Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2021 09:06

Vətən andına sadiq dəmiryolçu

"Torpaqlarımızın azadlığı uğrunda döyüşlər başlayarsa,  o zaman Azərbaycan Ordusunun sıralarında Vətənin Hərbi andına həmişə sadiq qalan əsgəri olacam", - deyirdi Asif Yolçu oğlu Qocayev. Vətən müharibəsi başlayanda Asif də döyüşlərə qatılır. Onun  şərəfli döyüş yolu Xocavənd,  Füzuli, Qubadlı, Laçın rayonlarından və Hadrut qəsəbəsindən keçir.  Ağır döyüşlər zamanı yaralı əsgər yoldaşlarını xilas edir. Torpaqlarımız kənd-kənd, rayon-rayon azad olunduqca Asif  daha da ruhlanır və döyüşlərdə qorxmazlığı, cəsurluğu ilə seçilir. Böyük Zəfəri ailəsi və qızları ilə birlikdə qeyd edəcəyini  arzulayan Asif 44 günlük Vətən müharibəsinin son günlərində -  8 noyabrda Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır.  Vətən torpağının  hər qarışı uğrunda döyüşən və şəhadətə yüksələn Asif Qocayev  Gəncə Şəhidlər xiyabanında dəfn edilir. İki qız övladı - Xədicə və Məryəm Vətənə əmanət qalır.  
Asif Qocayev 1991-ci il martın 1-də Gəncə şəhərində anadan olub. Gəncə şəhər 26 nömrəli tam orta məktəbdə təhsil alıb. Torpağa, Vətənə, elə, obaya bağlılığı, əməyə,  zəhmətə alışqanlığı ailədən gəlir. Asif dəmiryolçu idi.
Onu da qeyd edək ki, Vətən müharibəsində 200-dən artıq dəmiryolçu fəal iştirak edib. Onlardan dördü alın tərlərini al qanları, dəmir relsləri tank izləri ilə əvəzləyib, adlarını tarixin qızıl səhifələrinə yazdıraraq şəhid olublar. Onlardan biri  də Asifdir.  Onu Vətən müharibəsinə doğma kollektivi yüksək əhval-ruhiyyə, təntənə ilə yola salıb. O da Vətən torpaqlarının azadlığı uğrunda son damla qanınadək döyüşəcəyinə söz verib - ön cəbhəyə yollanıb.
Həyat yoldaşı Nərmin Həsənova Asifin ötən il baş verən Tovuz döyüşlərindən sonra daha çox narahat olduğunu dedi: "Dostları və iş yoldaşları ilə görüşüb, onlara deyib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın döyüş əmri olarsa, mən də döyüşə getməyə hazıram. Çox vətənpərvər insan idi. Övladlarımızı da o ruhda böyüdürdük. "Onun üçün Vətən haqqı birinci idi. Deyirdi ki, insan Vətənsiz, torpaqsız yaşaya bilməz. Biz gedək döyüşək, torpaqlarımızı azad edək. Qoy bizim övladlarımız, gələcək nəsillər azad, firavan torpaqlarımızda böyüyüb, xoşbəxt olsunlar". O, bu  arzularla yaşayırdı. Çox arzulayırdı ki, Böyük Qələbəni bizimlə bir yerdə qeyd etsin. Qismət olmadı... Xalqımızın torpaq həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Asif kimi Vətən oğullarının sayəsində torpaqlarımızdan düşmən ayağı kəsildi. Gələcək nəsillər o torpaqlarda firavan yaşayacaqlar. O zaman Asifin arzuları da gerçəkləşəcək. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa versin".
Tarix yazan oğulların sırasında adı fərəhlə çəkilən dəmiryolçu şəhid Asif Qocayev Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatları zamanı göstərdiyi şücaətə və rəşadətə görə dövlət başçısının sərəncamları ilə "Cəsur döyüşçü", "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Asif müqəddəs Vətən andına sadiq qaldı. İndi onun yarımçıq qalan arzularını övladları şəhid ataları ilə fəxr edərək davam etdirirlər. Vətənin şəhid övladı, şəkillərdən boylanan nurlu siman səni tanıyan dostlarının, döyüş yoldaşlarının qəlbinə köçüb. Sənin əziz xatirən daim yad olunacaq, adın isə qəlblərdə əbədi məskən quracaq.   


Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"

foto  Namiq PƏNAHOVUNDUR