Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:38

“Vətən daşı” şəhidlərimizin xatirəsini qəlblərdə əbədiləşdirəcək

Bakı şəhərində Nizami Gəncəvi adına kinoteatrda Respublika "Xatirə" kitabının təşəbbüsü ilə "Vətən daşı" layihəsi çərçivəsində Vətən müharibəsində şəhid olan oğullarımızın döyüş və ömür yolundan bəhs edən sənədli filmlərin təqdimat mərasimi keçirildi.
Təqdimat mərasimini Azərbaycan Jurnalistlər Birliyinin sədri Əflatun Amaşov açıq elan etdi. Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən oğulların ruhu bir dəqiqəlik sükutla yad olundu. Tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.
AJB-nin sədri Əflatun Amaşov dedi ki, indi qürurlu günlər yaşayırıq. Bu qüruru bizə Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri yaşatdılar. Onlar ölümün gözünə dik baxaraq erməni işğalçıları ilə döyüşlərə atıldılar. Cəsarətlə, hünərlə vuruşaraq düşmənə sarsıdıcı zərbələr endirdilər. Yağılar bu zərbələr qarşısında dayana bilməyərək geri çəkilməyə məcbur oldular. Azərbaycan Ordusu 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında döyüşlərdə böyük uğurlar qazanaraq uzun illərdən bəri işğalda qalan torpaqlarımızı azad etdi. Azərbaycan xalqı övladlarının Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqları heç vaxt unutmayacaq. Xatirələrini əbədi olaraq yaşadacaq. Respublika "Xatirə" kitabının kollektivi şəhidlərimizin xatirələrinin unudulmaması və əbədi olaraq yaşadılması üçün çox dəyərli "Vətən daşı" adlı layihəni həyata keçirməyə başlayıblar. Layihəyə əsasən yurdumuzun azadlığı uğrunda şəhid olanların ömür və döyüş yollarından bəhs edən sənədli filmlər çəkilir. Bu, olduqca vaxtında həyata keçirilən dəyərli bir layihədir. Bu layihənin rəhbəri Respublika "Xatirə" kitabının və "Yada düşdü" jurnalının baş redaktoru Nəzakət Məmmədovadır. Sənədli filmlərin rejissoru və ssenari müəllifi gənc yazıçı Vüsal Nurudur. Respublika "Xatirə" kitabının kollektivinə işlərində uğurlar arzulayırıq.
Çıxış üçün Respublika "Xatirə" kitabının baş redaktoru Nəzakət Məmmədovaya da söz verildi. "Vətən daşı" layihəsinin rəhbəri dedi ki, xalqımız tarixində ilk dəfə olaraq Zəfər Gününü qeyd etdi. Biz bu əlamətdar və qürur dolu günü uzun illər arzulayırdıq. Şükürlər olsun ki, arzularımız 2020-ci ilin payızında reallığa çevrildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında gündən-günə güclənən Azərbaycan Ordusunun zabit və əsgərləri Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıqlar göstərərək "Dəmir yumruq" əməliyyatını uğurla başa çatdırdılar. 28 ildən çox işğalda qalan torpaqlarımızı erməni qəsbkarlarından azad etdilər. Təəssüflər ki, Vətən müharibəsində şəhidlərimiz də oldu. Torpaq qeyrəti çəkən oğullarımız yurdumuzun azadlığı uğrunda canlarından keçdilər. Xalqımız bu cəsur oğullarını heç vaxt unutmayacaq. Onları daim anacaq və xatırlayacaq. Bizim tərəfimizdən də şəhidlərimizin daim qəlbimizdə yaşaması üçün "Vətən daşı" layihəsi çərçivəsində bir sıra önəmli addımlar atılıb. Vətən müharibəsinin şəhid qəhrəmanları haqqında sənədli filmlər çəkilib. Qələbəni bizə yaşadanları biz daim qəlbimizdə yaşadacağıq. Şəhidlər haqqında yeni sənədli filmlər çəkiləcək və tamaşaçılara təqdim ediləcək. Layihəyə uyğun olaraq bu istıqamətdə daha da önəmli addımlar atılacaq. Bunların sayəsində xalqımız torpaqlarımız uğrunda vuruşan və şəhid olan oğullarını daha yaxından tanıyacaqdır.
Əməkdar jurnalist Flora Xəlilzadə, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev və başqaları çıxış edərək "Vətən daşı" layihəsi ilə bağlı fikirlərini bölüşdülər. Yaradıcı kollektivə uğurlar arzuladılar.
Çıxışlar başa çatandan sonra Vətən müharibəsinin dörd şəhidi - Ömər Rəhimli, Saleh Əliyev, Vüsal Şükürlü, Əmrah Abışovun ömür və döyüş yollarından bəhs edən sənədli filmin nümayişinə başlanıldı.
Tədbir iştirakçıları filmləri maraq və qürurla izlədilər. Azərbaycan xalqına Zəfər Gününü yaşadanlara bir daha "əhsən" dedilər. İnanırıq ki, "Vətən daşı" layihəsinə uyğun olaraq bundan sonra da Vətən müharibəsinin qəhrəmanları haqqında bir-birindən dəyərli filmlər çəkiləcək. Bu filmlər şəhidlərimizin xatirəsini qəlblərdə əbədiləşdirəcək.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"