Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Dekabr 2021 09:57

Döyüş və mənəvi-psixoloji hazırlığımız yüksəkdir

İlk tank əleyhinə silahlar döyüş səhnəsində Birinci Dünya müharibəsi zamanı görünüblər. Həmin dövrdən günümüzədək tank əleyhinə silahlar zirehdələn tüfəngdən idarəolunan raket komplekslərinə qədər inkişaf yolu keçib. Təbii ki, bu silahların rəqibləri olan bütün hərbi təyinatlı avtomobillər və zirehli tank texnikaları da müasirləşib. Məhz buna görə də klassik müharibələr yerini müasir taktika ilə yeni nəsil silahlara buraxır. Bir məqamı da unutmayaq ki, müharibə taktikaları, silahlar və müdafiə vasitələri dəyişsə də, mərmi ilə zireh arasındakı qarşıdurma dəyişməz olaraq qalır. 44 günlük Vətən müharibəsində bunun şahidi olduq.
Müharibədə Azərbaycan Ordusu yüksək peşəkarlıqla müasir silah sistemlərini tətbiq edərək qalib gəldi. Hərtərəfli düşünülən fəaliyyətlərlə yerinə yetirilən döyüş tapşırıqları nəticəsində düşmən üzərində inamlı Qələbə qazandıq. Təbii ki, Qələbənin qazanılmasında  Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə bərabər, tank əleyhinə bölmələrindən döyüşlərə cəlb edilən heyətlər də düşmənin canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi tapşırıqlarını peşəkarlıqla yerinə yetirdilər.
Döyüşlərdə iştirak edən baş leytenant Pərvin Tağızadə, gizir Abasət Mirzəyev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular kiçik çavuş Elnur Məmmədov, kiçik çavuş Məmməd Dünyamalıyev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Nurəddin Nəbiyev müxtəlif adda təltiflərə layiq görülüblər. Müharibədə yaralanaraq ehtiyata buraxılan  əsgər Nurəddin Nəbiyevdən başqa döyüşlərdə iştirak edən digər hərbi qulluqçular hazırda xidmətlərini davam etdirir və qazandıqları döyüş təcrübəsini gənclərə öyrədir, müharibə xatirələrindən danışırlar.
"Təlimdə tər, döyüşdə zəfər" prinsipi ilə keçirilən təlimlərdə Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələri peşəkarlaşaraq döyüşlər zamanı düşmən texnikalarının dəqiqliklə məhv edilməsi tapşırıqlarını uğurla yerinə yetirdilər. Döyüş atışlı təlimlərdə, məşğələ və ixtisas toplantılarında əldə edilən nailiyyətlər özünü Vətən müharibəsində doğruldaraq Qələbənin qazanılmasında mühüm rol oynadı.
Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə bölmələrində şəxsi heyətin mənəvi-psixoloji, fiziki və döyüş hazırlığının yüksək səviyyədə olması işi də daima diqqətdə saxlanılır. Bölmələrdən birində xidmət edən zabitlərdən Ruzi Əsgərov, Mahir Fərzəliyev, Ramal Hüseynov və Telman Niftəliyev hərbi hissədə nümunəvi xidmət üçün yaradılan şəraitdən və keçirilən təlimlərdən qürurla danışdılar. Zabitlərimiz həm də ona görə qürurlu idilər ki, onların hərbi hissəsindən döyüşlərdə iştirak edən tank əleyhinə heyət düşmənin canlı qüvvəsini və hərbi texnikalarını tank əleyhinə idarəolunan raket kompleksləri ilə məhv edib. Zabitlər onu da qeyd etdilər ki, döyüşlərdə heyətin köməyinə peşəkarlıqları ilə yanaşı, sürətli manevr edərək istənilən hava şəraitində düşmənin hərəkətsiz və hərəkətdə olan tank və digər zirehli texnikalarını məhv etmək imkanına malik qabaqcıl texnologiyalı silah sistemləri də çatıb. Bu tank əleyhinə idarəolunan raket kompleksləri ilə düşmən qurğularına səmərəli atəş açmaq, kəşfiyyat xarakterli fəaliyyətlər yerinə yetirmək və yerüstü müşahidə məntəqələrindən müşahidə edilməyən hədəfləri məhv etmək mümkündür. Bu gün də döyüşdə qazanılan təcrübədən bəhrələnərək şəxsi heyətə müasir silah sistemlərindən istifadə bacarıqları aşılanır.
Bir neçə gün əvvəl "Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı"na əsasən Əlahiddə Ümumqoşun Ordunun artilleriya, reaktiv, minaatan və tank əleyhinə batareyaları ilə keçirilən döyüş atışlı taktiki təlimlərdə bölmələrin uzlaşmasına və səhra vərdişlərinin yüksəldilməsinə, taktiki və atəşlə manevrinə geniş yer verilib. "Düşmənin qəfil hücumunun dəf edilməsi və müdafiənin əlverişli hədlər üzrə bərpası zamanı artilleriya bölmələrinin fəaliyyəti" mövzusunda keçirilən təlimlərdə isə tank təhlükəli istiqamətdə tank əleyhinə batareyalar və düzünə tuşlamaya çıxarılan toplar şərti düşmənin zirehli texnikalarını sıradan çıxarıb.
Əlahiddə Ümumqoşun Ordunun tank əleyhinə batareyaları ilə praktiki atışlardan öncə Naxçıvan Qarnizonunun Simulyasiya mərkəzində xüsusi proqram təminatına malik kompüter və məşq qurğularında müvafiq tapşırıqları icra edib, virtual təlim meydançasında döyüş sursatı və yanacaq sərf etmədən müxtəlif şəraitdə atış və atəşin idarəolunması həyata keçirilib. Təlimlərin sonunda atəş göstəricilərinin dəqiqliyi müqayisə edilib, şəxsi heyətin bilik səviyyəsini müəyyən edən qiymətləndirmə aparılıb və nəticələrə uyğun olaraq bölmələrin fəaliyyəti yüksək qiymətləndirilib.
Təlimlərdə tank əleyhinə bölmələrin əsgərlərindən Rahil Əzizov, İbadət Baxışov, Nicat Nəsibov, Məhəmməd Kərimov, Fərid Ağayev, Baloğlan Qurbanov, Cəlal Bilalov, Vüsal Abdullayev, İsgəndər Muxammatov, Mirəli Əhmədov və İsmayıl İsmayılzadə fərqlənərək döyüş tapşırıqlarını uğurla yerinə yetirib, hədəflərin məhv edilməsində bacarıq nümayiş etdiriblər.
Plana uyğun olaraq Əlahiddə Ümumqoşun Orduda keçirilən "Ən yaxşı tank əleyhinə batareya" adı uğrunda yarışda heyətlərdən fərdi və qrup halında normativlər götürülən zaman verilən tapşırıqları böyük həvəslə icra etmələri yüksək döyüş hazırlığından xəbər verir. Yarışda tank təhlükəli istiqamətdə açılma hədlərinin tutulması, şərti düşmənin hərəkətli və hərəkətsiz hədəflərinin məhv edilməsi tapşırıqları yerinə yetirilib. Yarışın ümumi nəticələrinə əsasən, tank əleyhinə idarəolunan raketlər batareyası birinci olub. Qalib batareyanın şəxsi heyəti Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən mükafatlandırılıb.
"Ən yaxşı  tank əleyhinə batareya" adına layiq görülən zabit Oğuz Ağayev qeyd etdi ki, bütün bu uğurlara şəxsi heyətin taktiki-texniki və ixtisas hazırlığının yüksəldilməsi, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən məşğələ və toplantılarla nail olunub. “Daim ixtisas bilikləri və praktiki bacarıqları artırılan əsgərlərimiz yarışın şərtlərinə vaxtında və düzgün əməl etməklə batareyamıza "Ən yaxşı" adını qazandırdılar. Yarışda batareyanın hər bir hərbi qulluqçusu əzmkarlıq nümayiş etdirdi. Gizir Təbriz Həsənov, əsgərlərdən Növqar Məmmədov, Yusif Seyidzadə, Daşqın Alməmmədov və digərləri isə fərqlənənlərdən oldular. Mənəvi və fiziki cəhətdən sağlam, döyüş hazırlığı cəhətdən peşəkar və yenilməz olmaq tank əleyhinə bölmələrimiz də daxil olmaqla Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə, hissə və bölmələrində xidmət edən şəxsi heyəti əhatə edir. Hər birimizin döyüş və mənəvi-psixoloji hazırlığı yüksəkdir”.
Bu gün dövlət qayğısı ilə əhatə olunan və yüksək mənəvi keyfiyyətlərə malik olan hərbi qulluqçuları xalq-ordu birliyindən güc alaraq ən çətin tapşırıqların icrasına daim hazırdır. Necə ki, 44 günlük Vətən müharibəsində bunu bacardıq. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşan Əlahiddə Ümumqoşun Ordunun qazanılan şanlı Qələbədə xüsusi payı vardır. Vətən müharibəsində iştirak edən hər bir Vətən övladının əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir, hərbi qulluqçuların, müharibə veteranlarının və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülür.
Dövlət qayğısını və xalqın dəstəyini hər zaman hiss edən ordumuz həm də ən müasir silah sistemləri ilə təchiz edilir. Məhz belə tank əleyhinə bölmələrin arsenalında mövcud olan qabaqcıl texnologiya ilə hazırlanan silah və texnikalar qeyd olunanlara əyani misaldır. Dünya hərb elmində "XXI əsrin müharibəsi" adını qazanan 44 günlük müharibədə çətin relyef şəraitində düşmənin onilliklərlə qurduğu mürəkkəb istehkamlarını darmadağın edən rəşadətli Azərbaycan Ordusu əsl peşəkarlıq, yenilməz əzm nümayiş etdirdi. Tank əleyhinə silahların günümüzədək inkişaf edərək müharibələrin taleyini necə dəyişdiyini də əyani olaraq göstərdi. Bu texnologiyalar o dərəcədə inkişaf edib ki, artıq zirehli tank texnikalarını helikopterlərə quraşdırılan raket kompleksləri və pilotsuz uçuş aparatları ilə məhv etmək daha da asanlaşıb. Deməli hücum təyyarələri və helikopterləri, pilotsuz uçuş aparatları və dronlar da mərmi-zireh qarşıdurmasında qalibin kim olduğunu əyani olaraq təsdiqləyir. İkinci Qarabağ savaşında düşmən texnikalarının məhv edilməsində pilotsuz uçuş aparatları önəmli rol oynadı, erməni istehkamlarını məhv etməyə kömək etdi. Sevindirici haldır ki, silah arsenalımızda mövcud olan ən müasir silah sistemləri və hərbi texnikalar peşəkar hərbçilərimizə təhkim edilib.

Nəriman  NƏCƏFOV Naxçıvan Muxtar Respublikası