Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

Sağlam, güclü və mübariz əsgərlər

Rəşadətli və yenilməz ordumuzun sıralarında xidmət edən əsgərlərin fəaliyyəti günün nizam qaydaları ilə tənzimlənir. Şəxsi heyətin gündəlik fəaliyyətindən danışdıqda fiziki hazırlıq saatlarını mütləq qeyd etməliyik. Çünki fiziki hazırlıq əsgərlərin həm döyüş qabiliyyətinin artırılmasına, həm də sağlamlığının möhkəmləndirilməsinə istiqamətlənən əsas fəaliyyət prosesidir. Əsgərlər bədən tərbiyəsi ilə nə qədər çox məşğul olsalar, o qədər möhkəm, güclü və sağlam olarlar. Yüksək fiziki hazırlıq onların döyüş qabiliyyətinə də müsbət təsir göstərir. Mütəmadi idmanla məşğul olan hərbi qulluqçu daha dözümlü, yüksək əhval-ruhiyyədə  olur, verilən tapşırıqları daha çevik və dəqiq yerinə yetirir. Bu səbəbdən də ordumuzda şəxsi heyətin fiziki hazırlığına xüsusi diqqət yetirilir. Hərbi hissələrdə zabit və əsgərlərin fiziki hazırlıqla məşğul olması üçün müasir idman avadanlıqları ilə təchiz olunan idman şəhərcikləri, trenajor otaqları fəaliyyət göstərir. Bunlarla yanaşı, müxtəlif idman turnirləri və birinciliklər keçirilir. Belə kütləvi idman tədbirləri şəxsi heyətin idmana olan marağını daha da artırır, fiziki hazırlığın yüksəldilməsində müsbət rol oynayır.
Fiziki hazırlığın mahiyyətini başa düşən əsgərlər bədən tərbiyəsinə xüsusi diqqət göstərir, yüksək həvəslə məşq edirlər. Şəxsi heyət idman saatlarında fiziki göstəricilərini artırmağa səy göstərir.
"N" hərbi hissəsində fiziki hazırlıq məşğələsinin səmərəli təşkilinin şahidi olduq. Hərbi hissənin zabiti Bülbül Qocayev ordumuzun qələbəsi ilə başa çatan İkinci Qarabağ döyüşlərindən danışdı. O bildirdi ki, fiziki möhkəmliyin döyüş hazırlığının tərkib hissəsi olduğu döyüş meydanında bir daha təsdiqini tapdı. "Tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində şəxsi heyətin dözümlülüyü, mübarizliyi, çevikliyi qələbəni təmin edən əsas amillərdən oldu. Bu müsbət vərdişlər də mütəmadi idmanla məşğul olduqda qazanılır. Əks-hücuma keçən ordumuzun şəxsi heyətinin düşmən üzərinə sürətli sıçrayışı, cəld manevrlər etməsi, əlbəyaxa döyüş... və digər tapşırıqların öhdəsindən bacarıqla gəlməsi fiziki hazırlıqlarının da yüksək olduğunu göstərir. Bu gün də şəxsi heyətin fiziki hazırlığını ciddi nəzarətdə saxlayır, onların sağlam və güclü olması, həmçinin idmana maraqlarının artırılması üçün müxtəlif tədbirlər görürük".
...Geniş və idman qurğuları ilə zəngin şəhərcikdə bir qrup əsgər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Nicat Ələkbərovun nəzarəti altında bədən tərbiyəsi ilə məşğul idi. Növbə ilə turnikdə, paralel qollarda və pres qurğuda əzələlərini məşq etdirirdilər. Hər biri əzmkarlıqla və həvəslə göstərişləri icra edirdi. Nicat Ələkbərov Talış və Suqovuşan kəndlərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin iştirakçısıdır. Müharibədən sonra dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Çavuş əsgərlərdən razılığını bildirdi. Onların idmana həvəsli olduqlarını, yorulmadan məşq etdiklərini dedi. "İdman ilk növbədə sağlamlıqdır. Sağlam bədəndə isə sağlam ruh olur. Ona görə də idmanla məşğul olmaq şərtdir. Gündə ən azı 1-2 saat idman hərəkətləri etməliyik ki, bədənimiz sağlam və möhkəm olsun. Virusların, xəstəliklərin yayıldığı günlərdə isə idmanın vacibliyi bir daha ön plana çıxır. Əsgərlərimizin də hər biri bunları yaxşı anlayır, idmana sevgi bəsləyir. Günün nizam qaydalarına uyğun olaraq fiziki hazırlıq dərslərində yorulmadan idmanla məşğul olur, fiziki güclərini artırır, sağlamlıqlarının qeydinə qalırlar. Hərbi hissəmizdə də şəxsi heyətin idmana marağının artırılması istiqamətində mütəmadi işlər aparılır, bölük və taborlararası futbol, voleybol yarışları keçirilir, fərdi idman növlərində birinciliklər təşkil olunur. Belə tədbirlər də şəxsi heyəti idmanla daha mütəmadi məşğul olmağa sövq edir".
Əsgərlər arasında xidmətə gəlməzdən əvvəl peşəkar və həvəskar idmanla məşğul olanlar da var.  Boks üzrə yeniyetmələr arasında birinciliyi olan Rauf Vəliyev, güləş üzrə həmyaşıdları arasında bir neçə dəfə uğur qazanan Elnur Nacarov, cüdo ilə həvəskar məşğul olan Rihad Sarıyev və başqaları hərbi hissədə fiziki hazırlıq üçün hər cür şəraitin yaradıldığını vurğuladılar. Hər biri qrup rəhbərinin dediyi sözləri təsdiqləyərək, idmanın həyatımızda mühüm və vacib yeri olduğundan danışdı. Bacarıqlı əsgərlər kimi formalaşmaq üçün fiziki hazırlıqlı olmağın şərt olduğunu dedilər. "Gündəlik döyüş hazırlığı məşğələlərində, təlimlərdə və digər bütün fəaliyyətlərimizdə fiziki hazırlığın önəmi hiss olunur. Bir sözlə, digər bütün tapşırıqlar da fiziki göstəricilərimizdən bilavasitə asılı olur. Sağlam əsgər idman hərəkətlərini yorulmadan və cəld yerinə yetirir, eləcə də yüksək əhval-ruhiyyədə olur".
Əsgərlər, həmçinin ötən ilin bu günlərində "Dəmir yumruq" əməliyyatlarında torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizdən söz açaraq, onları heç vaxt unutmayacaqlarını, xatirələrini hər zaman dərin ehtiramla yad edəcəklərini vurğuladılar.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto  Coşqun CƏFƏROVUNDUR