Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

Qalib ordunun əsgəri olmaq şərəfdir

Bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunda da xidmət edən gənclər göstərilən etimadı və güvəni layiqincə doğruldurlar. Müstəqilliyimizin və ərazi bütövlüyümüzün qarantı rəşadətli Azərbaycan Ordusu olduğu kimi, ordunun bel sütunu da nümunəvi xidmət edən gənclərimizdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər bir daha sübut etdi ki, gücünü Vətən sevgisindən alan, mübariz Azərbaycan gəncliyi Vətənimizi qorumağa və bu yolda canını qurban verməyə daim hazırdır.
...Gəncliyimizin uğurları, vətənpərvərliyi, dövlətimiz qarşısında təqdirəlayiq xidmətləri kəlmələrə sığmayacaq qədər böyük və əvəzsizdir. Azərbaycan gəncliyindən əbəs yerə söz açmadım. Bu mövzuda yazmağımın əsas səbəbkarları ötən il düşməndən azad olunan ərazilərimizdə olarkən tanıdığım əsgərlərimizdir. Onlarla xidmət etdikləri bölmədə söhbətləşdim. Xidmətin təşkili, əsgərlərin gündəlik fəaliyyəti, sosial-məişət şəraiti haqqında məsul zabitlə söhbət edib, ərazi ilə tanış oldum. Müşahidə postlarına tərəf irəlilədik. Növbədə olan iki əsgərlə salamlaşdım. Zabit onların xidmətlərindən razı olduğundan, bölməyə gələn gündən verilən tapşırıqların öhdəsindən bacarıqla gəldiklərindən, məsuliyyətli və bacarıqlı olmalarından ağız dolusu danışdı. Zabit ürəyimdən xəbər almışdı. Sanki "Nümunəvi xidmət" rubrikasına yazı hazırlamaq istədiyimi bilirdi. O həm əsgərlərindən qürurla danışdı, həm də "Nümunəvi xidmət"  rubrikasının budəfəki obrazları ilə bizi tanış etdi. Artıq dəftərimdə qeydlərimi aparırdım... Fotomüxbirimiz də iş başında idi. Müşahidə aparan əsgərlərin şərəfli xidmətlərini ölümsüzləşdirmək məqsədilə tarix yazanların obrazını tarixləşdirirdi. İgidlərimizi yaxından tanımaq üçün növbələrinin başa çatmağını gözlədik. Ağaclardan birinin altında əyləşdik, bu ərazilərdə gedən qızğın döyüşlərdən, ordumuzun şanlı qələbəsindən, döyüş xatirələrindən danışdı zabit. Gözümün önündə canlanan mənzərə ilham qaynağım olurdu. Kəndin gözəl təbiəti, təmiz havası, 30 ildən sonra bu torpaqlarda dalğalanan üçrəngli bayrağımız və qalib Azərbaycan əsgəri... Baxdıqca qürurlanır, qürurlandıqca qələmə alıb yazıb-yaratmaq istəyir insan.
...Vaxtın necə keçdiyinin fərqinə varmadım. Zabitin maraqlı söhbəti, mənzərənin ağuşunda düşüncələrə qərq olmağım bir saatdan çox vaxtın necə keçdiyini hiss etdirmədi. Artıq əsgərlərin növbəsi başa çatdı. Silahlarını təhvil verib yanımıza gəldilər. Onlara da çaydan süzüb əyləşmələrini xahiş etdim. Hər birini daha yaxından tanıdım. Fariz Cabbarov və Rüfət Buludzadəyə komandirlərinin onlar haqqında dediyi xoş sözləri çatdırdım. Hər ikisinin qaməti dikəldi, sinələri qabardı. Simalarını saran təbəssümdən sevindikləri və qürurlandıqları hiss olunurdu. Fariz 2002-ci il sentyabrın 29-da Neftçala rayonunda anadan olub. Birinci Qarabağ döyüşlərində şəhid olan Elton Həbibov adına orta məktəbdə təhsil alıb. Vətənin keşiyində inamla dayanmağı özünə mənəvi borc bildiyini deyən Farizin arzusu dənizçi olmaqdır. "Əsgər  kimi komandirim tərəfindən müsbət qiymətləndirilmək çox sevindiricidir. Xidmətə gəldiyim ilk gündən nümunəvi olmağa, verilən tapşırıqları bacarıqla yerinə yetirməyə çalışmışam. Bizə Vətənimizin keşiyində dayanmaq kimi məsuliyyətli və şərəfli vəzifə həvalə olunub. Bu vəzifənin öhdəsindən Vətənə layiqli övlad kimi gəlirik. Sağ olsun dövlətimiz bizim üçün hər cür şərait yaradıb. Təminatımız yüksəkdir. Bu ərazilər qardaşlarımızın canı bahasına düşməndən azad olunub. Ona görə də ərazi bütövlüyümüzü inamla qorumaq hər birimizin müqəddəs vəzifəsidir. Hərbi xidmətimi uğurla başa vurduqdan sonra dənizçi peşəsinə yiyələnmək istəyirəm. Dənizçi olmaq uşaqlıq arzumdur. Bu arzum artıq ikiistiqamətlidir. Həm hərbçi, həm də dənizçi olmaq qərarına gəlmişəm. Xidmətimi başa vurub valideynlərimin də xeyir-duasını aldıqdan sonra Hərbi Dəniz Qüvvələrinə müraciət edəcəyəm. Şərəfli peşə sahiblərinin sırasında olacam".
Farizin arzuları ilk baharı xatırladır. Tumurcuqdan yenicə baş qaldıran qönçələrin yazın gəlişindən muştuluqçu olması kimi, onun da belə həvəslə, sevgi və istəklə danışması çiçəklənən arzularının barından, bərəkətindən xəbərçi olur. Farizin arzularının çin olacağına bir əminlik yaranır. İnşallah, yaxın gələcəkdə Hərbi Dəniz Qüvvələrinin nümunəvi miçmanı kimi ondan yazı hazırlayacam. Farizə uğurlar arzulayıb Rüfət Buludzadənin də düşüncələrini öyrəndim.
Rüfət də Farizlə həmyaşıddır - 2002-ci il oktyabrın 15-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğulub boya-başa çatdığı Biləsuvarda dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra Göyçay Dövlət İdarəetmə və Texnologiya kollecinə daxil olub. Təhsilini donduraraq hərbi xidmətə yollanıb. Düşüncələrinə "Fəxr edirəm ki, qalib Azərbaycan Ordusunun əsgəriyəm" sözləri ilə başladı. "Ötən il döyüşlər gedən zaman hərbi xidmətə çağırıldım. Hələ təcrübəsiz olduğumuz üçün bizi döyüş meydanına aparmadılar. Təlim mərkəzlərində hazırlıq keçirdik. Lakin ürəyimiz cəbhədə döyünürdü. Silahlanıb döyüşlərə qatılmaq üçün həvəslə məqam gözləyirdik. Yüzlərlə mənim kimi gənc əsgər torpaqlarımızın azadlığı uğrunda, bu şərəfli yolda şücaət göstərməyə hazır idi. Döyüşlər Böyük Qələbəmizlə başa çatdıqdan sonra bu bölməyə təyin olundum. Silahdaşlarımızın can verdiyi bu yerlərin keşiyində dayanmaqdan fərəhlənirəm. Şəhidlərimizin, qazilərimizin əmanətini göz bəbəyimiz kimi qoruyuruq. Onların hər birinin qəhrəmanlığı bizə örnəkdir. Zəfər tariximizi və bu tarixi yazanların əziz xatirəsini daim yaşatmaq və gələcək nəsillərə ötürmək də bizim mənəviyyat borcumuzdur. "Keçmişini unudanın gələcəyi olmaz" deyirlər. Öz qəhrəmanlıqları ilə bizə hər zaman qürurla xatırlayacağımız bir keçmişi xəzinə qoyan igidlərimizi heç vaxt unutmayacaq, onlar kimi vətənpərvər, milli-mənəvi dəyərlərimizə bağlı, dövlətimizə və millətimizə sadiq gənclər olacağıq".

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
fotolar  Namiq PƏNAHOVUNDUR