Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:28

Səngərlər Zəfər yolunun başlanğıcı idi

Vətən müharibəsində xalqımız yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr vurdu. Arxa cəbhədəkilər isə döyüşçülərimizə dayaq durdular. Yaşından, vəzifəsindən asılı olmayaraq, hər kəs üzərinə düşən tapşırıqları yerinə yetirdi. Buna görə də erməni işğalçılarına qalib gəldik, onları döyüş meydanlarında diz çökdürüb yurdumuzdan qovduq.
İkinci Qarabağ müharibəsində erməni işğalçılarına qarşı vuruşan oğullarımızdan biri də müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Hüseyn Cabiroğludur. O, Vətən müharibəsinin ilk günlərindən sonadək yurdumuzun azadlığı uğrunda vuruşub. Döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarına layiq görülüb.
Hüseyn 8 iyun 1996-cı ildə Beyləqan rayonunun Aşıqlı kəndində anadan olub. O, orta məktəbi bitirəndən sonra ali təhsil almaq üçün Türkiyəyə üz tutub. Karabürk Universitetinə qəbul olub. 18 yaşı tamam olanda təhsilini yarımçıq qoyaraq Vətənə dönüb və ordu sıralarına yollanıb. Əsgəri xidmətini başa vurandan sonra həyatını orduya bağlayıb. Kursu uğurla bitirərək 2019-cu ildən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə ilk addımlarını atıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində iştirak edib.
- Biz əks-hücum əməliyyatlarına Füzuli rayonunun Zovcuq qəsəbəsi istiqamətindən cəlb olunduq, - Hüseyn Cabiroğlu keçdiyi şərəfli döyüş yolundan söz açdı. - Qısa müddət ərzində Alxanlı, Yuxarı Qərvənd kəndlərini erməni işğalçılarından azad etdik. Bir neçə gündən sonra Cəbrayıl rayonu uğrunda döyüşməyə başladıq. Artilleriyaçılarımız sarsıdıcı zərbələrlə qəsbkarları Quyucaq, Daşkəsən kəndlərindən çıxartdılar. Daha sonra isə Xocavənd istiqamətində döyüşdük. Atılan hər mərmi düşməni qorxuya salır, bizi Zəfərə aparırdı. Uzun illər Böyük Qələbənin arzusuyla torpağın bağrına çəkilən səngərlərdə Ali Baş Komandanın əmrini gözləmişdik. Bilirdik ki, müvəqqəti dayandığımız səngərlər Zəfər yolunun başlanğıcıdı. Şükürlər olsun ki, Vətən müharibəsi qələbə ilə başa çatdı. Ordumuz düşmənə sarsıdıcı zərbələr vuraraq onu məğlub etdi, qəhrəmanlıq tariximizə şərəfli səhifələr yazdı. Qürur duyuram ki, mən də bu oğullardan biri oldum.
Cəsur döyüşçü Hüseyn Cabiroğlu ailələdir. Övladları da, yaxınları da həmişə onunla fəxr edəcəklər. Çünki o Vətən uğrunda vuruşan və Ali Baş Komandan tərəfindən medallarla təltif olunan oğullarımızdan biridir.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"