Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:25

“N” hərbi hissəsində döyüş atışlı taktiki təlim keçirildi

Şəxsi heyətin döyüş vərdişlərinin artırılması prioritet məsələlərdən biridir. Hərbi qulluqçuların nəzəri və praktiki biliklərinin, mənəvi-psixoloji hazırlıqlarının təkmilləşdirilməsi, şəxsi heyətin xidmətə hazırlanmasına yardımçı olmaq məqsədilə müntəzəm olaraq təlimlər, məşğələlər keçirilir. Hərbi potensialımızın və hərbi kadrların təkmilləşdirilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu Vətən müharibəsini qələbə ilə başa vurdu. Aparılan əməliyyatlarda 44 günə hərbçilərimizin ən mürəkkəb tapşırıqları müvəffəqiyyətlə yerinə yetirməsi, onların döyüş qabiliyyətinin və peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikalarından istifadə etmək bacarıqlarının yüksək səviyyədə olduğunu bir daha sübut etdi. Bu qələbənin qazanılmasında illərdir orduda keçirilən təlimlərin də böyük rolu oldu. Təbii ki, təcrübə əsas amillərdən biridir. Şəxsi heyət keçirilən məşğələlər və təşkil olunan təlimlər zamanı qazanılan təcrübəni, nəzəri və praktiki bilikləri qarşıya qoyulan tapşırıqların icrasında uğurla istifadə etdilər. Peşəsinin sirlərinə dərindən yiyələnən hərbçilərimiz qazanılan zəfərlə təlimlər zamanı tökülən tərin haqqını verdilər.
Qələbədən sonra da təlimlər davam edir. 2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq "N" hərbi hissəsində keçirilən döyüş atışlı taktiki təlimə cəlb edilən şəxsi heyət və xüsusi texnikalar təlim bölgəsinə yola düşdü. Plana əsasən həyəcan siqnalı ilə qaldırılan bölmələr və komanda idarəetmə məntəqələri təyinat rayonlarına çıxarıldı.
Təlimdə iştirak edən leytenant Araz Vəliyevin fikirlərini öyrəndik. "Keçirilən bu təlimlər şəxsi heyətin döyüş qabiliyyətinin güclənməsində əhəmiyyətli rol oynayır. İştirak edən şəxsi heyət həm fərdi, həm də komanda şəklində tapşırıqların yerinə yetirilməsi zamanı yüksək bacarıq və peşəkarlıq nümayiş etdirirlər", - zabit dedi.
Təlim zamanı seçilən əsgər Əmrah Əmirov ilə həmsöhbət olduq. "Belə təlimlərin keçirilməsi bizə həm təcrübə qazandırır, həm də döyüş qabiliyyətimizi artırır. Komandirimiz tərəfindən keçirilən döyüş hazırlığı dərslərində öyrəndiyimiz nəzəri bilikləri praktiki olaraq həyata keçirmək, döyüş meydanında uğur qazanmaq üçün imkan əldə edirik. Qalib ordunun əsgərləri olaraq hər an döyüşə hazır olmalıyıq", - əsgər Əmirov dedi.
Hədəfləri dəqiq nişan alan əsgər Samir Rzayev də söhbətimizə qoşuldu.
"Keçirilən təlimlər bizlərə bir təcrübəli əsgər kimi formalaşmağımıza, silahlardan sərbəst istifadə etməyimizə kömək olur. Təlimdə yüksək bacarıq göstərdiyimizə görə komandirlərimizə borcluyuq. Hər birimizin döyüşçü kimi yetişməsində zabitlərimizin böyük zəhməti var.
Onlar döyüş hazırlığı ilə yanaşı, vətənpərvərlik hisslərinin aşılanması istiqamətində də söhbətlər aparır, Milli qəhrəmanlarımızdan tez-tez söz açaraq onların adına layiq xidmət etməyi tövsiyə edirlər".
 
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"