Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:38

“Ömrün bundan sonrasını da Vətən üçün yaşayacağıq”

Naxçıvanda boya-başa çatıb. Hərbçi olmağı nə zaman qərara alıb, yadında deyil. Oxuduğu kitabların da, ata söhbətlərinin də, müəllimlərinin dediklərinin də, hərbi xidmətdən qayıdan qohumların-qonşuların da təsiri olub. Televiziyadan izlədiyi verilişlər, sənədli filmlər onun dünyaduyumunu daha da genişləndirirdi. Nə vaxtsa oxuduğu və yaddaşına yazdığı bir kəlamı ömür yoluna düşən işıq bilirdi: Vətəni sevmək azdı, Vətən üçün yaşamaq lazımdı. “Vətənə görə yaşamaq üçün zabit olmalıyam”, - Röyal Rəcəbov belə dedi. “Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldum. Oxuyurduq, öyrənirdik. Öyrəndiklərimiz çöl çıxışlarında - təlimlərdə möhkəmlənirdi...”...
Nəzəri biliklərini Birinci Qarabağ müharibəsi iştirakçısı olan zabitlərin xatirələri haqqında dedikləri, müxtəlif mətbu orqanlarında dərc edilən döyüş təəssüratları tamamlayırdı. Məktəbdə tədqiqatçı Şəmistan Nəzirli ilə görüş keçirilirdi. Qonaq sərkərdələrimizdən də danışdı, Səmədağa Mehmandarovu da xatırlatdı, Əlağa Şıxlinskini də. Əlağa Şıxlinskinin "Xatirələrim" kitabından böyük sevgilərlə söz açdı. Bu, kursant Röyal Rəcəbovun düşüncələrində incə bir tərpəniş yaradıb. Gözəl bir təsadüf kursantı "Xatirələrim"dən batareyaya istiqamətləndirdi - artilleriyaçı oldu...
Röyal Rəcəbov 2018-ci ildə zabit kimi hərbi xidmətə başladı. 2020-ci ildə gənc zabit Vətən müharibəsinin iştirakçısı oldu. Laçın istiqamətində döyüşürdülər.
Batareyaya Laçın dəhlizi istiqamətində mühüm strateji əhəmiyyətli mövqeni dağıtmaq əmri verildi. Düşmən nisbətən yüksəklikdəydi. "Relyef əmrin yerinə yetirilməsinə mane ola bilməz. Əmr bütün üsul və vasitələrdən istifadə edilməklə yerinə yetirilməlidir", - baş leytenant Röyal Rəcəbov Vətən müharibəsinin bir məqamından danışdı:
- Müşahidə məntəqəsindən bir qədər sol tərəfə çəkilməyimizi məsləhət gördülər. Gizliliyi gözləməklə çəkildik. Deyilən istiqamətə bir mərmi atdıq. Az sonra atışı deyilən düzəlişlər əsasında apardıq. Atdığımız mərmilər düşmən mövqeyini darmadağın etdi. Vətən müharibəsində ilk döyüşümüz batareyanın şəxsi heyətinin döyüş əzmini də, qələbə ruhunu da yüksəltdi. Əsgərlərimizdən biri təklif etdi ki, bu qələbəni novruzgülü adlandıraq. "Novruzgülündən sonra yaz gəlir. Yaz bizim batareyanın, hərbi hissəmizin, ordumuzun qazanacağı qələbə olacaq", - əsgər belə dedi. Batareyanın şəxsi heyəti təkliflə razılaşdı. Novruzgülü adlandırdığımız qələbənin gözəl davamı oldu. Həm say baxımından, həm də düşmənin itkiləri baxımından.
“Batareyamız Daşaltıda idi. Düşmən dayaq məntəqələrindən birində döyüşçülərimizin qarşısında atış zolağı yaradıb. Bu zolaq aradan qaldırılmasa, irəliləmək mümkün olmayacaqdı. Bu məqamlarda o qədər də uzaq olmayan məsafədə bir PDM göründü. Düşmənin döyüş texnikası sərrast atəşlə məhv edildi. Bu atışın davamı komandanlıqdan verilən əmrin icrası oldu. İlk atış bir qədər hədəfin arxasına düşdü. Buna təcili düzəliş verdilər və döyüşçülərimizin qarşısına atəş zolağı yaradan düşmənin başına "od ələdilər". 10-dan çox mərmi düşmənin sığındığı ərazini darmadağın etdi”, - deyə gənc zabit bildirdi.
Batareya Şuşa yaxınlığında idi. Şuşanın dağları görünürdü. Yaydan bu yana dumanı çəkilən dağların sinəsində, yamacında qara buluda bənzəyən dumanlıq sürünürdü. Müharibənin əlamətləriydi. Güllələrin, mərmilərin yaratdığı qara dumana bənzərliyin içindən Şuşaya sarı baxırdılar. Şuşaya sarı gedən tankı gördülər. Baş leytenant Röyal Rəcəbovun əmri ilə tanka bir mərmi atıldı. Mərmi tankın üstünə düşdü. Tank alışdı. Bunun davamı kimi düşmənin o istiqamətdən keçməkdə olan və sursat daşıyan maşını da dəqiq atəş zərbəsi ilə məhv edildi...
Bu atış batareyanın Vətən müharibəsində atdığı sonuncu mərmi oldu...
"Vətən müharibəsində atdığımız mərmilərin böyük əksəriyyəti düşmənin komanda-qərargah və dayaq məntəqələrini, qruplaşmalarını, döyüş texnikalarını, canlı qüvvəsini məhv etdi. Komandir olaraq batareyamızın şəxsi heyətinin döyüşü ilə qürurlanıram", - baş leytenant Röyal Rəcəbovun qüruru da bizə doğma qürurdu, sevinci də. Bu sevinc Zəfərin sevincidi. Bu sevinc Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində xalqa müraciətində dediyi "Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan Qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamının qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq" fikrinin sevincidi...
Baş leytenant Röyal Rəcəbov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Baş leytenant Röyal Rəcəbov batareyanın şəxsi heyətinə dedi ki, ömrü Vətən üçün yaşamaq səadətdi. Vətən üçün döyüşdünüz. Qalib gəldiniz. Ömrün bundan sonrasını da Vətən üçün yaşayaq...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"