Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:38

Sən heç solma, həmişə var ol, Xarı bülbül!

Gurultu səsinə oyandı Xarı bülbül, yuxulu-yuxulu boylandı ətrafa. Bu səsi çox tez-tez eşidərdi, hər dəfə eşidəndə "bəlkə qayıtdılar..." deyə bir fikir gəlirdi ağlına, amma tez özündən uzaqlaşdırırdı "bəlkə..." fikrini. Əmin idi qayıdacaqlarına... Yorulmuşdu yol gözləməkdən, yorulmuşdu həsrət çəkməkdən, həm də çox yorulmuşdu....
30 il idi... 30 il idi ki, gözü yollarda qalmışdı Xarı bülbülün, 30 il idi ki, səbirlə gözləyirdi, ümidini tamam tükənməyə qoymadı, daha geri dönməyəcəklər deyə düşünməkdən uzaq oldu, amma hər gurultu səsi eşidəndə "qayıdırlar..." deyə yenə boylanırdı ətrafa, ümidi gah artır, gah azalır, gah da əminliyə çevrilirdi.
Bu dəfə uzun çəkdi gurultu səsi, get- gedə də yaxınlaşırdı... Səs- küy çoxaldıqca, həyəcanı artırdı Xarı bülbülün. Bir an dondu qaldı Xarı bülbül... Aman Allah, bu səslər...
Bu səs onun igidlərinin səsi idi, bu səs Vətən səsi idi, necə doğma idi bu səslər, necə əziz idi... Səsə tərəf qaçmaq istədi, ayaq açıb yerimək istədi, quş olub uçmaq istədi Xarı bülbül...
Gözlədi... Gözlədi... Getdikcə daha aydın eşidilirdi səslər. Doğma elə, obaya, doğma səsə, nəfəsə 30 il həsrət çəkən Xarı bülbülün 30 saniyə gözləməyə səbri çatmırdı. Görmək istəyirdi onu xilas etməyə gələnləri, görmək istəyirdi alnındakı ləkəni təmizləməyə gələnləri, mənfur düşmənin başını əzənləri, ölümü gözə alanları, qayəsi "Vətən" olanları, qeyrətli oğulları görmək istəyirdi. Budur, get-gedə yaxınlaşırdılar... Artıq tanıya bilirdi onları Xarı bülbül...
Öndə gələn Anar Əliyev idi, "Biz qalib gələcəyik" deyib igidlərinə təlimatlar verən... Xudayar idi gələn, "Vətən yaxşıdır" deyib düşmənin üstünə cəsarətlə gedən... Seymur Cabbarov idi gələn, "Qisasımızı alırıq" deyib düşmənin canına vəlvələ salan... Cəbrayıl Dövlətzadə idi gələn, düşməni əlləri ilə boğmağa hazır olan... Çox idi gələn igidlər, çox idi Vətənimin qeyrətli oğulları... Amma Xarı bülbül artıq heç nə görmürdü, sevincindən nə hiss etdiyini anlaya bilmirdi, qol-qanad açıb uçmaq istəyirdi Vətən övladlarına tərəf, hamısını tək-tək qucaqlamaq istəyirdi, bağrına basmaq istəyirdi, 30 il həsrət çəkdiyi övladlarının qoxusunu duymaq istəyirdi, Xarı bülbül...
Elə həmin an güclü partlayış baş verdi, dünya gözündə qaraldı Xarı bülbülün... Ona çatmağa lap az qalırdı ki, igidin biri kökündən kəsilən ağac kimi yerə düşdü, Xarı bülbülün düz yanına düşdü... Gözünü son dəfə açdı igid, göz-gözə gəldi Xarı bülbül ilə, gülümsədi igid, arzusuna çatdı, xilas edibdi illərdir həsrətini çəkdiyi Xarı bülbülü... Dodaqlarından üç kəlmə söz süzüldü igidin "Sən azadsan, Xarı bülbül" və əbədi yumdu gözünü igid. Ürəyi dözmədi Xarı bülbülün, yavaş-yavaş əyildi igidə tərəf, tikanlı qönçəsiylə öpdü igidin alnından, "Şəhadətin mübarək, igid" dedi Xarı bülbül...
Artıq bir il ötür, Zəfərimizin bir ili, bütövlüyümüzün, tamlığımızın bir ili, kədərimizin qürurumuza qarışdığı bir il... İllərin həsrəti bitib, qovuşub elinə, obasına Xarı bülbül, amma qəmgindir, üzü heç gülmür, onu xilas etmək üçün canından keçib şəhid olanları, sağlamlığını itirənləri unuda bilmir Xarı bülbül. Qüruru, fəxri qədər ürəyindəki kədəri də böyükdür Xarı bülbülün...
Şəhid məzarlarına aparılır Xarı bülbül, məzar daşından qürurla ona baxan şəhidindən utanır Xarı bülbül, şəhid yaxınlarının acısını hiss etdikcə sıxılır, özünü günahkar bilir, boynunu bükür, gizlənmək istəyir ... Lakin! Sonra "Vətən sağ olsun" deyən şəhid atasının, "Bütün balalarım Vətənə qurbandır" deyən şəhid anasının, "Mənim atam qəhrəmandır" deyib göz yaşını silərək gülümsəyən körpələrin səsini eşitdikcə sıxıntısı keçir, qamətini düzəldir, qürurla boylanır ətrafa Xarı bülbül.
44 günlük Vətən müharibəsi başlayanda böyüyündən kiçiyinə qədər hər bir Vətən övladı

Vətən bağı al-əlvandır,
Var içində Xarı bülbül,

- deyə zümzümə etməyə başladıq, müharibə başlayan kimi ətri gəldi burnumuza Xarı bülbülün, çünki Prezidentimizin düzgün siyasətinə, ordumuzun gücünə, xalqımızın birliyinə hamımız inanırdıq. Bilirdik ki, buradan geri dönüş yoxdur, bilirdik ki, geri dönüş olsa, bir daha əsla qovuşa bilməyəcəyik Qarabağımıza, üzünü görməyəcəyik Xarı bülbülün, ruhu şad olmayacaq Xan qızının, ömür boyu həsrət qalacağıq gözəl Şuşamıza... Bu düşüncələr bizi "bir" etdi, bu düşüncələr bizi "tək ürək" etdi, bu düşüncələr bizi dəmir yumruqlu etdi, bu düşüncələr bizi 30 il həsrət qaldığımız torpaqlarımıza qovuşdurdu. Zəfər çalındı, həsrət bitdi...
Qarabağın, Xarı bülbülün həsrəti bitdi, amma "oğul  həsrəti", "yar həsrəti", "ata həsrəti", "dost həsrəti" bürüdü qəlbimizi, Bu həsrətin sonu yoxdur, müddəti yoxdur. Bu həsrət heç bitməyəcək, çünki illər keçəcək, amma şəhidlərimizin əziz xatirəsi qəlbimizə həmişəlik hakim olacaq. Bizi bütöv Azərbaycanın vətəndaşları edənləri, həsrətimizə qovuşduranları heç vaxt unutmayacaq, qəlbimizdə onları əbədi yaşadacağıq, unutmayacağıq ki, onlar daim yaşaya bilsinlər...
Və sən, Xarı bülbül,  "Dəmir yumruq" əməliyyatının ilham mənbəyi, böyük bir xalqın 30 illik həsrəti. Bütöv olmağı bacaran bir millətin ən çox sevdiyi nadidə Çiçək... Biz səni daha inamla, daha etibarla qoruyacağıq ki... Sən heç solma, sən həmişə var ol, sən həmişə çiçəklən ki, qəlbimizə bir də heç vaxt həsrətin düşməsin, sən var ol ki, bizim yaddaşımız bizə dönük çıxmasın, unutmayaq səni bizə qovuşduranları, unutmayaq səni bizə qovuşdurmaq üçün çəkilən əziyyətləri... Unutmayaq ki, daim var ola bilək.
Şair olsaydım, Xarı bülbül, səni vəsf edən dəyərli şeirlər yazardım, səni nəzmə çəkər, şirin-şirin misralara sığdırardım səni... Amma mən müəlliməm, Xarı bülbül, dilim döndükcə səni şagirdlərimə anladacaq, səni xilas edənləri, Vətəni bütövləşdirənləri onların yaddaşına yazacaq, Vətənimin qeyrətli oğullarını unutdurmayacaq, əziz xatirələrini daim hörmətlə və qürurla yad edəcəyəm.

Günel BAĞIROVA Naxçıvan Qarnizonu tam orta məktəbin müəllimi