Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2021 10:04

Şanlı Qələbəmizə həsr olunan Zəfər paradından bir il ötdü

Ötən il dekabrın 10-da paytaxt Bakının Azadlıq meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Qələbəyə həsr olunan ilk Zəfər paradı keçirildi.
Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistan üzərində parlaq qələbə qazanaraq düşməni məğlub etdi. İşğala son qoydu. Cəsur döyüşçülərin mətin addımlarla irəliləməsi nəticəsində hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri düşməni darmadağın edərək, tarixi ədaləti bərpa etdi.
Hərbi parad Vətən müharibəsində qazanılan Qələbə xalqımızın sevincinin göstəricisi olmaqla yanaşı, ordumuzun güc və qüdrətinin bütün dünyaya nümayişi oldu.
Keçirilən Zəfər paradında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci vitse-prezident  Mehriban Əliyeva, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev paraddakı çıxışında deyib: "...Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi. Ermənistan ordusu demək olar ki, yoxdur, məhv edilib. Bundan sonra əgər erməni faşizmi bir daha baş qaldırsa, nəticə eyni olacaq. Yenə Azərbaycanın dəmir yumruğu onların belini qıracaq".
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəfər paradındakı çıxışında hər zaman azərbaycanlı qardaşlarının yanında olduğunu bildirib: "Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin "Bir millət, iki dövlət" şüarını rəhbər tutduq. Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı 30 il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq".
Paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, həmçinin silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər nümayiş olundu.  Həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu.
Silahlı Qüvvələrimizin şəxsi heyəti Azərbaycan Respublikasının Dövlət Bayrağı və şanlı hərb tariximizə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsinin Zəfər bayrağı altında tribunaya doğru irəlilədi. Dövlət bayrağı və Zəfər bayrağının ardınca Azərbaycan Ordusunun qoşun növlərinin bayraqları Azadlıq meydanına gətirildi. Bu möhtəşəm mənzərə hər bir Azərbaycan vətəndaşında və hər bir azərbaycanlıda qürur hissi oyatdı.
27 sentyabr tarixindən başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan misilsiz hərbi nailiyyət oldu. Azərbaycan xalqının tarixinin ən şanlı səhifələrindən birini yaradan Zəfər paradı qüdrətimizi bütün dünyaya bir daha nümayiş etdirdi.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"