Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Noyabr 2021 11:37

Yeni qələbələr qazanmağa hər an hazırıq!

Rəşadətli ordumuz ölkəmizin qüdrətinin nümunəsi, xalqımızın iftixar yeri, müstəqilliyimizin qarantıdır. Əbədiyaşar komandan Heydər Əliyevin banisi olduğu ordumuz, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatların nəticəsində döyüş qabiliyyətinin artırılmasını uğurla təmin edib. Ölkə başçısı ordu quruculuğu prosesini sürətlə davam etdirir, müasir hərbi texnikalar alınır, döyüş qabiliyyəti daha da artırılır. Görülən tədbirlərin nəticəsində ordumuzun müasir döyüş standartlarına uyğun modernləşdirilməsi baş verib. Hal-hazırda dünyanın ən güclü 50 ordusu sırasında olan Azərbaycan Ordusunun arsenalı ən müasir silah və döyüş texnikaları ilə zəngindir. Dünyanın ən güclü ordularında olan artilleriya qurğuları, reaktiv yaylım atəşi sistemləri və zenit-raket kompleksləri, pilotsuz uçuş aparatları Azərbaycan Ordusunun qoşun növlərinin silahlanmasında yer alır. Hissə və bölmələrimiz müasir zirehli tank texnikaları, müxtəlif təyinatlı təmir-təxliyə maşınları ilə təmin olunub. Bundan başqa, ən qabaqcıl ölkələrin istifadə etdiyi hava hücumundan müdafiə sistemləri ölkəmizin hava məkanını etibarlı şəkildə qorumaqdadır. Ordu quruculuğuna göstərilən diqqət və qayğının nəticəsidir ki, ordumuz 44 günlük Vətən müharibəsində yüksək döyüş hazırlığı, peşəkarlıq nümayiş etdirərək inamlı Qələbə qazandı. Bu zəfər ordumuzun qüdrətini bir daha nümayiş etdirdi.
Rəşadətli ordumuzun bütün bölmələrində döyüş hazırlığının artırılması istiqamətində işlər bu gün də sürətlə davam etdirilir. Hərbi xidmətə çağırılan gənclər səmərəli təşkil olunan dərslərdə və təlimlərdə bacarıqlı, yüksək döyüş qabiliyyətli əsgərlər kimi formalaşırlar. Artilleriya hərbi hissələrindən birində şahidi olduğumuz dərs prosesi ordumuzda hazırlıqlı kadrların, bacarıqlı əsgərlərin xidmət etdiyinin  sübutu oldu. Həm də onun göstəricisi oldu ki, bölmələrdə plana uyğun olaraq bütün dərslər yüksək səviyyədə keçirilir, şəxsi heyətin döyüş qabiliyyəti və bacarığı daim artırılır.
Hərbi hissə ötən il "Dəmir yumruq" əməliyyatında şərəfli döyüş yolu keçib və ərazilərimizin işğaldan azad olunmasında əhəmiyyətli rol oynayıb. Qərargahdakı şəhid döyüşçülərin xatirə lövhəsi də buradan keçən hər kəsə bir anlığa ötən müharibə dövrünü xatırladır. Vətən müharibəsində qızğın hərbi əməliyyatların getdiyi dövrdə də  bu hərbi hissənin hərbi qulluqçuları ilə bir arada çox olurdum, döyüşçülərimizin uğurlu hərbi əməliyyatlarından, fədakarlıq nümunələri göstərən əsgər və zabitlərimizdən yazaraq onları oxuculara tanıdırdım.
Döyüş hazırlığı ilə seçilən hərbi bölmələrdən yazılar hazırlayacağımı bildirəndə zabit Mail Allahverdiyev söhbətimizdə artilleriya divizionunun da adını çəkdi və qeyd etdi ki, ötən ilin nəticələrinə görə fərqlənənlər arasında topçuların da öz yeri var. Zabitlə döyüş xatirələrindən danışa-danışa diviziona gəldik. Burada şəxsi heyət məşğələyə cəlb edilibdi. Ənənəvi olaraq top komandiri tərəfindən heyətin təlimatlandırılması başlanır və sonra hər kəs vəzifə bölgüsünə uyğun olaraq üzərinə düşən tapşırığı icra edirdi. Zabit Mail Allahverdiyev bildirdi ki, bölmələrdə plana uyğun olaraq keçirilən kompleks dərslər zamanı şəxsi heyətin döyüş qabiliyyəti və bacarığı durmadan artırılır. İzlədiyimiz dərs prosesi təcrübəli zabitin dediklərinin bir daha təsdiqi olur. Şəxsi heyətin hər birinin verilən tapşırıqların öhdəsindən bacarıqla gəldiyini görürük. Hiss olunur ki, artilleriya bölməsi gündəlik olaraq taktiki təlimləri davam etdirir, bu sahədə nəzəri-təcrübi hazırlığını mütəmadi olaraq artırır. Məşğələ başa çatdıqdan sonra heyət üzvləri ilə söhbətləşirəm.
Məşğələyə rəhbərlik edən baş leytenant Fəryad Hacıyevlə həmsöhbət oldum. Fəryad Hacıyev 2016-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini artilleriya ixtisası üzrə bitirib. Uğurlu xidmət yolu keçən zabit işğalda olan torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə" görə medallarına layiq görülüb. Fəryaddan öyrəndim ki, hal-hazırda batareya mövzuya uyğun tapşırıqları icra edir. O, şəxsi heyətin "döyüşə" və "səfərə" getmə, hədəfləri tuşlama normativlərini yerinə yetirdiyini bildirdi.
Zabit qeyd etdi ki, batareyanın baş zabiti rabitə vasitəsindən tapşırığı alır, hesablamalar aparılır və top komandirlərinə məlumatlar ötürülür. Top heyəti hədəfi tuşladıqdan sonra batareyanın döyüşə hazır olduğu məruzə olunur. Həmçinin onu da dedi ki, tapşırıqların icrası zamanı bütün heyətlər yüksək hazırlıq nümayiş etdirirlər. Zabit vurğuladı ki, artilleriya müharibədə qələbənin qazanılmasında mühüm rola malik olduğuna görə, bu hərb sənətinin sirləri şəxsi heyətə dərindən aşılanır. "Tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsində qazandığımız təcrübəyə əsaslanaraq bildirirəm ki, artilleriya müharibənin taleyində vacib sayılan döyüş növlərindən biridir. Düşmənin sədlərinin və qüvvələrinin darmadağın edilməsində mühüm rola malikdir. Çalışırıq ki, topun idarə edilməsinə cavabdeh olan heyət üzvləri  öz vəzifələrinin öhdəsindən bacarıqla gəlmək üçün lazım olan döyüş vərdişlərinə yetərincə yiyələnsinlər. Bundan əlavə, hər bir heyət nəfəri başqa döyüş vəzifəsində də öz silahdaşını əvəz etməyə qadir olmalıdır. Bu isə müharibənin qayda-qanunlarından irəli gəlir, axı döyüşdə itkisiz keçinmək olmur. Bunu yaxşı dərk edən gənc artilleriyaçılar da dərslər zamanı hərbi bilik və nəzəriyyəni öyrənməyə can atır, təlim və məşqlərdə əzmkarlıq göstərirlər. Onların hər biri Vətənə, xalqa və dövlətə xidmət etməyi ömrünün mənası bilərək bacarıqlı əsgərlər kimi formalaşmağı qarşılarına məqsəd qoyublar".
Baş leytenantın sözlərinə qüvvət olaraq qeyd edim ki, ötən il ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə ordu sıralarında əsgəri xidmətdə olan gənclərimiz düşmənə sözlərini döyüş meydanında qətiyyətlə dedilər. Vətənpərvərliklərini, dövlətimizə və xalqımıza bağlılıqlarını qələbələri ilə sübut etdilər. Düşmən hədəflərini dəqiq və sərrast atəşlərlə məhv edib, yüksək döyüş hazırlığı nümayiş etdirərək, keçirilən dərslərdə, təlimlərdə silahların və hərbi texnikaların sirlərinə dərindən yiyələndiklərini nümayiş etdirdilər.
Vətən müharibəsində şücaət göstərən artilleriyaçılarımızdan biri də top komandiri müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Babək Əhmədovdur. "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan Babək də digər silahdaşları kimi düşmən hədəflərinin məhv edilməsində fərqlənən topçulardandır. Babək dedi ki, heyət üzvlərimizin bir çoxu döyüşlərin sınağından üzüağ çıxıb. "Biz döyüşlərdə yetərincə təcrübə qazandıq. Bu gün də həmin təcrübəni yeni xidmətə gələn əsgərlərə aşılayırıq. Mütəmadi tədris olunan nəzəri və praktiki dərslərlə yanaşı, müntəzəm keçirilən təlimlərdə əsgərlərimiz səriştəli və bacarıqlı  artilleriyaçılar kimi formalaşırlar. Bölməmizin şəxsi heyətinin həm mənəvi-psixoloji durumu, həm də döyüş təcrübəsi yüksək səviyyədədir. Döyüş meydanında qazandığımız təcrübələrdən istifadə edərək hazırlığımızı daha da artırırıq. İstənilən döyüş əməliyyatlarında iştirak etməyə və verilən tapşırıqları bacarıqla yerinə yetirməyə daim hazırıq".
Babəklə söhbətimi yekunlaşdırıb heyət nəfərlərinin də düşüncələrini qeydə alıram. Məşğələ zamanı çeviklik və bacarıqla tapşırıqları icra edən  gənc topçularla söhbət etdim.
Əsgərlər Möhlət İsmayılovun, Turan Məmmədzadənin və Amil Namətzadənin əsgəri xidmətlərinin başa çatmağına sayılı həftələr qalıb. Vətən müharibəsində göstərdikləri şücaətə görə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunan igidlər xalqımıza qələbə sevinci yaşadanların sırasında olmaqdan qürurlandıqlarını  bildirdilər. "O müqəddəs günlər hər kəsin arzusu olsa da, hamıya qismət olmadı. Biz şanslı gənclərik ki, xidmətimiz döyüşlərə təsadüf etdi. Həmin günləri qürurla, sevinclə və hüznlə xatırlayırıq. Döyüşlərdə şəhid olan silahdaşlarımıza Allahdan rəhmət diləyirik. Onların əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaq. Təlim və dərslərdə çəkdiyimiz əziyyətlərin bəhrəsini döyüş meydanında gördük. Savadlı və peşəkar komandirlərimiz sayəsində topun bütün xüsusiyyətlərini, verilən hədəfi dəqiq nişan almağı və digər nəzəri, təcrübi bilikləri mənimsəmişik. Ordu sıralarından bacarıqlı əsgərlər kimi tərxis olunacaq, ailəmizin yanına qalib əsgərlər kimi başıuca qayıdacağıq".
Digər heyət nəfərləri əsgərlər Əzizxan Bayramov, Hüseyn Abışov, Murad Babazadə və Orxan Açyev silahdaşlarının sözlərinə qoşularaq hərbi xidmətləri dövründə hazırlıqlı əsgərlər kimi formalaşdıqlarını və istənilən anda döyüş tapşırığını icra etməyə hazır olduqlarını bildirdilər. "Hərbi xidmətə gəldiyimiz ilk gündən bizə diqqət və qayğı göstərilir. Bütün zəruri təminatlarımız yüksək səviyyədədir. Zabitlərimizdən, çavuşlarımızdan və təcrübəli silahdaşlarımızdan bilmədiklərimizi öyrənir, təlimlərdə həvəslə iştirak edirik.  Yaxşı bilirik ki, hər təlim döyüş hazırlığımızı daha da möhkəmləndirir, həm də bacarıqlarımızı üzə çıxaran əsas vasitədir. Hər birimiz yüksək döyüş hazırlığına malik olan, bacarıqlı artilleriyaçılar kimi formalaşırıq".
Gənclər, həmçinin qətiyyətlə vurğuladılar ki, istənilən döyüş tapşırığını uğurla yerinə yetirməyə, yeni qələbələr qazanmağa hər an hazırıq. Əsgərlərlə söhbətim bir daha əminlik yaradır ki, bu gün ordu sıralarında döyüş sirlərinə yiyələnən gənclər Vətənin istənilən çağırışına daim hazırdılar.
Müxtəlif qoşun növlərində və bölmələrdə mütəmadi keçirilən təlimlər onun göstəricisidir ki, ordu quruculuğunda atılan hər addım döyüş qabiliyyətinin artırılmasına istiqamətlənir. Məhz bunun nəticəsidir ki, Ali Baş Komandanın rəhbərliyi və xalqımızın dəstəyi ilə yeni bir tarix yazıldı. Rəşadətli ordumuz Qarabağın azadlığı uğrunda öz layiqli missiyasını uğurla icra etdi. 30 illik erməni işğalına məhz güclü ordumuz sayəsində son qoyuldu. Bu gün hər bir Azərbaycan vətəndaşı qürurla və inamla deyə bilir ki, ölkəmizin sərhədlərini havadan, qurudan, dənizdən qətiyyətlə qoruya bilən, qüdrətli və yenilməz ordusu var.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu" fotolar Namiq PƏNAHOVUNDUR