Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Dekabr 2021 15:44

Gələcək nəsillərə örnək olan qəhrəmanlar

Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərən, yurdumuzun azadlığı uğrunda vuruşan hərbçilərlə hər dəfə görüşəndə ürəyimiz dağa dönür. Söhbətlərinə qulaq asdıqca onların hünər və qəhrəmanlıqlarına heyran oluruq. Vətənpərvərlik hissi yüksək olan bu oğullar qorxmadan, cəsarətlə, hünərlə torpaqlarımızın azadlığı uğrunda döyüşlərə atıldılar. 44 gün ərzində 28 ildən çox erməni əsarətində qalan torpaqlarımızı işğaldan azad etdilər. Düşmənə bir-birinin ardınca sarsıdıcı zərbələr vurdular. Qəsbkarlar bu sarsıdıcı və güclü zərbələr qarşısında dayana bilməyərək ağır itkilər verib, silah-sursatlarını da döyüş meydanında atıb qaçdılar.
İkinci Qarabağ müharibəsində böyük hünər göstərən hərbçilərimizdən biri də gizir Qinyaz Əlipaşayevdir. Onu bizimlə zabit Alim Qasımzadə tanış edərkən haqqında xoş sözlər dedi. Bildirdi ki, gizir Qinyaz Əlipaşayev də Vətən müharibəsində əvvəldən sonadək cəsarətlə vuruşan hərbçilərimizdən biridir. Özüyeriyən artilleriya qurğusunun komandiri olan gizir Qinyaz Əlipaşayev torpaqlarımızın azadlığı uğrunda gedən əks-hücum əməliyyatlarında üzərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəlib.
Macal tapıb Qinyazla söhbətləşdik. Əvvəlcə onun ömür və xidmət yolları ilə tanış olduq. Öyrəndik ki, o, 7 iyul 1996-cı ildə Şəki rayonunun Suçma kəndində dünyaya göz açıb. Orta təhsilini başa vurandan sonra ordu sıralarına çağırılıb. 2014-2016-cı illərdə əsgər kimi "N" hərbi hissəsində xidmət edib. Ordu sıralarında vətəndaşlıq borcunu yerinə yetirdiyi dövrdə hərbi bilikləri, silah və texnikanın sirlərini dərindən mənimsəyib. Bir qayda olaraq, dərs və təlimlərdə bacarığı ilə fərqlənib. Nümunəvi xidməti ilə həm komandirlərinin, həm də əsgər dostlarının rəğbət və hörmətini qazanıb. Xidmətini başa vurub tərxis olanda hərbi xidmətə olan sevgi və məhəbbət onu ordu sıralarında saxlayıb. 2017-ci ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində gizirlər kursunda oxumağa başlayıb. Kurs müddətində Qinyaz artilleriya qurğularının sirlərini dərindən mənimsəyib. Qısa müddət ərzində kursda bacarıqlı və peşəkar kursantlardan biri olub. Həm nəzəri, həm də praktiki məşğələlərdə peşəkarlığı ilə fərqlənib. Kursu uğurla başa vurduqdan sonra gizir rütbəsinə layiq görülüb və özüyeriyən artilleriya qurğusunun komandiri kimi xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də erməni qəsbkarlarının təxribatı nəticəsində Vətən müharibəsi başlayanda gizir Qinyaz Əlipaşayev də əks-hücum əməliyyatlarında iştirak edib. Onun döyüş yolu Ağdamdan başlayıb. Həmin gərgin günlərdən söz açan gizir dedi ki, elə ilk saatlardan hərbi hissəmizin şəxsi heyəti əks-hücum əməliyyatlarına cəlb olundu. “Təcili olaraq bölüyümüzü Ağdam istiqamətinə göndərdilər. Biz təyin olunan məntəqəyə çatanda bölgədə gərgin döyüşlər gedirdi. Düşmən yeni ərazilərimizi işğal etmək üçün mövqelərimiz üzərinə hücuma keçmişdi. Nə qədər cəhd etsələr də, işğalçılar bir addım olsun belə irəliləyə bilmirdilər. Çünki ordumuzun hissələri qəsbkarlara qarşı ciddi müqavimət göstərirdi. Dayanmaq bilmədən düşmən mövqelərinə artilleriya zərbələri endirirdik. Sentyabrın 28-də müşahidə etdik ki, erməni işğalçıları tanklarından birini ağır tonnajlı yüklər daşıyan maşına mindirib döyüş meydanından çıxarmaq istəyir. Fürsəti əldən vermədən sərrast atəşlə düşmənin həm tankını, həm də ağır tonnajlı yüklər daşıyan maşınını vurub darmadağın etdik. Düşmənin planı pozuldu. Bir neçə gündən sonra bizi Füzuli rayonuna göndərdilər. Həmin günlər bu istiqamətdə gərgin döyüşlər gedirdi. Əks-hücum əməliyyatlarının birində xidmət yoldaşımız, gizir İsgəndərov Əsəd Bəybala oğlu şəhid oldu. Onun ölümü bizim düşmənə olan qisas və nifrət hissimizi daha da artırdı. Ertəsi gün döyüş zamanı biz xidmət yoldaşımızın qisasını aldıq. Əks-hücum əməliyyatı zamanı bu istiqamətdə işğalçıların üç artilleriya qurğusunu və onlarla canlı qüvvəsini məhv etdik”.
Gizir Qinyaz Əlipaşayevin şərəfli döyüş yolu olub. Ağdamdan başlanan döyüş yolu Füzulidən, Cəbrayıldan, Zəngilandan, Qubadlıdan və Laçından keçib. Özüyeriyən artilleriya qurğusunun komandiri əks-hücum əməliyyatları zamanı üzərinə düşən döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirib. Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlığa görə gizir Qinyaz Əlipaşayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Ağdamın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb. Əminik ki, belə medallı igidlərin şərəfli döyüş yolu gələcək nəsillər üçün örnək olacaq.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"