o həyətdə hər kəs Hüseynin şəhidliyindən danışır. Cənnətdə ilk ad günü - 20 yaşı qeyd edilən Hüseyndən. Onun fotolardan boylanan təbəssümlü siması bizə qürur və kədər dolu anlar yaşadır. Üzündəki təbəssümlə yaddaşlarda qalan Hüseynin şəkilləri fəxrlə hər yerdə asılıb.
Şəhidin atası Elsevər Mirzəyev Hüseyndən geriyə qalan əşyalarına baxışlarını dikib  danışdı: "Döyüş yoldaşları deyirdi ki, ən ağır, gərgin döyüşlərdə belə onun üzündən gülüş əskik olmurdu, daima nikbin idi. Qarabağ müharibəsi başlayanda orta məktəbdə oxuyurdum. Heç düşünməzdim ki, 30 ildən sonra mənim oğlum Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edəcək, şəhid olacaq. Mən bir şəhid atası kimi oğlumla fəxr edirəm. 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı Hüseyn kimi mərd, qorxmaz oğullar bizə, xalqımıza qaytardı. Hüseyn bu gün tək mənim deyil, bütün Azərbaycan xalqının oğludur".
Şəhidimizdən 3 yaş kiçik olan qardaşı Həsən dedi ki, Hüseyn ona təkcə böyük qardaş deyil, həm də dost  olub. “O, daima nikbin görünürdü. Arxa-dayağım idi. Şəhidlik zirvəsinə ucalmaq hər adama qismət olmur. Qardaşımla fəxr edirəm”.
Şəhidin nənəsi Nazilə Quliyeva kövrələrək danışdı: "Hüseyn torpaqlarımız uğrunda şəhid olub. Şəhidlik uca bir yerdir, hər adam o məqama yüksələ bilməz. Mən də bir nənə kimi fəxr edirəm nəvəmlə. Hüseyn çox ürəkli gənc idi. Qorxmaz idi. Odun üstünə gedərdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yerləri cənnət olsun. Bütün şəhid ailələrinə səbir diləyirəm."
Vətən çağırışına səs verən Hüseynin də dastanlara dönən şəhid ömrü elə təbəssümü, gülüşü ilə də qəlblərə köçüb yaşayır, yaşayacaq.

Lalə HÜSEYNOVA"Azərbaycan Ordusu"
foto Namiq PƏNAHOVUNDUR