Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:23

Səngərdən döyüşə, döyüşdən qələbəyə

Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun rəşadəti, xalq-dövlət birliyi nəticəsində 2020-ci il hər birimizin yaddaşına Zəfər ili kimi həkk olundu. Sentyabrın 27-də düşmənin cəbhə boyu həyata keçirdiyi genişmiqyaslı təxribata cavab olaraq başlayan əks-hücum əməliyyatları Vətən müharibəsinə çevrildi. Qorxmaz, vətənsevər, ən müasir, hərbi texnika ilə təchiz olunan, istənilən hərbi tapşırığı uğurla həyata keçirə bilən rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımıza qovuşmaq eşqi ilə düşmən üzərinə şığıdı. İşğalçıları tarixi torpaqlarımızdan qovdu. Bu döyüşlər bütün dünyaya müasir döyüşün ən mürəkkəb tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirməyə hazır olan ordumuzun peşəkarlığının, gücünün nümayişi oldu.
44 günlük Vətən müharibəsi zamanı aparılan əməliyyatlar ordumuzun hər an istənilən çətin tapşırığa hazır olduğunu, onun döyüş qabiliyyətinin, peşəkarlığının, yeni silah sistemlərindən və döyüş texnikasından istifadə etmək bacarığının yüksək səviyyədə olduğunu bir daha göstərdi. Döyüşlər zamanı ordumuzun bütün qoşun növləri üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Şəxsi heyət arsenalımızda olan müasir silah və texnikadan, zirehli döyüş maşınlarından məharətlə istifadə edərək düşmən üzərində parlaq qələbə qazandı.
Vətən müharibəsində artilleriya vasitələrinin rolu danılmazdır. Artilleriyanın geniş miqyaslı döyüşlərdə istifadəsi piyada və tanklara dəstək üçün vacibdir. Tarixən artilleriyanın daşınması və yerləşdirilməsi mürəkkəb bir proses hesab olunurdu. Bu prosesin həll edilməsi cəhdləri özüyeriyən artilleriya qurğularının yaranmasına səbəb oldu. Sürətli şəkildə döyüş yerinə gedə bilməsi və çevikliyi ilə böyük üstünlüyə sahib olan bu döyüş maşınlarından biri də "2S3M" özüyeriyən artilleriya qurğusudur.
"N" hərbi hissəsində olarkən bu döyüş maşınının heyəti ilə aparılan məşğələnin şahidi olduq. Hərbi hissənin zabiti Tural Abbasov "2S3M" özüyeriyən artilleriya qurğusundan Vətən müharibəsində uğurla istifadə edildiyini qeyd etdi. "Döyüş ruhu və hərbi hazırlığı yüksək olan ordu güclü ordudur", - deyə zabit söhbətə başladı.
- Bir vətəndaş və hərbçi olaraq qürurluyuq ki, Vətən, torpaq həsrətinə rəşadətli ordumuz tərəfindən son qoyulub. İllərdir düşmən işğalında olan torpaqlarımızda bu gün artıq şanlı bayrağımız dalğalanır. Bayrağı dalğalandıranlar qarış-qarış torpaqlarımızı işğaldan azad etdilər. Döyüş meydanında Azərbaycan əsgərinin qarşısında tab gətirə bilməyən erməni işğalçıları anladılar ki, torpaqlarımızı tərk etməsələr, ordumuz onları tamamilə məhv edəcək. Ürəyi Vətən eşqi ilə alışıb yanan oğullarımızın qarşısında aciz qalan düşmən məğlubiyyətini qəbul edib, döyüş meydanından qaçdı.
Gizir Elşən Məmmədov xidməti dövründə torpaqlarımızın azadlığı uğrunda gedəcək döyüşlərin iştirakçısı olmağı arzulayıb. "Vətən müharibəsində döyüş əmrini alanda çox həyəcanlandım. Çünki çiynimizdə böyük məsuliyyət vardı. Əks-hücum əməliyyatı başladı və düşmənə zərbələr endirməliydik. Təlimlərdə qazandığımız təcrübə, Vətən sevgisi bizi addım-addım irəliyə aparırdı. Hər birimizin bir amalı, bir düşüncəsi var idi - torpaqlarımızı yağı düşməndən azad etmək. Bu istəklə düşmənə zərbə vururduq. Zərbələr sarsıdıcı və dəqiq olurdu. Nəticədə qoşunlarımız rahat irəlilədilər. Şükürlər olsun ki, tapşırığın öhdəsindən layiqincə gəldik".
Əsgər Əşrəf İsayev Vətən müharibəsi iştirakçısı olduğu üçün qürur duyduğunu dedi. "Hələ kiçik yaşlarımdan hərbi forma geyinib Vətənə əsgər olmağın arzusundaydım. Xidmətə başladığım gün çox sevincli idim. Artıq mən də Vətənimin müdafiəsində dayanacaqdım.
Qismət elə gətirdi ki, Vətən müharibəsinin iştirakçısı oldum. Təlim və məşqlərdə qazandığım bilik və bacarıqları döyüş meydanında müvəffəqiyyətlə nümayiş etdirdim. Açdığımız dəqiq atəşlərlə düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv etdik".
Söhbətimizə əsgər Seyidqulu Ağayev də qoşuldu. Vətən müharibəsində göstərdiyi uğurlu fəaliyyətə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub. "Şanslı gənclərik ki, müstəqil dövlətimiz, Müzəffər Ali Baş Komandanımız  və  rəşadətli ordumuz var. Vətəndaş kimi bizi təkcə bir problem narahat edirdi. Artıq o problem də həll olundu - tarixi qələbə qazandıq, əzəli torpaqlarımızı işğaldan azad etdik. Bu möhtəşəm qələbədə pay sahibi olduğum üçün  çox qürurluyam", - əsgər Seyidqulu Ağayev bildirdi.
Əsgər Rəşad Quliyev bir neçə aydır ki, ordu sıralarında xidmət edir. Vətən müharibəsində iştirak edə bilməsə də, Vətəninə, torpağına bağlı vətənpərvər gənclərdəndir. "Bu gün çox şadam ki, güclü, qalib və rəşadətli Azərbaycan Ordusunda xidmət edirəm. Hərbi xidmət hər birimiz üçün əhəmiyyətlidir. Bu dövrdə döyüşçüyə xas olan vacib vərdişləri mənimsəyirik, həmçinin bir çox mənəvi keyfiyyətlərə alışırıq. Keçirilən dərslərdə komandirlərimizin öyrətdiklərini mənimsəyir, təlimlər zamanı bildiklərimizi və öyrəndiklərimizi nümayiş etdiririk".
Beləliklə, əsgərlərimizlə söhbətdən sonra əminliklə deyə bilərik ki, belə igid, vətənpərvər, yüksək döyüş hazırlığına malik oğulları olan ordunun qarşısında heç bir düşmən qüvvəsi dayana bilməz. Bu amillər Azərbaycan əsgərini Qələbəyə aparan ən böyük güc oldu. İllərdir işğalda olan torpaqlarımızdan düşmənin ayağı kəsildi. Bir an belə düşünmədən, qorxmadan Azərbaycanımızın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərin qəhrəman ruhlarının hakim olduğu səmalarda şanlı üçrəngli bayrağımız qürurla dalğalandı! Bu qürur azərbaycançılıqdır. Əsgərin ürəyindən başlayan, Şuşada üçrəngli bayraqla birlikdə səmaları bəzəyən Vətən sevgisidir. Bu sevgini, Zəfəri yaşayanlar və xalqa yaşadanlar daha həssaslıqla yaşayırlar. Sevinci qəlblərə sığmayanların var səsiylə qışqırmaq keçir könlündən: Azərbaycan əsgəri torpaqlarımızı azad etdi! Azərbaycan əsgəri səngərdən döyüşə, döyüşdən qələbəyə yollandı. Sonda Zəfər haqqın tərəfində oldu!..

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"

foto Namiq PƏNAHOVUNDUR