Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2021 15:49

Vətən sevgisi bizi qələbələrə apardı

Ölkəmizin ərazi bütövlüyünə qarşı erməni təcavüzü 30 ilə yaxın davam etdi. Bu illər ərzində Vətən övladları bir an belə Qarabağı unutmadı. Vətən həsrəti dinmədi, Qarabağ kəlməsi dillərdən düşmədi. Qəlblərdə illər uzunu kök atan Vətən sevgisinin düşmən üzərində Qələbəyə yol açacağı şübhəsiz idi.
Ordumuzda şəxsi heyətinin vətənpərvərlik ruhunun artırılmasında peşəkar zabitlərin rolu böyükdür. Onlar təhsil aldığı illərdə, mənəvi-psixoloji cəhətdən döyüş hazırlığına yiyələndilər. Bu gün hərb işini mükəmməl bilən, öz peşəsini yüksək səviyyədə sevən, bacarıqlı zabitlərin tabeliyində xidmət keçən əsgərlər taktiki, atəş, mühəndis, fiziki və s. hazırlıqları ilə bərabər asudə vaxtlarını da maraqlı keçirirlər. Onlar Vətənə sevgisini ilk dəfə ailədə, orta məktəbdə öyrənsələr də bunu hərbi xidmətdə tamamlayırlar.
Hazırda yeni tikilib istifadəyə verilən hərbi hissələr dövrün tələblərinə cavab verir. Əsgər yataqxanasında silah-sursat otaqlarıyla yanaşı ideoloji otaqlar da fəaliyyət göstərir. İdeoloji otaqda dövlətimizin rəmzləri, ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti, Müdafiə Nazirliyinin rəhbər heyəti, barədə dolğun məlumatlar var. Xalqımızın ümummilli lideri Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ordumuzda aparılan məqsədyönlü, uğurlu islahatlar ölkəmizin daha da güclənməsinə səbəb olub. Hərbçilər asudə saatlarında sinifdə olurlar, orada asılan lövhələrdə qədim və orta əsrlərdə mövcud olan Azərbaycan dövlətləri, onların sərkərdələri haqqında məlumatlar, oxuyub müfəssəl biliklər əldə edirlər. Azərbaycanın tanınmış, görkəmli sərkərdələrin portretləri, onların keçdiyi döyüş yolu barədə geniş məlumat yer alıb. Əsgərlər burada daha dolğun məlumatlar əldə etməklə müasir Azərbaycanı olduğu kimi öyrənirlər.
Şəxsi heyətdə vətənpərvərlik ruhunun daha da artırılması üçün əyani dərs vəsaitlərindən də istifadə olunur. Zabit və əsgərlər bu vəsaitlərdən yetərincə yararlanırlar.
"N" hərbi hissəsində asudə vaxtın təşkili zamanı baş leytenant Arzu Rəhimovla söhbət  edərkən bəlli oldu ki, o da, 44 günlük Vətən müharibəsində fəal iştirak edib. Düşmənə sarsıdıcı zərbələr vurub. Zabit müharibənin ilk günündə Füzuli istiqamətində döyüşlərə atılıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonlarının düşməndən azad olunmasında Arzunun böyük xidmətləri olub. O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamına əsasən 3-cü dərəcəli "Rəşadət ordeni" ilə təltif olunub.
Ordenli zabitin şəxsi heyətə keçdiyi döyüş hazırlığı məşğələləri və asudə vaxtının mənalı və  keyfiyyətinin yüksək olacağına əmin idik.  Əsgərlərin zabiti maraqla dinləməsi təqdirə layiq idi.
Asudə vaxtda Mail Qarayev, Fərid Abuşzadə, Kamal Musazadə, Ayaz Heydərov, Fərid Nəbiyev, Elşən Süleymanlı və başqaları da baş leytenant Arzu Rəhimovun söhbətlərini maraqla dinləyirdilər. Əsgərlərlə söhbətimiz zamanı bildirdilər ki, illər uzunu erməni işğalı altında olan ərazilərimiz azad olunub. Mənfur düşmən torpaqlarımızdan qovulub. Bizlərin bundan sonrakı əsas vəzifəsi Vətənimizin hər qarış torpağını mətinliklə qorumaqdır. Bunun da tək bir yolu hər an döyüşə hazır olmağımızdır.
Xalqı Qarabağa qovuşduran Azərbaycan əsgərinin qəlbində daim Vətənə sonsuz məhəbbət yaşayır. Bu məhəbbət, bu sevgi idi, əsgəri qələbəyə aparan.
Vətən sevgisi ilə köklənən Azərbaycan əsgəri tutduğu mövqedən heç nə çəkindirə bilməz. Vətən sevgisi bizi qələbələrə apardı.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR