Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2021 15:48

“Əsgərlərimizə xidmətdən qürur duyuruq”

Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əsas vəzifəsi Vətənin keşiyində dayanmaqdır. Hərbçilərin xidmətlərinin yüksək səviyyədə təşkilinə nail olmaq məqsədilə hərbi hissələrdə sosial-məişət şəraitinin yüksək səviyyədə qurulmasına xüsusi diqqət ayrılır. Hərbçilərimizə göstərilən qayğı bir məqsədə, bir amala onların öz xidməti vəzifələrinə köklənməsinə və böyük uğurlarının zəmininə xidmət edir.
"N" hərbi hissəsində yaradılan şəraitlə tanış olarkən əsgərlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılan camaşırxanaya baş çəkdik. Burada mövcud olan səliqə-sahman, təmizlik aparılan işin yüksək səviyyədə olduğundan xəbər verir. Öyrənirik ki, camaşırxanada çalışan işçi heyət qadınlardan ibarətdir. Onlar vəzifələrinə diqqətlə yanaşır, müasir tələblərə cavab verən camaşırxana işlərinin öhdəsindən bacarıqla gəlirlər.
Camaşırxananın iş prosesini izləyirik. İlkin olaraq çirkli camaşırlar yuyulub qurudulur, sonra isə ütülənib çeşidlənir. "Biz əsgərlərimizə xidmətdən qürur duyuruq. Onların hər biri Vətənimizin, xalqımızın övladıdır. Bizim də üzərimizə düşən onlara yüksək diqqət və qayğı göstərməkdir.  Bu üzdən hər birimiz camaşırların təmizliyinə və yuyulma prosesində gigiyena qaydalarına əməl edilməsinə önəm veririk", - deyən Lətafət Süleymanova bizi camaşırxana qurğuları ilə tanış etdi.
Ütü operatoru vəzifəsində işləyən Zülfiyyə İsmayılova işin incəliklərindən söz açaraq bildirdi ki, bizim vəzifəmiz yataq dəstlərinin səliqəli ütülənməsindən ibarətdir. Ütülənən əşyalar səliqəylə qatlanıb yığılır. Bu prosesdə paltarların və yataq dəstlərinin təmizliyi bir daha diqqətlə nəzərdən keçirilir.
Əsgərlərə qayğıyla yanaşan işçi heyətini yaxından tanıdıqdan sonra işlərinin əsl peşəkarları olduqlarına bir daha əmin oluruq. Görülən işləri zövqlə, yorulmadan yerinə yetirmələri Vətən keşikçilərinə olan sonsuz məhəbbətin təzahürüdür. Operator Tükəzban Cəfərova isə dedi ki, bizə qələbə sevincini yaşadan hər bir oğula minnətdarıq. Sevincimizin həddi-hüdudu yoxdur. Axı biz qalib xalqıq. İşimizi layiqincə yerinə yetirməyə çalışır, əsgərlərə xidmətimizlə fəxr edirik. 44 günlük Vətən müharibəsi başlayanda biz də gecə-gündüz durmadan çalışdıq. Çəkdiyimiz əziyyətlər qarşılıqsız qalmadı, qələbə bizim oldu. Bu sevinci bizlərə məhz Azərbaycan Ordusunun hər bir döyüşçüsü qazandırdı".

Hüsniyyə İDRİSOVA "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR