Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Dekabr 2021 09:02

Vətən mərd oğullara əmanətdir

2020-ci il hər bir azərbaycanlının xatirəsində əbədi yaşayacaq. Prezidentimiz İlham Əliyev torpaqlarımızın düşmən işğalında olduğu illərdə hər çıxışında vurğulayırdı ki, erməni silahlı qüvvələrinin torpaqlarımıza etdiyi təcavüzlə xalqımız barışmaq fikrində deyil. Məqam yetişdi və ötən il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti təxribatlara cavab olaraq Ali Baş Komandanın əks-hücum əmri xalqı qələbə ruhuna köklədi. Azərbaycan Ordusu düşmənin 30 ilə yaxın yaratdığı sədləri, istehkamları  yararaq, yenilməz erməni ordusu, keçilməz erməni səngəri miflərini darmadağın etdi. "Dəmir yumruq" adlanan bu əməliyyat bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan dövləti güclü dövlətdir və Azərbaycanın güclü ordusu var. Ən yeni silahla, texnikayla təchiz olunan ordumuz, yüksək nəzəri və praktiki biliklərə malik peşəkar zabitlərimiz, Vətənə əvəzsiz sevgisi olan Azərbaycan əsgəri qəsbkarları Qarabağımızdan qovdu. Ermənistan silahlı birləşmələri ərazilərimizi tərk etmək məcburiyyətində qalaraq, təslim oldu. Bu xalqla ordu birliyinin Qələbəsi, Ali Baş Komandanın Zəfəri idi.
44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun bütün qoşun növləri üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Düşməni havadan məhv edən Hərbi Hava Qüvvələrinin, qarşısına çıxan canlı qüvvəni zərərsizləşdirən və azad olunan torpaqlara ilk ayaq basan motoatıcı bölmələrin, döyüş tapşırıqlarını mərdliklə icra edən Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyəti əvəzedilməzdir. Bunların arasında koordinatları yüksək dəqiqliklə hesablayan, hamını heyran edən artilleriya qoşunlarımız da var. Əlağa Şıxlinskidən bizlərə əmanət qalan artilleriyamızın erməni silahlı qüvvələrinin qorxulu kabusuna çevrilməsi Vətən müharibəsinin Qələbə ilə başa çatmasında xüsusi rol oynadı.
Torpaqlarımız azad olunduqdan sonra da təlimlər, döyüş hazırlığının təkmilləşdirilməsi prosesi hələ də davam edir. 2021-ci ilin döyüş hazırlığı planına müvafiq olaraq 28 noyabr - 01 dekabr 2021-ci il tarixlərində artilleriya bölmələrinin növbəti döyüş atışlı taktiki təlimləri keçirildi.
Təlimin ilk günündə şəxsi heyət komanda müşahidə məntəqəsinin açılması və atəş mövqeyinin tutulması tapşırıqlarını icra etdi. Eləcə də yerdəyişmə, döyüş düzülüşünə gizli açılma və maskalanma prosesi icra olundu.
Artilleriya vasitələri tələb olunan vaxtda normativlərə uyğun olaraq atəş mövqelərinə çıxarıldı, hədəflərə atəş açıldı. Qarşıya qoyulan təlim tapşırıqları müvəffəqiyyətlə icra olundu.
Keçirilən təlimdə Azərbaycan Ordusunun zəfər qazandığı Vətən müharibəsində əldə edilən bilik və təcrübələrdən istifadə olundu. Şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirildi, texnikanın döyüş əməliyyatlarına hazırlığı yoxlanıldı.
Mayor Samiq Əliyev şəxsi heyətə təlimlərin zərurətindən danışdı. "Artilleriya üçün qısa müddət ərzində atəş mövqelərini tutmaq və ümumqoşun bölməsi ilə qarşılıqlı əlaqədə olmaq, döyüş fəaliyyəti zamanı ərazinin xüsusiyyətlərini, özünün və düşmənin real döyüş imkanlarını bilmək döyüşdən qalib çıxmaq deməkdir. Azərbaycan Ordusunda bu və digər aspektlərə ciddi fikir verilir. Bunun nəticəsidir ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın azad olunması ilə yekunlaşan "Dəmir yumruq" əks-hücum əməliyyatında artilleriya qoşunlarımız silah və texnikanın döyüş imkanlarından maksimum yararlanaraq düşməni itkilərə məruz qoydu. Hər zaman olduğu kimi, bu gün də Azərbaycan Ordusu daha da təkmilləşir, müasirləşir və irəli addım atmağa davam edir", -  zabit dedi.
Atışlar bitdikdən sonra      top heyəti ilə tanış olduq. Leytenant Sabir Mövlamov dedi ki, vətənpərvərlik xalqımın qanındadır. - Vətən sevgisi bizlərə uşaqlıqdan aşılanıb. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olanda Hərbi and içdik. O zaman da, indi də fikirləşirəm ki, andın sözləri mənim həyat prinsipimdir. İlkin arzumu gerçəkləşdirdikdən - leytenant rütbəsini qazandıqdan sonra yeni arzular doğdu ürəyimdə: "Torpaqlarımızın azad olunması əməliyyatında iştirak edənlərin sırasında olmaq". Şükürlər olsun ki, bu arzum da həyata keçdi. Vətənimizin ərazi bütövlüyü bərpa olundu, nankor ermənilər torpaqlarımızdan qovuldu. 44 günlük haqq savaşımızda ordumuz dünyanın ən güclü orduları sırasında tutduğu yeri layiqincə təsdiqlədi. Mən də Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik etdiyi rəşadətli Azərbaycan Ordusunun zabiti olduğumdan qürur duyuram.
Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində göstərdiyi igidliyə görə zabit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Leytenant Sabir Mövlamov əsgərlər haqqında danışmağı da unutmadı. Əsgər Əli Novruzov müharibə vaxtı topun heyət nəfəri idi. "Vətən müharibəsində komandiri ilə birlikdə döyüşüb. "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Əsgərlər Kamran Süleymanov, Nihad Eyvazzadə, Elmar Omarov, Cavanşir Mehdizadə, Kənan Quliyev və Nahid Həsənov da Əli ilə həmfikir olduqlarını bildirdilər. Komandirlərinin peşəkarlıq və qayğıkeşliyindən danışdılar.  
Həmsöhbətimin fikirləri, üzlərindəki məğrurluq, gözlərinin dərinliyində parlayan Qələbə sevinci və bu qələbəni bizlərə yaşadan döyüş əzmi göstərir ki, Vətən mərd oğullara əmanətdir.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR