Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:37

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Hərbi qulluqçuların tərbiyəsində azərbaycançılığın və vətənpərvərliyin rolu.

Suallar:

1. Azərbaycançılıq - hərbi qulluqçularda dövlətçilik duyğusunun güclənməsinə, güclü ordunun formalaşmasına, müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi və sosial dövlətin qurulmasına xidmət edir.

2. Vətənpərvərlik Vətənə sevgi və sədaqəti ifadə edir.

 

Azərbaycançılıq - hərbi qulluqçularda dövlətçilik duyğusunun güclənməsinə, güclü ordunun formalaşmasına, müstəqilliyin qorunmasına, demokratik inkişafa, hüquqi və sosial dövlətin qurulmasına xidmət edir


Azərbaycançılıq müstəqil, suveren Azərbaycanın istiqlalını və bu ölkədə dünyəvi prinsiplərə malik sivil demokratik dövlət uğrunda mübarizəni strateji məqsəd seçən Azərbaycan xalqının ideologiyasıdır. Onun əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır.
Azərbaycançılıq milli dövlət ideologiyası kimi, Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycanın müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir.
Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı və respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, diasporların təşəkkül tapmasını vacib sayırdı.
Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik". Bununla ümummilli lider Heydər Əliyev Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etmişdir. Lakin azərbaycançılıq Azərbaycanda yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Azərbaycançılıq milli-mənəvi varlığın ilkin əlamətlərini, xalqın kimliyini əks etdirən, milli təfəkkürünü birləşdirən dəyərlər sistemidr. Bu dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir şəxs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır.  
Azərbaycançılıq siyasi anlayış olaraq ümumbəşəri dövlətçilik, vətəndaşlıq, vətənpərvərlik, yüksək keyfiyyətli insani və dini dəyərləri özündə birləşdirir. Azərbaycançılıq ideologiyasının daşıyıcısı olan vətəndaşların milli vətənpərvərlik mövqeyi dövlət və ordu quruculuğu prosesinin əsas vacib elementlərindən biridir.
Azərbaycan Ordusunda azərbaycançılıq - Azərbaycan Respublikasının çoxmillətli vətəndaşlarını təmsil edən hərbi qulluqçuların Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı və Azərbaycan xalqı ətrafında sıx birləşməsinə zəmin yaradan dəyərlər sistemi olaraq, dövlətin milli təhlükəsizliyinə qarşı yönələn hərbi təhdidlərin qarşısının vaxtında alınması və ölkənin müdafiə qüdrətinin artırılmasını, regionda ən güclü ordunun yaradılmasını nəzərdə tutur. Qüdrətli Azərbaycan dövlətinin qurulması, güclü Azərbaycan Ordusunun yaradılması Azərbaycan Ordusunun hərbi qulluqçularının və dünya azərbaycanlılarının ortaq hədəfi kimi azərbaycançılıq ideologiyasının təməl müddəalarını təşkil edir.
Azərbaycan Ordusunda azərbaycançılıq ideyasının daşıyıcı qüvvəsi hərbi qulluqçular olduğu üçün hər bir hərbi qulluqçu azərbaycançılığı, Azərbaycan dilini, mədəniyyətini, onun milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmaq və qoruyub-saxlamaq üçün daim çalışmalıdır. Azərbaycan dövlətçiliyinin qorunması uğrunda mübarizə hissləri daim hərbi qulluqçuların qəlbində yaşamalıdır. Azərbaycançılığın bərqərar olması ilə yaşayan güclü Azərbaycan Ordusu və onun şəxsi heyəti Azərbaycan Respublikasının müstəqilliyinin və suverenliyinin qorunub saxlanılmasının qarantıdır.
Azərbaycançılıq - Azərbaycan cəmiyyətinin qoruyucu qüvvəsi olan Azərbaycan Ordusunun şəxsi heyətini Azərbaycan Respublikasının müdafiə qüdrətinin gücləndirilməsinə, ölkənin hərbi təhlükəsizliyinin təmin edilməsinə, müasir döyüşlərdə silahlı mübarizənin üsul və qaydalarının öyrənilməsinə,  şəxsi peşəkarlıq, bilik və bacarıq səviyyələrini artırmalarına, hərbi hissə və bölmələrin döyüş qabiliyyətlərinin və hərbi intizamının yüksəldilməsinə, komandirlər (rəislər) tərəfindən verilən tapşırıqların vaxtında, dəqiq və sözsüz yerinə yetirilməsinə, müxtəlif çöl, hava və dəniz şərtlərinə müvafiq olaraq döyüş vərdişlərinin tərbiyə edilməsi və təkmilləşdirilməsi kimi tapşırıqların yerinə yetirilməsinə səfərbər edir.
Azərbaycan Ordusunda azərbaycançılığın əsas vəzifələri aşağıdakılardan ibarətdir:
- hərbi qulluqçuların dövlət və ordu quruculuğu işində fəal iştirakının təmin edilməsi və vahid komandanlıq prinsipinin möhkəmləndirilməsi üçün əlindən gələnləri əsirgəməməsi;
- hərbi hissə və bölmələrin döyüş və mənəvi-psixoloji hazırlıq səviyyəsinin qaldırılması, hərbi kollektivlərdə hərbi intizamın və qayda-qanunun tələb edilən səviyyədə saxlanılması;
- komandir (rəis) heyətinin və hərbi xidmətin nüfuz səviyyəsinin qaldırılması;
- hərbi qulluqçuların icraçılıq qabiliyyətlərinin artırılması;
- hərbi qulluqçuların Vətənə sədaqət, Azərbaycan xalqının adət-ənənələrinə və böyüklərə (rəislərə) hörmət ruhunda tərbiyə edilməsi;
- hərbi xidmət keçən bütün xalqların, etnik qrupların, müxtəlif səmavi dinlərin və dini təriqətlərin nümayəndələri olan hərbi qulluqçuların ümumdövlət mənafeləri və dəyərləri əsasında birləşdirilməsi;
- hərbi qulluqçularda öz milli mənsubiyyətinə görə qürur hissinin aşılanması, Azərbaycan dilinə, mədəniyyətinə, Azərbaycanda yaşayan xalqların milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə hörmətlə yanaşma tərzinin sərgilənməsi;
- hərbi qulluqçulara yüksək mənəvi-psixoloji keyfiyyətlərin aşılanması;
- hərbi qulluqçuların həyat və sağlamlığının qorunması.

 

Vətənpərvərlik Vətənə sevgi və sədaqəti ifadə edir


Vətəndaşlıq azərbaycançılığın əsas elementlərindən biri olaraq, ölkədə şəxsin hüquqi vəziyyəti ilə bərabər onun ictimai-siyasi münasibətlərə mövqeyini əks etdirən psixoloji vəziyyətidir. Vətəndaşlıq mövqeyindən hər bir şəxs vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətini təcəssüm etdirir, vətənpərvərlik isə insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlılığının göstəricisidir. Vətənpərvərlik mahiyyəti Vətənə məhəbbət, öz şəxsi maraqlarını Vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğu millətin etnik, mədəni, siyasi və tarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyat və ya milli qürur kimi də hallanır. Burada Vətənini, xarakterini və mədəni incilərini qorumaq, özünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, Vətəninin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Hərbi qulluqçuların vətənpərvərlik ruhunda tərbiyə olunması milli təhlükəsizlik baxımından əhəmiyyətlidir.
Vətənpərvərliyin tarixi kökündə min illər boyu yaşayan, möhkəmlənən, öz ana torpağına, dilinə və adət-ənənələrinə bağlanan dövlətçilik durur. Vətənpərvərlik və dövlətçilik azərbaycançılıq ideologiyasının əsasını təşkil edir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev milli ideologiya barədə çıxışlarının birində bu fikri aydın şəkildə ifadə etmişdir: "Milli ideologiya nədən ibarətdir? Birinci, dövlətçilik. Dövlətçilik bu gün və gələcəkdə bizim hər bir vətəndaşımızın, cəmiyyətin, dövlətin əsas vəzifəsidir. Dövlətçilik Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaqdır. Azərbaycanın müstəqilliyini möhkəmləndirməkdir. Dövlətçilik hər bir vətəndaşın qəlbində olmalıdır. Ona görə hər bir vətəndaş vətənpərvərlik hissləri ilə yaşamalıdır".  
Vətənpərvərlik ideyası dövlət müstəqilliyinin sütununu təşkil edir. Öz xalqının əldə etdiyi suverenliyi, dövlət müstəqilliyini qorumaq vətənpərvər insanın ali məramıdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarının birində bildirmişdir: "Müstəqilliyi elan etmək hər bir xalq üçün, hər bir ölkə üçün tarixi hadisədir, böyük xoşbəxtlikdir. Amma müstəqilliyi yaşatmaq, onu dönməz etmək, sarsılmaz etmək bundan da böyük vəzifədir, çətin vəzifədir, bundan da böyük xoşbəxtlikdir. Mən bu gün iftixar hissi ilə bəyan edirəm ki, Azərbaycanda müstəqil dövlət yaşayır və onun gələcəyi üçün də böyük təməl qoyulubdur. Bizim vəzifəmiz qarşıdakı dövrdə Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır".
Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, iradəli, əqidəli, vətənpərvər gənc millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, azadlıq, müstəqillik arzuları, milli qürur hissi təcəssüm olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs Vətənlə bağlı heç bir hadisəyə laqeyd qala bilməz. Ona görə ki, Vətən, torpaq məhəbbəti millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir.
Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıbdır. Vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr etmişik. Günümüzdə də fəxr etməyə, öyünməyə haqqı çatan qəhrəmanlarımız var. Yaşadığımız tarix, apardığımız mübarizələr və bu mübarizələrdən alnıaçıq, üzüağ çıxmağımız deməyə əsas verir ki, Azərbaycan xalqı qəhrəman xalqdır. İnsanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır. Lakin vətənpərvərlik təkcə Vətəni sevmək deyildir. Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.
Ərazi bütövlüyünün bərpa edilməsi, ölkəmizin məruz qaldığı işğala son qoyulması məqsədilə 27 sentyabr 2020-ci ildə "Dəmir yumruq" əməliyyatı ilə başlanan Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin igid və cəsur əsgərlərinin Vətəni  yolunda göstərdikləri qəhrəmanlıqlar Azərbaycan xalqının nə qədər vətənpərvər olduğunu bir daha nümayiş etdirdi. Atəşkəsdən sonra müşahidə olunan ən gərgin və uzunmüddətli döyüşdə neçə-neçə igid oğullar Vətən yolunda canlarını qurban verdilər. Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun əsgərləri canlı sipər çəkərək qələbəni təmin etdilər. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olan qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi Azərbaycan xalqının tarix yazan xalq olmasının bariz nümunəsidir.
Ümummilli liderimiz Heydər Əliyevin milli dövlətçilik, vətənpərvərlik ideyaları bugünkü inkişafımızın təməlini təşkil edir. Ulu Öndərin milli şüur - vətənpərvərlik şüuruna elmi yanaşması xalqımızın vətənpərvərlik tərbiyəsində əvəzsiz nümunəyə çevrilib, vətəndaşlarımıza Vətən sevgisi aşılayıb. Vətən yalnız coğrafi ərazi deyil, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının şan-şöhrəti, qeyrəti, əyilməz vüqarı, qürur mənbəyi, bütün varlığı, taleyi, gücü, qüdrəti, əbədi səcdəgahıdır. Bugünkü müasir, müstəqil çiçəklənən Azərbaycan bütün varlığını, ömrünü, zəkasını xalqına, millətinə həsr edən ulu öndərimiz Heydər Əliyevin bizə ən müqəddəs, ən ülvi yadigarıdır.


İdeoloji İş və Mənəvi-Psixoloji  Təminat İdarəsi