Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:46

Şəhidlərimizin keçdiyi həyat yolu nümunədir

Zaman ötdükcə, fəsillər dəyişir, günlər ayları, aylar illəri, illər əsrləri, əsrlər minillikləri əvəz edərək tarix olur. Bu illər ərzində bir çox hadisələr baş verir ki, müəyyən dövrdən sonra yaddaşlardan silinir, unudulur. Lakin elə tarixi hadisələr də var ki, heç vaxt unudulmur. 44 günə yazılan şanlı Zəfər tariximiz kimi. Həmin günlər yaddaşlara əbədi həkk olundu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli ordumuzun əks-hücum əməliyyatı Böyük Qələbəmizlə başa çatdı. Otuz ilə yaxın həsrətdən sonra doğma yurdlarımıza qovuşduq, ərazi bütövlüyümüz təmin olundu. Dövlət, xalq və ordu birliyi dəmir yumruq olub düşmənin başını əzdi. Mərd oğullarımız tarix yaza-yaza tarixə yazıldılar. Onlar qələbəni tarixin səhifələrinə öz qanları ilə həkk etdilər. Bu müqəddəs yolda canlarından keçərək şəhidlik zirvəsinə ucalanlar, gələcək nəsillərə örnək olacaq ömür yadigar qoydular. Tarixin bütün səhifələrində Vətənimizi yağılardan mərdliklə qoruyan, torpaqlarımızın azadlığı uğrunda cəsarətlə döyüşən qəhrəman əcdadlarının haqq savaşını zəfərlə başa vurdular. Qarabağımızı azad edərək illər boyu bu yolda, bu amal uğrunda şəhid olan bütün soydaşlarımızın ruhlarını şad etdilər.
...Qərinələr ötür, nəsillər bir-birini əvəz edir. Lakin  bizə qələbə sevinci bəxş edən şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmurlar. Ən ali, müqəddəs və şərəfli zirvə olan şəhidlik zirvəsinə yüksələnlər aramızda olmasalar da, ürəklərimizdə hər zaman yaşayırlar.
Vətənpərvərliyin ən ali məqamı şəhidlikdir. Şəhidlik zirvəsi isə hünər və qeyrət simvoludur. Bu ucalığa yüksələnlərin ömür yolu qısa olsa da, şərəfli və örnək sayılır. Belə şərəfli ömür sahiblərindən biri də əsgər Vüsal Aftandil oğlu Məmmədovdur. Onun şəhadətindən bir il ötür.  
Noyabrın 28-də Vətən müharibəsi şəhidi əsgər Vüsal Məmmədovun anım günü keçirildi. Mərasimə toplaşan şəhidin ailə üzvləri, yaxınları, Binəqədi rayon İcra Hakimiyyətinin nümayəndələri, döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şagirdləri, həmçinin məzunu olduğu Milli Aviasiya Akademiyasının kollektivi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri onun Binəqədi rayon qəbiristanlığında məzarı önünə çələnglər qoyaraq, ruhuna dualar oxudular. Davam edən mərasimdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Hacı Elvin Səmədov tədbiri açıq elan edərək Vüsalın həyatı və döyüş yolundan geniş məlumat verdi.
- Məmmədov Vüsal Aftandil oğlu 1997-ci il iyunun 2-də Bakı şəhərində anadan olub. İki  yaşında atasını itirən Vüsal 2003-cü ildə Binəqədidə yerləşən 179 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2014-cü ildə təhsilini başa vuraraq Milli Aviasiya Akademiyasının "Hava nəqliyyatının hərəkətinin idarə edilməsi" ixtisasına qəbul olub. 2019-cu ildə təhsilini başa vuraraq həqiqi hərbi xidmətə yollanıb və Azərbaycan Ordusunun "N" hərbi hissəsində xidmətə başlayıb. 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsinin iştirakçısı olub. Talış və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə igidlik göstərən Vüsal yaralanmağına baxmayaraq döyüş meydanını tərk etməyib. Sona qədər mətinliklə və qətiyyətlə döyüşərək şəhidlik zirvəsinə ucalıb. Göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Anım mərasimində Vüsalın ailə üzvləri və yaxınları ilə həmsöhbət olaraq, düşüncə və xatirələrini dinlədim. Əvvəlcə anası Mahirə xanım danışdı. Məğrur duruşlu ana oğlu ilə son söhbətlərindən söz açdı. "Bu mövzuda danışmaq mənim üçün çox çətin, bir o qədər də qürurvericidir. Oğlumun həsrəti çox acıdır, lakin fərəhlidir. Çünki o, minlərlə Vətən oğlu kimi torpaqlarımızın azadlığı uğrunda  canını qurban verərək şəhidlik zirvəsinə ucalıb. Vüsallarımız sadəcə dünyalarını dəyişir,  ruhları isə hər zaman bizimlədir. Ötən il düşmən təxribata əl atanda Vüsal hərbi xidmətinin son günlərini yaşayırdı. Ordumuz əks-hücuma keçəndə oğlum zəng edərək sevinclə "Ana, döyüşə gedirəm, halallığını ver. Vətən bizi səsləyir, qisas günü çatıb. Düşməni torpaqlarımızdan qovacağıq", - dedi. Talış kəndi azad olunduqdan sonra yenə zəng edərək sevincini mənimlə bölüşdü. İnamla irəlilədiklərini, qələbə qazandıqlarını bildirdi. Sonuncu dəfə isə oktyabrın 6-da danışdıq..."
Qəhərlənən ana bir neçə saniyə susdu. Duyğularını məğrurluqla  cilovlayan Mahirə xanım sükutu pozaraq "Vətən sağ olsun!", - dedi. Vüsalın nəşinin oktyabrın 29-da Binəqədidə Şəhidlər xiyabanı kompleksində dəfn edildiyini bildirdi.
Həyat yoldaşını vaxtsız itirən, təkbaşına belə mərd, igid, vətəpərvər oğul böyütdüyü üçün anamıza dərin minnətdarlığımı bildirib, xalqımızın onun kimi qəhrəman analarla qürur duyduğunu vurğuladım.
Bacısı Gülnar xanımın düşüncələrini öyrənirəm. Vüsal onun yeganə qardaşı idi. Məğrurluqla və qürurla qardaşının Vətən sevgisindən, Vətənə bağlılığından ağızdolusu danışdı. Vüsalın uşaqlıqdan dostcanlı, mehriban, qayğıkeş olduğunu bildirdi. "Məhləmizdə, məktəbdə, ali təhsil aldığı akademiyada Vüsalın səmimiyyətindən, insanlara qarşı sevgisindən, mərdliyindən hər kəs danışırdı.  Belə qardaşım olduğu üçün həmişə fəxr etmişəm. İndi isə ikiqat fəxr edirəm. Onun müsbət keyfiyyətlərindən biri də vətənpərvərliyi idi. Döyüşlərin iştirakçısı olmağı həmişə arzu edirdi. Xocalı soyqırımından olan kadrlar ona çox pis təsir edirdi. Qisas hissi ilə alışıb yanırdı. Sonuncu dəfə zəng edəndə də həyəcan və qürurla deyirdi ki, erməni terrorunun qurbanı olan bütün soydaşlarımızın qisasını alırıq. Şükürlər olsun ki, ordumuz Böyük Qələbə qazandı. Vüsal kimi minlərlə qardaşımızın qanı yerdə qalmadı. Allah bütün şəhidlərimizə rəhmət etsin".
Vüsalın bacısı, həmçinin şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirdi. Rəşadətli ordumuzun şanlı qələbəsindən, işğaldan azad olunan torpaqlarımızda üçrəngli Azərbaycan bayrağının dalğalanmasından təsəlli tapdıqlarını diqqətə çatıran Gülnar xanımın sözlərini oğlu tamamladı. "Dayım kimi qəhrəman olacam", - dedi 3 yaşlı Alparslan.
Şəhidin yaxınlarından, Məlahət İsmayılova bildirdi ki, Vətən müharibəsinin qəhrəmanı olan şəhidlərimiz haqqında nə qədər danışılsa da yenə azdır. "Həyatda ən böyük xoşbəxtlik  də elə Vətən yolunda şəhid olmaqdır. Lakin hər insana da şəhid olmaq, o əlçatmaz zirvəyə  ucalmaq nəsib olmur. Şəhidlərimizin göstərdikləri şücaət, keçdikləri döyüş yolu, onların yüksək iradəsi, mənəvi keyfiyyətləri, Vətən sevgiləri, igidlikləri  gələcək nəsillər üçün nümunədir. Azərbaycan miqyasında günəş kimi parlayan bu adlar hər kəsə yol göstərir: zəfər yolunu, qələbə yolunu, mərdlik yolunu, torpaqların düşməndən təmizlənməsi yolunu. Hər evdə, hər ailədə, hər bir kollektivdə bu igid insanların rəşadətindən söhbət gedir. Hamı onlara əhsən deyir. Hamı onlardan nümunə götürməyə çalışır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin".
Şəhidin dostları Vətən müharibəsinin iştirakçıları olan Fazil, Fərid, qazi gizir Xəzər Əliyev də Vüsal haqqında xatirələrindən söhbət etdilər,  onun qorxmaz, igid olduğunu bildirdilər. Döyüşlər zamanı göstərdiyi şücaətlərdən danışdılar. Sinif yoldaşları Şıxəli, Aprel döyüşlərinin iştirakçısı Həsən, Vasif və Bayram Vüsalın dostcanlı olduğunu, hər kəsin sevgisini qazandığını bildirdilər. Onun igidliyi ilə fəxr etdiklərini vurğuladılar.
...Məlahət xanımın dediyi kimi, şəhidlərimiz haqqında nə qədər danışılsa da azdır. Hər bir Azərbaycan vətəndaşı qürur mənbəyimiz olan şəhidlərimizi, onların keçdiyi həyat yolunu nümunə bilməli, qəhrəmanlarını tanımalı və tanıtmalıdır. Bu mübarizədə şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək hər kəsin vətəndaşlıq borcudur.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"