Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:38

“Şəhid ailələrinə ehtiramla yanaşmalıyıq...”

44 günlük Vətən müharibəsi müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şücaəti, qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatdı. Tarixə qızıl hərflərlə yazılan bu müqəddəs yolda şəhid olanlarımızın Vətən sevgisi hər birimizə ölçüyəgəlməz qürur, fəxr yaşatmaqdadır. Xalqımız daim milli kimliyini uca tutub, dövlətə, dövlətçiliyə sadiqliyi, vətənpərvərliyi ilə seçilib. Bu sevgini  hər bir insan əməlləri, gördüyü işlərlə təsdiq edib. Azərbaycan vətəndaşına məxsus vətənsevərlik, xeyirxahlıq, mərhəmətlik kimi ali mənəvi keyfiyyətləri, mənəvi dəyərləri şəxsiyyətlərində cəmləyənlərin Vətənə xidmətləri heç zaman unudulmayacaq.
Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin əməkdaşları bu günlərdə Mingəçevir və Bərdə rayonlarında şəhid ailələrinə baş çəkiblər.
Öncə Şəhidlər xiyabanını ziyarət edib, şəhid məzarları üstünə gül dəstələri qoyublar.
Mütəmadi olaraq şəhid ailələri ilə görüşlər keçirən Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və Hərbi Qulluqçuların Ailələri üzrə iş şöbəsinin müdiri Zümrüd Səmədova bildirib ki, İkinci Qarabağ müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə başa çatdı. "Bu müharibədə rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə işğalçı Ermənistanı döyüş meydanında darmadağın etdi. Əzəli torpaqlarımızın azadlığı uğrunda 44 gün davam edən bu savaş milli həmrəyliyimizin rəmzinə çevrildi, tariximizə qürur mənbəyimiz kimi həkk olundu. Möhtəşəm Zəfər tariximizi, dövlətçilik irsimizi daha da şərəfləndirdi. Bu Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi...".
Zümrüd Səmədova vurğulayıb ki, Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda edən şəhidlərimizin ailələrinə dövlətimizin rəhbərliyi, eləcə də Müdafiə Nazirliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. "Onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq müxtəlif addımlar atılır, tədbirlər həyata keçirilir. Şəhidlərimizin xatirəsini yad etmək hər birimizin ən müqəddəs borcudur. Düşünürəm ki, şəhid ailələri Vətənə əmanətdi. Bizlər də bu əmanətə ehtiramla yanaşmalıyıq...".
Ziyarət olunan şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Görüş zamanı şəhid ailələrinə qiymətli hədiyyələr, sovqatlar təqdim olunub.
 
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"