Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2021 09:05

Peşəkar sürücü, vətənpərvər hərbçi

Düşmən işğalından azad olunan torpaqlarımızda ezamiyyətdə olarkən dağlıq ərazidə, kələ-kötür yollarda avtomobili ustalıqla idarə edən sürücü, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Rəşad Həsənovla yolboyu həmsöhbət olduq. Fikrini bir an belə yoldan ayırmayan Rəşad sıldırımlı qayaların arasında maşını sərbəst idarə etmək məharəti ilə vəzifəsinin öhdəsindən layiqincə gəldiyini göstərdi. Xeyli məsafəni geridə qoyub, təyin olunan nöqtəyə çatanadək öyrənirəm ki, təcrübəli sürücü Gəncə şəhərində dünyaya göz açıb. O, uzun müddətdir ordu sıralarında xidmətini uğurla davam etdirir. "Hərbi texnikanı idarə etmək yüksək dərəcədə bacarıq tələb edir", - deyərək söhbətə başladı. - Gördüyünüz bu ağır texnikaları təkcə asfalt üzərində deyil, nahamar, dağlıq ərazilərdə, ekstremal şəraitdə idarə edə bilmək əsas şərtdir. Çünki ani bir ehtiyatsızlıq və yaxud səhlənkarlıq ağır nəticə verə bilər. Buna görə sükan arxasında oturduğum zaman bütün diqqətimi yola cəmləyirəm".
- Daima avtomobilin texniki cəhətdən saz vəziyyətdə olduğunu yoxlayıram. Çünki hər an həyəcan siqnalı verilə bilər. Təyin olunan yerə vaxtında çatmaq üçün avtomobil hər zaman hazır olmalıdı. Bunun üçün də mənə təhkim olunan texnikaya daim yüksək dərəcədə qulluq göstərirəm. Avtomobili idarə edərkən istənilən an problem yarana bilər. Bu cür problemləri qısa zaman ərzində aradan qaldıra bilmək üçün onun texniki cəhətini yaxşı bilməliyəm. Buna görə daim üzərimdə çalışır, həm nəzəri, həm də praktiki biliklərimi artırıram, - çavuş Həsənov dedi. Həmsöhbətim əlavə etdi ki, peşəkar sürücü olmaq üçün nəqliyyat vasitəsi haqqında biliklərlə yanaşı, yol hərəkəti qaydalarını da yaxşı bilmək və onlara riayət etmək ən vacib şərtlərdən biridir.
- Sürücü öz səbri, məsuliyyəti, diqqəti, peşəkarlığı, təmkini ilə seçilməlidir. Hərəkətdə olduğumuz zaman ani olaraq maneələr çıxa bilər. Bu zaman sürücü yaranan hər vəziyyətdə nəqliyyat vasitəsini məharətlə idarə etməlidir. O, tək özünü deyil, sərnişinləri də düşünməlidir, - deyə Rəşad bildirdi.
Vətən müharibəsində ona təhkim olunan avtomobili ən təhlükəli yollarda peşəkarlıqla idarə edərək döyüşçülərimizin təminatının vaxtlı-vaxtında çatdırılmasını yüksək səviyyədə təmin edib. Söhbət zamanı öyrənirəm ki, Kəlbəcər istiqamətində gedən ağır döyüşlər zamanı Rəşad mühasirəyə düşüb. O, özünü itirmədən, xüsusi peşəkarlıq və cəsarət nümayiş etdirərək çətin vəziyyətdən çıxıb, verilən tapşırığı uğurla icra edib.  "Mənfurlar düşündülər ki, həmin an mən qorxub geri qayıdacam. Yalnız bölməmizə təminatı çatdırmaq üçün canımdan belə keçməyə hazır idim.  Biz Azərbaycan Ordusunun hərbi qulluqçularıyıq və istənilən an doğma torpaqlarımız uğrunda canımızı verərik. Vətən müharibəsi isə bunun bariz nümunəsidir", - çavuş Rəşad Həsənov qürur hissi ilə dedi. Əlbəttə, onun kimi məğrur, qorxmaz və cəsur oğullar sayəsində Qarabağ həsrətinə son qoyuldu və erməni əsgərlərindən xalqımızın qisası alındı.
- Hər bir azərbaycanlının olduğu kimi, mənim də müqəddəs borcum Vətəni qorumaqdır, - deyə Rəşad söhbətinə davam etdi. - Ötən il sentyabrın 27-də müzəffər Ali Baş Komandanın döyüş əmri ilə borcumuzun öhdəsindən layiqincə gəldik. İllərdir erməni işğalında qalan tarixi torpaqlarımızı azad etdik. Xain düşmən gülləsinə tuş gələrək şəhadətə qovuşan silahdaşlarımızın qisasını aldıq. Qədim mədəniyyət mərkəzimiz olan Şuşa şəhərini gerçək sahibinə qaytardıq. Cəsur və vətənpərvər döyüşçülərimizin peşəkarlığı sayəsində regionun ən güclü ordusuna çevrilən Azərbaycan Ordusu cəmi 44 gün ərzində Ermənistanın yürütdüyü işğalçılıq siyasətinə son qoydu. Bununla da biz bütün dünyaya sübut etdik ki, Qarabağ Azərbaycandır!

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"