Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2021 09:16

Mədəniyyət beşiyi Şuşa

"...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir".
Heydər ƏLİYEV
Azərbaycan xalqının ümummilli lideri

XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. İlk vaxtlarda bu yaşayış məskəni Pənahəli xanın şərəfinə "Pənahabad", bir müddət sonra isə "Şuşa qalası" və "Şuşa şəhəri" adlandırılıb.
Pənahəli xanın dövründə şəhərdə böyük tikinti işləri aparılıb. İbrahimxəlil xanın dövründə isə Şuşa qalasının divarları və strateji əhəmiyyətli qalalar tikilib. Şəhər qısa zamanda xeyli böyüyüb, təbii gözəlliyi, hündür binaları və möhtəşəm qala divarları ilə diqqəti cəlb edib. Şuşa təkcə tikililəri ilə deyil, eyni zamanda, havasının təmizliyi, saflığı və müalicəvi əhəmiyyəti baxımından da vacib hesab olunub. XIX əsrin sonu XX əsrin əvvəllərində Qafqazın musiqi mərkəzinə çevrilən Şuşada dünyanın heç bir yerində bitməyən "Xarı bülbül" yetişir. Qarabağ xanlığının paytaxtı olan Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Şərqin konservatoriyası" adlandırırdılar. Şuşada dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin böyük əməyi sayəsində Azərbaycanda ilk dəfə peşəkar musiqi təhsilinin bünövrəsi qoyulub.
Şuşanın tarixini yaxşı bilən Ümummilli Lider şəhərə çox böyük qayğı göstərərək onun inkişafına çalışırdı. Dahi lider Şuşaya adi bir şəhər deyil, zəngin tarixi abidə, Azərbaycan xalqının qəhrəmanlıq rəmzi kimi baxırdı. Ulu öndər Heydər Əliyev Şuşanın abidələr şəhəri olduğunu, diyarın zəngin tarixi ilə bağlı olan hər şeyi qorumağın, qədim tikililəri bərpa etməyin vacibliyini qeyd edib və bundan sonra bu şəhərin simasının gözəlləşdirilməsi, tarixi abidələrin bərpası məqsədilə mühüm işlər həyata keçirilib.
1990-cı ilin əvvəllərində Ermənistan silahlı qüvvələri xarici havadarlarının dəstəyi ilə Azərbaycanda baş verən xaos və anarxiyadan istifadə edərək ölkəmizə qarşı hücumlar təşkil edirdilər. Həmin dövrdə Azərbaycanda vahid ordunun olmaması və hakimiyyətdə olanların səriştəsizliyi nəticəsində torpaqlarımızın 20 faizi işğal edildi. 1992-ci il mayın 8-də Şuşa şəhəri də düşmən işğalına məruz qaldı. Ermənilər Şuşada Azərbaycanın tarixi mədəni irsinə aid abidələri yerlə-yeksan edib, şəhəri tanınmaz hala saldılar.
Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir bəy Hacıbəyli, Bülbül və başqa sənətkarların yaşayıb yaratdığı Şuşa erməni işğalı nəticəsində dağıdıldı, mədəni irsinə böyük zərbələr vuruldu.
1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edilən Şuşada 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşüb. Əsir və girov götürülən 58 azərbaycanlının taleyi barədə hələ də xəbər yoxdur. 600-ə yaxın tarixi memarlıq abidəsi və müxtəlif təyinatlı binalar yerlə-yeksan edilib.   
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən təmas xəttində yerləşən mövqelərimizə və mülki yaşayış məntəqələrimizə edilən hücumlara, açılan artilleriya atəşinə cavab olaraq rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurlu əks-hücum əməliyatı keçirərək 1992-ci il mayın 8-də Erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şuşa şəhərini 2020-ci il noyabrın 8-də düşməndən azad etdi. Ordumuzun cəsur və peşəkar hərbi qulluqçuları şəhərə sıldırım qayalardan qalxaraq, əlbəyaxa döyüşlə Şuşanı düşməndən təmizlədi. Şəhərin işğaldan azad olunmasından sonra düşmən artıq Azərbaycan Ordusunun qarşısındakı acizliyini etiraf edərək noyabrın 10-da üçtərəfli bəyanatı imzalamağa məcbur oldu. Bununla da Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ tamamilə işğaldan azad edildi.
Şuşa indi azad nəfəs alır. Şuşa keçmiş şöhrətinə qovuşur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişi ilə artıq şəhərdə tarixi abidələrin, yolların, kommunikasiya xətlərinin, ümumiyyətlə bütün infrastrukturun bərpası və yenilənməsi ilə bağlı mühüm işlər görülməkdədir. Şuşa yenidən mədəniyyət beşiyi olaraq dünya mədəni irsinə öz töhfəsini verməyə davam edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il tarixli sərəncamına əsasən, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.
“Şuşa bizimdir! Qarabağ Azərbaycandır!”

Ariz CƏFƏROV Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzi