Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2021 09:10

“Vətən müharibəsində iştirak etdiyim üçün qürurluyam”

Vətən müharibəsində Azərbaycan Ordusunun sıralarında xidmət edən hərbçilərimiz üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Buna görə də düşmən məğlub edildi. 28 ildən çox erməni qəsbkarlarının işğalına məruz qalan torpaqlarımız azad olundu. Düşmənin illər uzunu möhkəmləndiyi və "keçilməz" hesab etdiyi mövqelər qısa müddətdə zabit və əsgərlərimiz tərəfindən darmadağın olundu.
İkinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı cəsarətlə vuruşan zabitlərimizdən biri də polkovnik-leytenant Mürşüd Cümşüd oğlu Abbasovdur. "N" hərbi hissəsində olarkən Vətən müharibəsinin iştirakçısı olan zabitlə görüşdük. Söhbət zamanı onun ömür və döyüş yolu ilə yaxından tanış olduq. Öyrəndik ki, Mürşüd Abbasov 1983-cü ildə Ucar rayonunda anadan olub. 1989-cu ildə rayondakı Tofiq İsmayılov adına orta məktəbdə birinci sinfə gedib. 2000-ci ildə bu təhsil ocağını bitirərək Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Burada tankçı ixtisasına yiyələnib. 2004-cü ildə hərbi təhsilini uğurla başa vurub. 2004-2005-ci illərdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit ixtisasartırma kursunu keçib. 2006-cı ildə "N" hərbi hissəsində xidmətə başlayıb. Müxtəlif hərbi hissələrdə xidmət edən zabit həmişə üzərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlib. Vətən müharibəsində olduğu kimi.
- 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı ilə başlayan İkinci Qarabağ müharibəsinin ilk günlərində Kəlbəcər istiqamətində gedən əməliyyatlara cəlb edildik, - deyə polkovnik-leytenant Mürşüd Abbasov iştirakçısı olduğu döyüşlərdən söz açdı. - Bir müddətdən sonra zirehli texnikalarımız Füzuli rayonuna istiqamətləndi. Oktyabrın 17-də artıq biz təyin olunan yerdəydik. Füzuli rayonu uğrunda gərgin döyüşlər gedirdi. Əvvəlcə geri çəkilmək istəməyən erməni qəsbkarları Azərbaycan Ordusunun əks-həmlələri qarşısında dayana bilmədi. Döyüşlərə cəlb olunduğumuz həmin gün Füzuli rayonu işğalçılardan azad olundu. Sonra Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının azadlığı uğrunda vuruşduq. Tankçılarımız sərrast atəşlə düşmənin həm canlı, həm də döyüş texnikalarını məhv etdilər. Hərbi hissəmizin zabit və əsgərləri cəsarət və hünərlə vuruşdular. Son döyüşlərimiz Xocavənd rayonu uğrunda oldu. Noyabrın 10-da düşmən təslim olduğu üçün döyüşlər dayandı. Vətən müharibəsində iştirak etdiyimdən çox qürurluyam.
İkinci Qarabağ müharibəsində göstərdiyi cəsarət və hünərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Abbasov Mürşüd Cümşüd oğlu "İgidliyə görə" medalına layiq görülüb.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"