Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2021 15:45

Azərbaycan əsgəri güclü və qüdrətli olduğunu bir daha göstərdi

Azərbaycan Ordusu üçün uğurlarla başa çatan, Zəfərlə yekunlaşan, 44 gün davam edən və 28 illik işğala son qoyan Vətən müharibəsi bir daha göstərdi ki, döyüş hazırlığı və təcrübəsi yüksək olan zabit, əsgər həmişə savaşda düşmənə qalib gəlir, iştirakçısı olduğu əməliyyatlardan qələbə ilə çıxır. Qeyd olunan bütün bu və digər mühüm amilləri nəzərə alan Müdafiə Nazirliyinin rəhbərliyi şəxsi heyətin döyüş hazırlığının artırılması məqsədilə hərbi hissə və birləşmələrdə təlimlər keçirir. Səmərəli keçən təlimlərin iştirakçısı olan zabit və əsgərlər daim yeni döyüş vərdişlərinə yiyələnir, biliklərini daha da təkmilləşdirirlər. Komandanlıq  döyüş hazırlığının artırılmasına təkan verən təlimlərin keçirilməsini daim diqqət mərkəzində saxlayır.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq bu günlərdə döyüş hazırlığının artırılması məqsədilə təlim mərkəzində quru qoşunlarının tabeliyində olan raket və artilleriya qoşunlarının təlim-metodiki toplanışı keçirildi. Bir neçə gün davam edən təlim-metodiki toplanışda hərbi hissələrin rəhbər heyəti iştirak edirdi. Təlim prosesində Vətən müharibəsində qazanılan təcrübədən də istifadə olunurdu. İştirakçısı olduğumuz təlimin yaddaqalan anlarını oxucularımızın diqqətinə çatdırırıq.
...Səhərdir. İlıq payız günəşi asta-asta üfüqdən yer üzünə boylanır. Günəşin gözləri qamaşdıran şüaları yaydakı kimi isti deyil. Çox da soyuq olmayan meh əsir. Elə bil hava da özünü təlimin gedişinə kökləyib. Ətrafda sakitlik hökm sürür. Bu sakitliyi hərdən yaxınlıqdan keçən hərbi maşınların uğultusu pozur. Atışa hazır olan artilleriya qurğuları bir xətt boyunca düzülüb. Heyət nəfərləri də topun yanında tapşırığı yerinə yetirməyə hazır dayanıb. Öyrənirik ki, təlim prosesində hədəflərə bu artilleriya qurğularından atəş açılacaq. Atəşi zəngin döyüş təcrübəsi olan Azərbaycan əsgəri açacaq. Təlim-metodiki toplanışın iştirakçıları olan zabitlər artilleriya qurğularının yaxınlığında sıraya düzülüblər. Sıranın qarşısında dayanan zabit İslam Əmrağayev təlim-metodiki toplanışın planı və gedişatı haqqında zabitlərə ətraflı məlumat verir.
Verilən məlumatı dinlədikcə öyrənirik ki, təlim-metodiki toplanışın gedişində mexanikləşdirilən birləşmənin  artilleriyası ilə dağlıq ərazidə atış və atəşin idarə edilməsinin döyüş atışlı nümunəvi məşğələsi keçiriləcək. Həmçinin bununla yanaşı, məşğələ prosesində mexanikləşdirilən birləşmənin müdafiə olunan qanunsuz birləşmələrin üzərinə hücuma keçməsi, qanunsuz silahlı birləşmələrin əks-hücumunu dəf etməsi və birləşmənin ikinci eşelonunun döyüşə cəlb edilməsi zamanı artilleriya atəşinin idarə olunması prosesi nümayiş etdiriləcək. Deməli, təlim-metodiki toplanışın gedişi prosesində öyrənməli və müşahidə edilməli çox dəyərli anlar olacaq. Buna görə də təlimdə iştirak edən təcrübəli zabitlər məşğələnin gedişini diqqətlə izləyirlər.
Ərazi ilə yaxından tanış olduqdan sonra iştirakçılar vaxt itirmədən komanda məntəqəsinə yollanırlar. Təlimin qaydalarına uyğun olaraq onlar nümunəvi məşğələnin gedişini buradan izləyəcəklər. Komanda məntəqəsində iştirakçıları zabit Kamil Allahverdiyev qarşılayır və burada yaradılan şərait haqqında, həmçinin məşğələnin mövzusu barədə geniş məlumat verir. Bir neçə dəqiqə ərzində hər kəs öz yerini tutur. Həm məntəqənin özü, həm də iştirakçılar təlimə hazırdır.
İştirakçılar məşğələnin gedişini izləmək üçün özlərinə əlverişli mövqe tuturlar. Bir azdan raket və artilleriya qoşunlarının təlim-metodiki toplanışı başlayır. Rabitə qurğuları bir an içində işə düşür. Heyət nəfərlərinin atışa hazır olması barədə komandalar verilir. Zabitlər Elsevər Hümbətov, Raqif Sarıyev məşğələnin mövzusu və gedişi barədə bir daha təlimin rəhbərinə, həmçinin iştirakçılara məlumat verirlər. Qısa müddət ərzində hədəflərə qədər olan məsafələr ölçülüb hesablanır. Şərti düşmənin yeri, səmti müəyyən edilib dəqiqləşdirilir. Müəyyənləşdirilən hədəflərin yerləşdiyi ərazinin koordinatları rabitə vasitəsilə artilleriyaçılara ötürülən kimi "Atəş" əmri verilir. Mərmilər uğuldaya-uğuldaya hədəflərə doğru uçur. Və bir an içində ətrafı gurultu səsləri bürüyür. Bir göz qırpımında təlim keçirilən geniş ərazi döyüş meydanını xatırladır.
Toplanış iştirakçılarının bütün diqqəti hədəflərin yerləşdiyi əraziyə dikilib. Zabitlər mərmilərin düşdüyü əraziləri müşahidə edir, dəqiq hesablamalar aparırlar. Və çox keçmir ki, atışların nəticələri elan edilir. Məlum olur ki, həm təlimlərdə, həm də Vətən müharibəsində zəngin döyüş təcrübəsi qazanan artilleriyaçılar hədəfləri dəqiq vurublar. Nümunəvi atış çalışması şəxsi heyət tərəfindən yüksək bacarıqla yerinə yetirilib. Artilleriyaçılar hədəfləri vurarkən peşəkarlıq nümayiş etdiriblər. Bütün bu müsbət nəticələr Azərbaycan zabitinin, Azərbaycan əsgərinin yüksək döyüş hazırlığına malik olmasından xəbər verir. Belə yüksək döyüş hazırlığı isə gələcək böyük uğurlara zəmin yaradır.
Təlimin gedişinə cavabdeh olan zabitlər artilleriyaçıların vurduqları hədəfləri xəritə üzərində bir daha iştirakçılara göstərirlər. Hədəflərin dəqiq vurulması hamını sevindirir. Heç kimə sirr deyil ki, belə uğurlar, belə müsbət nəticələr asanlıqla qazanılmır. Artilleriyaçı əsgərlərin bu səviyyəyə yüksəlməsi üçün onların komandirləri xeyli əmək sərf ediblər. Təlim-məşqlərdə hərbi bilik və döyüş vərdişlərini heyət nəfərlərinə səbirlə, təmkinlə aşılayıblar. Əsgərlər uğura çatmaq üçün səmərəli xidmət yolu keçiblər. Hərbi bilikləri həvəslə, döyüşlərdə, təlimlərdə qələbələr qazanmaq üçün mənimsəyiblər.
Təlim-metodiki toplanışın iştirakçıları qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün tələb olunan bütün praktiki və zəruri hərəkətləri yaxından izlədilər. Müvafiq təhlillər və hesablamalar apardılar. Nəticə hamı üçün gözlənilən idi. Çünki topçularımız peşəkar olduqlarını Vətən müharibəsində dəqiq atəş zərbələri ilə sübut ediblər. Böyük peşəkarlıqla nümayiş etdirilən nümunəvi məşğələ bir daha əsgər və zabitlərimizin döyüş hazırlığının yüksək olduğunu göstərir. Azərbaycan Ordusu hər an doğma yurdunu, ölkəsinin müstəqilliyini qorumağa qadirdir.
Döyüş atışlı nümunəvi məşğələ başa çatdıqdan sonra təlim-metodiki toplanış nəzəri dərslərlə davam etdirildi. Toplanışın iştirakçısı olan təcrübəli zabitlər əməli məşğələlərdə qazanılan uğur və müsbət nəticələri nəzəri cəhətdən təhlil etdilər. Atışın daha da səmərəli aparılması üçün müəyyən məsləhət və tövsiyələr verdilər, fikir və mülahizələrini bildirdilər.
Quru qoşunlarının tərkibində olan raket və artilleriya qoşunlarının təlim-metodiki toplanışının növbəti günü də olduqca səmərəli keçdi. Həmin gün iştirakçılara avtomatik idarəetmə sistemləri ilə təchiz edilən 82 millimetrlik minaatan batareyasının nümunəvi döyüş atışlı taktiki təlimi nümayiş edildi. Toplanışda iştirak edən zabitlər əvvəlcə minaatan qurğularının yerləşdiyi əraziyə gəldilər. Burada atəşin aparılacağı yerlərə baş çəkdilər. Atəşdən əvvəl tapşırıq onlara nəzəri cəhətdən izah olundu.
Toplanışda iştirak edən zabitlər komanda məntəqəsinə qayıtdıqdan sonra atəşin aparılmasına cavabdeh olan hərbçilər əvvəlcə döyüş atışlı təlim haqqında qısa məlumat verdilər. Sonra hədəflər müəyyənləşdirildi, hesablamalar aparıldı. Hədəflərə qədər olan məsafə dəqiqləşdirildikdən sonra rabitə qurğuları "dilə" gəldi. Hədəflərə qədər dəqiqləşdirilən məsafələrin koordinatları minaatanlara ötürüldü və "Atəş" əmri verildi. Minaatanlar "Atəş" əmri alan kimi qurğuları verilən koordinatlar istiqamətinə tuşlayıb tapşırığı yerinə yetirdilər. Mərminin qulaqbatırıcı səsi ildırım sürətilə ətrafa yayıldı. Təlim iştirakçıları bütün nəzərlərini hədəflər vurulan əraziyə yönəltdilər. Atəş açılan kimi hədəflərin vurulduğu ərazi qara tüstüyə büründü. Minaatanlar verilən koordinatlar üzrə atəşi başa çatdırandan sonra nəticələr elan edildi. Məlum oldu ki, minaatanlar hədəfləri dəqiq vurublar. Onların atəş zərbələri hədəfdən yayınmayıb. Topçular kimi, minaatanlar da qarşıya qoyulan tapşırıqların öhdəsindən bacarıqla gəliblər.
Müdafiə nazirinin müavini, Quru Qoşunların Komandanı general-leytenant Ənvər Əfəndiyev komanda məntəqəsinə gələrək təlim-metodiki toplanışın iştirakçıları ilə görüşdü, dərs və məşğələlərin gedişi ilə yaxından maraqlandı. Zabitlərə müvafiq tapşırıqlar verdi, uğurlar arzuladı.   
Döyüş atışlı taktiki təlim başa çatandan sonra yenə də nəzəri məşğələlər keçirildi. Artilleriya sinfində tədbirin iştirakçısı olan zabitlərdən atış və atəşin idarə olunması üzrə həm fərdi, həm də divizion tərkibində atış və atəşin idarə olunması üzrə məqbullar qəbul edildi. Məqbulların qəbul edilməsi prosesinin səmərəliliyini və obyektivliyini artırmaq məqsədilə viziual görüntülər və videoçarxlar nümayiş olundu.
Nümunəvi xidməti ilə fərqlənən zabitlər komandanlıq adından qiymətli hədiyyələrlə mükafatlandırıldı.  
Bir neçə gün davam edən təlim-metodiki toplanışa yekun vuran zabit İslam Əmrağayev ötən il ərzində raket və artilleriya qoşunlarında görülən səmərəli işlərdən, həyata keçirilən islahatlardan danışdı. İl ərzində əldə olunan uğurlu nəticələri də iştirakçıların diqqətinə çatdırdı. Həmçinin zabit yeni tədris ilində qarşıda dayanan vəzifələrdən də ətraflı bəhs etdi, zabitlərə müvafiq tapşırıqlar verdi.
Raket və artilleriya qoşunlarının rəhbər heyəti ilə keçirilən təlim-metodiki toplanışı başa çatdı. Qarşıya qoyulan tapşırıqlar yüksək səviyyədə yerinə yetiən Azərbaycan əsgəri güclü və qüdrətli olduğunu bir daha göstərdi. Təlim-metodiki toplanışda iştirak edən zabitlər keçirilən nümunəvi çalışma və məşğələlərdə yeni biliklərə, hərbi vərdişlərə yiyələndilər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"