Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

“Zəhranın intiqam atəşi ömrümə ömür verdi”

Leytenant Nemət Ocaqverdiyev Qazaxın Çaylı kəndindəndir. Uşaqlığında da, yeniyetməliyində də erməniliyin nə olduğunu eşidib, görüb. İlk vaxtlar olanların mahiyyətini dolğunluğu ilə dərk edə bilməzdi. Sonralar şəhidlik gördü, şəhidlər gördü, duyumunun ürəyinə saldığı nifrət közü alışdı, böyüdü. Özüylə birlikdə qərarı da böyüyürdü, yəni, mətinləşirdi, dönməzləşirdi.
Xatırlayıram: bu yaşda gənclərin bir-birinə ünvanladığı suallardan birinin mahiyyəti "Kimsən, kim olacaqsan?" məntiqi sualı olur. Bu mahiyyət deyir ki, gələcəkdə kim olmaq istəyirsən. Kim olmaq, yəni, hansı peşəni seçmək niyyətindəsən.
Nemət həmin suala tərəddüdsüz "Hərbçi olacam!" deyib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxuyub. Kursant olaraq hərb ixtisasının sirlərini mənimsəyib. Çöl təlimlərində də fəallar sırasında olub. 2016-cı ilin Aprel döyüşlərində o da  döyüş bölgəsinə göndərilməsini xahiş edib. Ehtiyac olmadığını bildiriblər, "yaxşı oxu, yaxşı zabit ol, zamanında sən də döyüşəcəksən, zabit-komandir kimi..." - deyiblər. Döyüşlərə gedə bilməməsinə görə qanı qaralıbdı, bu kəlmələrə görə bir ürək tutumunca təsəlli yiyəsi olubdu. O gündən daha yaxşı zabit olmaq üçün əlavə kitablar da oxumağa başlayıbdı...
Ali Hərbi Məktəbi 2019-cu ildə bitirdi. Artilleriyaçı kimi ön xətdə hərbi xidmətə başladı. Onda bildi ki, zabit kimi xidmətin özünəməxsusluğu var. Bu özünəməxsusluğu hər zabit dünya duyumuna, aldığı təhsilin səviyyəsinə, məsləhətləri, tövsiyələri qavrama xüsusiyyətinə görə müəyyənləşdirir. Leytenant Nemət Ocaqverdiyev də xidmətini məhz belə qurmağa başladı. Komandir olaraq bu xüsusiyyətləri şəxsi heyətə də aşılayırdı.
"Artilleriyaçı piyadalardan müəyyən xarakterinə görə fərqlənir. Piyada döyüşçülər görünən düşmənlə döyüşür, artilleriyaçı görünməyən, uzaq məsafədəki düşmənlə döyüşür. Digər tərəfdən, artilleriyaçılar həm düşməni müəyyən tələfata uğradır, həm də piyadaların hücumda uğur qazanmasını asanlaşdırır. Sizin yerinə yetirdiyiniz tapşırıqların məsuliyyəti bu baxımdan dəyərləndirilir", - şəxsi heyətə belə deyərdi. Bu, komandir məsləhəti idi...
Vətən müharibəsi başladı. Leytenant Nemət Ocaqverdiyevin komandiri olduğu bölmə də döyüşə qatıldı.
Füzulinin döyüş bölgəsinin  yaxınlığında döyüş gedirdi. Bölməyə o istiqamətdə düşmən mövqelərini atəşə tutmaq əmri verildi. Məsafənin uzaqlığı əmrin yerinə yetirilməsini bir qədər çətinləşdirirdi. Əmr yerinə yetirilməli idi. Koordinatlar təshih edildi. Atəş açıldı. Atəşin dəqiqliyini bildirdilər. Sonrakı atışlar düşmənin mövqeyinin "altını üstünə çevirdi".
Komandanlıq bölmənin döyüşü haqqında yaxşı fikirlər deyirdi. Bu şəxsi heyətin qələbə ruhunu xeyli dərəcədə artırırdı...
Döyüşçülərimiz döyüşə-döyüşə qələbələr qazanır, qələbələr qazana-qazana irəliləyirdilər. Artilleriyaçılar da döyüşlər gedən əraziyə təxliyə edilirdilər...
Şəxsi heyət Alxanlı kəndi istiqamətinə köçürüldü. Yeni ərazi ilə xəritə üzərində tanış oldular.
Həmin istiqamətdə düşmənin avtomobil kolonu yaxınlaşırdı. O kolonu dayandırmaq, məhv etmək leytenant Nemət Ocaqverdiyevin komandiri olduğu bölməyə tapşırıldı. Gənc leytenant əmrin mahiyyətini şəxsi heyətə izah etdikdən sonra nəyisə xatırladı:
- 2017-ci il iyulun 4-də Ermənistan silahlı birləşmələri mülki əhalini 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu. 14 aylıq Zəhra həlak oldu. İlk atəş onun qisasıdı. Atın!
O gün düşmənin sığındığı mövqe də darmadağın edildi...
Vətən müharibəsi Zəfərlə başa çatdı. Torpaqlarımız işğaldan azad edildi.
...Leytenant Nemət Ocaqverdiyev dedi ki, Vətən müharibəsində ömrümə ömür verən atəş - Zəhranın intiqam atəşi oldu...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"