Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:38

Şəxsi heyətin sağlamlığı döyüş hazırlığına bilavasitə təsir göstərir

Hərbi qulluqçuların döyüş hazırlığı ilə yanaşı, tibbi təminatın da yüksək səviyyədə olması daima yuxarı komandanlığın diqqət mərkəzindədir. Şəxsi heyətin sağlamlığı döyüş hazırlığına bilavasitə təsir göstərdiyinə görə hərbi hissələrdə tibb məntəqələri müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub. Bununla yanaşı, ordu sıralarında xidmət edən hərbi həkimlərin ixtisas biliklərinin təkmilləşdirilməsinə də xüsusi nəzarət yetirilir. Danılmazdır ki, əsgərlərimizin sağlamlığının qorunması həkimlərimizin peşəkarlığından asılıdır.
"N" hərbi hissəsinin tibb məntəqəsinin feldşeri gizir Amil Məmmədzadə tibb məntəqəsinə müraciət edənləri diqqət və qayğı ilə qarşılayır. Amil Məmmədzadə ilə həmsöhbət olduq. "Bölmələrdə şəxsi heyətin ictimai gigiyena qaydalarına ciddi əməl etməsində hərbi həkimlərin, feldşerlərin, sanitar-təlimatçıların rolu böyükdür. Əsgərlər hər gün müayinə edilir. Müayinə zamanı özünü narahat hiss edən hərbi qulluqçu aşkar edilərsə dərhəl tibb məntəqəsinə yönləndirilir. Burada ilk olaraq xəstənin şikayəti öyrənilir. Sonra xəstənin qan təzyiqi, bədən temperaturu ölçülür, ciyərləri dinlənilir və lazımi tədbirlər görülür. Əgər ehtiyac olarsa, xəstə dərhal hərbi hospitala təxliyə edilir".
Öyrənirik ki, tibb məntəqəsinin feldşeri vəzifəsində xidmət edən gizir Amil Məmmədzadə həm Aprel döyüşlərinin, həm də Vətən müharibəsinin iştirakçısıdır. Əslər Kəlbəcər rayonundan olan hərbi qulluqçu qələbə günü sevincinin həddi-hüdudu olmadığını bildirdi. "Çox sevinirəm ki, torpaqlarımızı düşməndən azad etdik. Atam da Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Uşaq vaxtlarından atamın düşmənin törətdikləri, doğma torpaqlarımızın gözəl təbiəti haqqında hekayələri ilə böyümüşən. Düşmənə qarşı əks-hücum əməliyyatının qələbə ilə yekunlaşması hər birimizi arzusuna çatdırdı".
Müayinəsi başa çatan əsgərlər Kənan Quliyev və Adil Nərimanov tibb məntəqəsində onlara həmişə diqqət  və qayğı ilə yanaşıldığını dedilər.  "Xidmətimiz müddətində tibb məntəqəsinə bir neçə dəfə müraciət etmişik. Əsgər yoldaşlarımızdan burada yaradılan şəraitdən, həkimlərimizin peşəkarlığından çox eşitmişdik. İnanırıq ki, savadlı və bacarıqlı həkimlərimizin sayəsində tezliklə sağalıb xidmətimizi davam etdirəcəyik".
Həkim olmaq şərəflidir, həkim olaraq hərbi qulluqçuların sağlamlığının keşiyində dayanmaq həm şərəflidir, həm də ikiqat məsuliyyət tələb edir. "N" hərbi hissəsinin tibb məntəqəsində gördüklərimiz deməyə əsas verir ki, əsgərlərimizin sağlamlığı əmin əllərdədir.
 
Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"