Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:38

Şuşa, biz qayıtdıq!

Noyabrın 8-i tarixdir. Bu tarix Zəfər tarixidir. Zəfər tarixi heç zaman unudulmayacaq. Azərbaycan qələbəsiylə bütün dünyaya göstərdi ki, o güclü dövlətdir, onun ordusu qüdrətli və yenilməzdir. Bilirdik ki, bizim yolumuz haqq yoludur. Torpaq da, daş da, yurdun havası da bizim tərəfdən savaşırdı. Torpaq da, daş da geri qayıdacağı günün çatdığını duyurdu. Bir-bir alırdıq düşmən pəncəsindən kənd və qəsəbələrimizi. Şuşa qalası da, Şuşa məscidi də anlayırdı onun da əsirlikdən qurtulma vaxtının gəldiyini. Ayın 8-i Azərbaycan əsgərinin güllələri azadlıq dastanı yazdı. Şuşanın işğaldan azad edilməsi xəbəriylə küçələrə axın edən insan selinin dilində Ali Baş Komandanın şüarı vardı: "Əziz Şuşa, sən azadsan!"
Meydanlarda dalğalandırdıq bayrağımızı. Rəhbərimiz, şəhidimiz, əsgərimiz qazandı ömürlük sayğımızı, hörmətimizi, minnətdarlığımızı. Həmin gün Şəhidlər xiyabanı fəxarət hissli ziyarətgaha çevrildi.
Şəhidlər xiyabanının ucalığı şəhidlərlə ölçülür. Son uçuşunu etdi pilot Zaur Nudirəliyev, son nəğməsini oxudu Xudayar Yusifzadə. İnsanlar anlayırdı döyüşənlərin, şəhidlərin qazanacağı Zəfərin uzaqda olmadığını. Şəhidlər yaşamaq hüququndan keçdilər, şəhid oldular.
Şəhidlər unudulmadı, yaddan çıxmadı. Unudulmayacaq, yaddan çıxmayacaq.  Şəhidlər anıldıqca yenidən doğulur. Şəhid həsrətin digər çalarları da əriyib məhv oldu. Qarabağ bayrağa, bayraq da ona həsrət idi. Qovuşdular ən uca məqamda. Bayraq Qarabağın ürəyində - Şuşada dalğalanmaq ümidiylə yanıb-tutuşurdu. Həmin an gəldi. Bayraq aid olduğu yerdə, torpaqda, Şuşanın ən uca nöqtəsində dalğalanacaq artıq.
Azərbaycan əsgəri, bu qələbə sənin tarixini öz axarına qaytaran əsərindir. Xalqın üzündəki təbəssümü, qəlbindəki rahatlığı sən gətirdin. İndi şəhid analarının göz yaşları övladlarının qanının yerdə qalmaması sevincidir. Biz səndən qorxmadan dayanmağı öyrəndik.
İndi qürurla deyə bilərik: Əziz Şuşa, sən azadsan! XX əsr səni göz yaşlarında boğdu, qəlbini dağladı. Amma XXI əsrdə biz səni əsirlikdən geri qaytardıq!

Hüsniyyə İDRİSOVA