Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Dekabr 2021 10:17

Mühəndis-istehkamçılarımız döyüş tapşırıqlarını məsuliyyətlə yerinə yetirirlər

Rəşadətli Azərbaycan Ordusunun zəfəri ilə başa çatan Vətən müharibəsində bütün qoşun növlərimiz qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən layiqincə gəldilər. Cəsur döyüşçülərin sayəsində torpaq həsrətinə son qoyuldu. Torpaqlarımızın azadlığı uğrunda aparılan əməliyyatlarda sinəsini düşmən gülləsinə sipər edərək, bir addım da olsun geri çəkilməyən şəhidlərimizin qisası alındı.
Kəşfiyyatçılarımızın düşmənin kabusuna çevrilməsi, artilleriyaçılarımızın dəqiq koordinatlar çıxararaq düşmən hədəflərini məhv etməsi, hərbi təyyarəçilərimizin döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlmələri və məğrur əsgərlərimizin mətin addımlarla irəliləməsi nəticəsində doğma Qarabağımız əbədi və əzəli sahiblərinə qovuşdu. Əlbəttə, haqq savaşında tapşırıqları məharətlə icra edən mühəndis-istehkamçılarımızı da xüsusi qeyd etməliyik. Çünki döyüş zamanı onların xidmətləri əvəzolunmazdır. Məhz peşəkar mühəndis-istehkamçılar ərazilərdəki mina sahələrindən keçidlər açaraq, ordumuzun düşmən mövqelərinə irəliləməsini təmin etdilər. Onlar silahdaşlarına təhlükəsiz yol açmaq üçün ən çətin tapşırıqların öhdəsindən layiqincə gəldilər. Bunun nəticəsi olaraq rəşadətli ordumuz 44 gün ərzində tarixi qələbəni qazandı. İllərdir doğma yurdumuzda məskunlaşan erməni əsgərlərini qovub çıxartdılar.
“N” hərbi hissəsində günün nizam qaydasına uyğun olaraq şəxsi heyət leytenant Orxan Rəsulovun rəhbərliyi altında mühəndis şəhərciyində şərti düşmənin mina sahəsindən keçidlərin açılması tapşırığını icra edirdi. Əsgərlərimizin təmkinli və ehtiyatlı hərəkəti, peşəkarlıq nümayiş etdirməsi bizdə xoş təəssürat yaradırdı. Dərs prosesi bitdikdən sonra zabitlə söhbət etdik. O bildirdi ki, mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı şəxsi heyətin mənəvi-psixoloji dözümlülüyünün artırılması da əsas məqsədlərdən hesab olunur. "Mühəndis-istehkamçı ixtisası təhlükəlidir. İstehkamçılar yaxşı düşünməli, qeyri-standart yanaşmağı bacarmalı və ən əsası - gərgin vəziyyətlərdə narahat olmamalı, təmkinli olmalıdırlar. Çünki stres, təmkinin pozulması səhv etmək şansını artırır. Bunları yaxşı dərk edən hər bir əsgər öz məsuliyyətini yaxşı anlayır. Döyüş zamanı onların ani bir səhvi başqalarının ölümünə səbəb ola bilər".
- 44 günlük Vətən müharibəsində mühəndis-istehkamçılar qarşıya qoyulan bir çox çətin döyüş tapşırıqlarının öhdəsindən gəldilər. Onların peşəkarlığı və qorxmazlığı nəticəsində düşmənin illərdir qurduğu mühəndis-istehkam qurğuları məhv edildi. Bu isə bölmələrimizin sürətli irəliləməsini birbaşa təmin etdi. Torpaqlarımız ard-arda mənfur düşməndən azad edildi. Beləliklə, bu gün hər birimiz qalib ordunun sırasında xidmət etdiyimiz üçün qürur duyuruq. Fəxr edirik ki, Ali Baş Komandanın rəhbərliyi altında tarixi torpaqlarımızı işğalçılardan azad etdik, - leytenant Orxan Rəsulov dedi.
Hərbi xidmətə Gəncə şəhərindən çağırılan əsgər Şəhriyar İsmayılzadə bildirdi ki, bu gün ana Vətənin keşiyində dayanmaq mənə də nəsib olub. "Hərbi xidmətin artıq çox hissəsini geridə qoymuşam. Bir neçə aydan sonra ailəmin yanına qayıdacam. Xidmətim zamanı bir çox yaddaqalan günlərim oldu. Amma ən yaddaqalan və xatirəmə ömürlük həkk olunan Vətən müharibəsidir. Çünki biz uzun zamandır şəhidlərimizin qisasını alacağımız və doğma el-obamızı azad edəcəyimiz günü gözləyirdik. Haqq savaşımızın başladığı andan etibarən bölmələrimiz müvafiq istiqamətlərdə döyüş tapşırıqlarının icrasına başladılar. Biz də öz növbəmizdə qarşımıza qoyulan tapşırıqların öhdəsindən layiqincə gəldik. Verilən bütün əmrləri vaxtında icra etdik. Hər bir anın necə vacib olduğunu yaxşı dərk edirdik. Döyüşlər zamanı xalqımızın daim ordumuzun yanında olması isə bizi daha da ruhlandırırdı. Buna görə daha inamla irəliləyirdik. Rəşadətli ordumuzun güc və qüdrəti nəticəsində düşmənin mifləşdirdiyi ordusu məhv edildi. Doğma Qarabağımız azad edildi. Evimə qalib əsgər kimi qayıdacağam. Bilirəm, valideynlərim də qürurlanır ki, oğlumuz torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. Vətənə olan övladlıq borcunu layiqincə yerinə yetirib. Mən bununla fəxr edirəm".
Əsgər Elşən İsmayılzadə də söhbətimizə qoşuldu. - Qalib ordunun zabitlərinin rəhbərliyi ilə keçirilən məşğələlər zamanı biz döyüş hazırlığımızı da daim yüksək səviyyədə saxlayırıq. Bunun nəticəsidir ki, doğma torpaqlarımızı azad etdik.
Əsgər Cəmil Hacıyev bildirdi ki, Vətən müharibəsi hərbi xidməti dövrünə düşdüyü üçün sevinclidir. "Mən də hər bir vətənpərvər gənc kimi bu döyüşlərin başlanmasını səbirsizliklə gözləyirdim. Düşməndən xalqımızın qisasını alanların sırasında olmağımı arzulayırdım. Şükürlər olsun ki, istəyimə nail oldum. Düşmənin döyüş meydanında silahını yerə ataraq təslim olmasını görmək hər birimizdə ruh yüksəkliyi yaradırdı".
Əsgər Nihad Əliyev və başqaları da Vətən müharibəsi zamanı yaşadıqları xoş xatirələrindən, Vətənə olan sevgilərindən, xidmətdə əldə etdikləri bilik və bacarıqlarından söhbət etdilər. Biz də öz növbəmizdə qalib ordunun şəxsi heyəti ilə sağollaşıb gələcək xidmətlərində onlara uğurlar arzuladıq.

Orxan HÜSEYNLİ "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR