Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

Döyüş yolu - Zəfər yolu

Təlimləri izləmək istər-istəməz insanda döyüş ovqatı yaradır, onu zəfərə, qələbəyə kökləyir. İstehkamçıların təlim-məşqlərini izlədikcə xoş hisslər keçirirdik. Zirehli texnikaların gurultusu geniş çöllərə yayılırdı. Təcrübəli, peşəkar hərbçilər üzərlərinə düşən tapşırıqları cəld və çevik hərəkətlərlə yerinə yetirirdilər. Gördüyümüz bu mənzərələr, sözün həqiqi mənasında, ovqatımıza ovqat qatırdı.
Vətən müharibəsində hərbi istehkamçılar da böyük hünər və rəşadət göstərdilər. Üzərlərinə düşən döyüş tapşırıqlarının öhdəsindən bacarıqla gəldilər. Onlar zabit və əsgərlərimizin düşmən üzərinə əks-hücuma keçmələri üçün işğalçıların 30 ildə hazırladıqları istehkamları, keçilməz hesab olunan sədləri darmadağın etdilər. Hərbçilərimizin düşmən mövqelərinə maneəsiz hücuma keçmələrinə şərait yaratdılar. Nə qədər çətin olsa da, hərbi istehkamçılar düşmən üzərində qələbəmiz naminə, torpaqlarımızın işğaldan və işğalçılardan azad olunmasına görə bu mühüm tapşırığın öhdəsindən bacarıqla gəldilər. Qələbənin, Zəfərin qazanılmasını təmin etdilər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxışında düşmən istehkamlarının dağıdılmasından bəhs edərək deyib: "Ermənilərin 30 il ərzində qurduqları istehkamları, 5-6 xətt müdafiə istehkamlarını və o bölgənin relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq".
Düşmən maneələrinin darmadağın edilməsində hərbi istehkamçılar böyük rəşadət göstərdilər. Vətən müharibəsindən geriyə zəfərlərlə, qələbələrlə dönən mühəndis-istehkamçılar yenə də təlim keçir, döyüş hazırlıqlarını artırırlar.
Şəxsi heyətin təlimini yaxından izləyən zabit Emil Əmiraslanovla söhbət etdik. Təlimin gedişi, şəxsi heyətin hazırlığı ilə maraqlandıq. Zabit dedi ki, Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq mühəndis qoşunlarının hərbi hissə və birləşmələrində təlimlər keçirilir. “Hərbi hissəmizin istehkamçıları da bu təlimlərə qatılıblar. Zabit və əsgərlərimiz təlim-məşqlər zamanı peşəkarlıqlarını, bacarıqlarını daha da artırır, xidmətdə uğurlar qazanır, verilən döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirirlər.
Bu gün təlimə qatılan zabit və əsgərlərin əksəriyyəti Vətən müharibəsinin iştirakçılarıdır. Onlar 44 gün davam edən İkinci Qarabağ müharibəsində üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Əks-hücum əməliyyatları zamanı qoşunlarımızın düşmən üzərinə hücuma keçməsi üçün yollar açdılar, "körpü"lər saldılar. Mühəndis-istehkamçılarının açdığı bu yollar sonda bizi Zəfər yoluna qovuşdurdu.
Müharibədən qələbə ilə geri dönən zabit və əsgərlərimizin üzü gülürdü. Xidmətə yeni çağırılan gənc əsgərlər müharibədən qələbə ilə dönənləri gördükcə qürur hissləri keçirirdilər. Zabit və əsgərlərimizin döyüş hazırlığının yüksək səviyyədə olması bizi çox sevindirir. İnanırıq ki, hazırlığı belə yüksək olan istehkamçılar bundan sonra da xidmətdə uğurlar qazanacaq, ən çətin tapşırıqların öhdəsindən bacarıqla gələcəklər".
Fasilə zamanı məşğələnin rəhbəri kapitan Qurban Qurbanov dedi ki, bölməmizin zabit və əsgərləri Vətən müharibəsində yaxından iştirak etdilər. “Biz istehkamçılar üzərimizə düşən tapşırıqların öhdəsindən bacarıqla gələrək ermənilərin müdafiə qurğularını, qurduqları “keçilməz” sədlərini darmadağın etdik. İşğalçılar qarşımızda çox dayana bilmədilər. Qoşunlarımızın irəliləməsi üçün tələb olunan bütün tapşırıqları bacarıqla yerinə yetirdik. Döyüşlərdən geriyə zəfərlə döndük. Qazanılan uğurlar nə qədər yüksək olsa da, bizi arxayınlaşdırmır. Gördüyünüz kimi, bu gün yenə də təlimlərdəyik, yenə də döyüş hazırlığımızı artırırıq, yenə də hərbi bilik və vərdişlərə yiyələnirik. Yaxşı dərk edirik ki, döyüş hazırlığımız nə qədər yüksək olarsa, uğurlarımızın da sayı o qədər çox olacaq. Hərbi qulluqçularımızın döyüş yolu Cəbrayıldan, Füzulidən, Qubadlıdan və başqa bölgələrdən keçdi. Harada, hansı bölgədə olduqsa, orada döyüş tapşırıqlarını peşəkarcasına, cəsarətlə, hünərlə yerinə yetirdik. Həm döyüşlərdə, həm də xidmətdə fərqlənən baş gizir Musa Nəzərovun, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Əhliman Gülmalıyevin, çavuş Tural Feyzullayevin, kiçik çavuş Rəvan Qurbanovun, kiçik çavuş Elşən Orucovun, əsgər Famil Fətullayevin və başqalarının adlarını çəkmək istərdim. Bu hərbi istehkamçılar həm döyüşlərdə, həm də təlimlərdə üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəlirlər. Belə hərbçilərimizlə fəxr edirik".
Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Famil Fətullayev iştirakçısı olduğu döyüşlərdən söhbət açaraq dedi ki, Qubadlı rayonu uğrunda gərgin döyüşlər gedirdi. "Erməni işğalçıları Həkəri çayı üzərindəki körpünü dağıtdıqlarına görə qoşunlarımızın o biri sahilə keçməsi çətinləşdi. Düşmən irəlilədiyimiz istiqamətə dayanmadan atəş açırdı. Atəşə, üstümüzə yağan güllələrə baxmayaraq, idarə etdiyim döyüş maşınını Həkəri çayının sahilinə sürdüm. Qısa müddət ərzində çayın üzərinə "körpü" saldıq. Qubadlı istiqamətinə gedən ordu hissələrimiz bu "körpü"dən çox rahatca keçib düşmən üzərinə şığıdılar. Bu gün isə təlimlərdəyik. Təlimlərdə çox fəal iştirak edir, döyüş hazırlığımızı artırırıq".
Fasilə başa çatdıqdan sonra məşğələ yenə də öz axarı ilə davam etdi. Təlim meydanından geriyə xoş hisslərlə döndük. Dərələrin qoynuna tərəf uzanan torpaq yollar bizi ağuşuna aldı. Bu tozlu-torpaqlı yolların arxasından Şuşaya doğru uzanan Zəfər yolu görünürdü. O yol ki, hərbi istehkamçılar onu cəsarətlə, hünərlə və qəhrəmanlıqla keçiblər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"