Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2021 10:10

“Vətən candan şirindi”

Yolumuz Qubadlıyadı. Xidməti vəzifələrini dağlar qoynunda yerinə yetirən zabit və əsgərlərlə görüşmək üçün sübhdən yola çıxdıq.
Qubadlıya yolumuz Vətən müharibəsi zamanı erməni qəsbkarlarından azad olunan Cəbrayıl və Zəngilan rayonlarından keçirdi. Yolboyu erməni vandallarının şəhər və kəndlərimizi necə vəhşicəsinə dağıtdığını görəndə dəhşətə gəldik. Dəhşətimizi qəzəb, nifrət əvəz etdi. İşğalçıların torpaqlarımızdan qovulmasının sevincini yaşadıq.
Düşüncələr ağuşunda artilleriyaçıların yerləşdiyi mövqeyə çatdıq. Belə gözəl diyarda, doğma Qubadlıda xidmət etdiklərinə görə zabit və əsgərlərin üzü gülürdü. Hiss olunurdu ki, onlar qalib ölkənin qalib hərbçiləridir. "Şəxsi heyətin ovqatı da olduqca yüksəkdir", - deyərək sözə başlayan Vətən müharibəsi iştirakçısı baş leytenant Tural Quliyev 20 avqust 1994-cü ildə Beyləqan rayonunun Mil qəsəbəsində anadan olub. Orta təhsilini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Artilleriyaçı ixtisasına yiyələnib. 2017-ci ildə hərbi təhsilini başa vuran Tural Quliyev "N" hərbi hissəsində taqım komandiri vəzifəsində xidmətə başlayıb. Keçirilən təlim-məşqlərdə daim döyüş hazırlığını, təcrübə və səriştəsini artırıb. Bacarıqlı zabit düşmən təxribatı nəticəsində başlanan Vətən müharibəsində fəal iştirak edib.
- Erməni işğalçıları mövqelərimizi səhər ertədən atəşə tutdular, - deyə baş leytenant keçdiyi döyüş yolundan qısaca söhbət açdı. - Ali Baş Komandanın əmri ilə əks-hücum əməliyyatı başladı. Füzuli rayonunun ərazilərini işğaldan azad etmək üçün döyüşlərə atıldıq. Yağılar bu istiqamətdə ciddi müqavimət göstərir, geri çəkilmirdilər. Hiss olunurdu ki, düşmən ötən illər ərzində burada möhkəm sədlər qurub. Amma nəyin bahasına olursa-olsun, torpaqlarımızı işğaldan azad etməliydik. Ermənilərin keçilməz hesab etdikləri mövqeləri keçməliydik. Buna görə də hücumlarımızı gücləndirib ermənilərin bütün mövqelərini darmadağın etdik. Nə qədər cəhd göstərsələr də, onlar artilleriya atəşlərindən yayına bilmədilər. Təəssüflər olsun ki, Füzuli rayonunun Arayatlı kəndi uğrunda gedən döyüşdə yaralandım, bir müddət döyüşlərdə iştirak edə bilmədim. Lakin sağaldıqdan sonra yenə də döyüşə - şəxsi heyətin yanına qayıtdım.
Şəxsi heyətlə söhbətimiz zamanı öyrənirik ki, baş leytenant Tural Quliyev savaşda böyük hünər və cəsarətlə vuruşub. Onun istiqamət verdiyi mərmilərin heç biri hədəfdən yayınmayıb. Getdikcə zəifləyən düşmən ordumuzun gücü və qüdrəti qarşısında dayana bilməyib geri çəkilib. Vətən övladı Azərbaycan Ordusunun zabiti kimi üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.
İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə və cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə baş leytenant Quliyev Tural Adil oğlu "Qarabağ" ordeninə, həmçinin "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
Torpaqlarımız azad ediləcəkdi, illər uzunu bunu düşmən də bilirdi. Azərbaycan xalqının iradəsini, Ali Baş Komandanın qətiyyətini görürdü. Bütün bunları görən, müharibənin qaçınılmaz olduğunu bilən düşmən 30 ilə yaxın mühəndis-istehkamlarını gücləndirməklə məşğul idi. Ali Baş Komandan İlham Əliyev oktyabrın 17-də xalqa müraciətində dedi: "30 il ərzində düşmən təmas xəttində o qədər möhkəm istehkam qurmuşdur ki, bəziləri hesab edirdi ki, Füzuli şəhərini işğaldan azad etmək mümkün deyil. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini götürmək, onu işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq və bu əməliyyat uğurla nəticələnəcək-nəticələnməyəcək hələ böyük sual altında idi. Ancaq müzəffər Azərbaycan Ordusu bu şərəfli missiyanın öhdəsindən gələ bildi və qısa müddət ərzində Füzuli rayonunun əksər kəndləri və Füzuli şəhəri düşmənin tapdağından azad edildi".  Tural və onun timsalında Vətəni candan çox sevən oğullar Qələbə şüarları ilə torpaqlarımızı azad etdi. Yaralansalar da, "Vətən candan şirindi" deyib torpaq həsrətinə son qoydular.  
Baş leytenant Tural Quliyev bu gün yenə də yüksək ovqatla xidmətini davam etdirir. İnanırıq ki, bacarıqlı gənc zabiti qarşıda yeni-yeni uğurlar gözləyir.  

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"