Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

Ən bacarıqlı tabor komandirləri seçildi

"N" hərbi hissəsində Quru Qoşunlarının 2021-ci il üçün hazırlıq planına əsasən "Ən yaxşı motoatıcı (dağatıcı) tabor komandiri" adı uğrunda yarış keçirildi. Yarışlarda müxtəlif hərbi hissə və birləşmələrdən zabitlər iştirak edirdilər. İştirakçılar rəhbəredici sənədlərin tələbləri üzrə nəzəri biliklərin yoxlanılması, taktiki tapşırığın həlli, atəş, sıra və fiziki hazırlıqlar üzrə mərhələlərdə mübarizə apardılar. Zabitlər yarışın qalibi olmaq üçün bütün bacarıq və təcrübələrini səfərbər etdilər.
Üç gün davam edən yarış maraqlı anlarla yadda qaldı. Ən yaxşı tabor komandiri adını qazanmaq üçün zabitlər mərhələlərdən uğurla keçməyə çalışırdılar. Komissiya üzvləri yarışın gedişində iştirakçıların bütün hərəkətlərinə ciddi fikir verir, hər mərhələnin qaydalara uyğun olaraq keçirilməsini təmin edirdilər.
Sonda komissiya üzvləri iştirakçıların qazandıqları balları hesablayaraq nəticələri elan etdilər. Ən yaxşı motoatıcı tabor komandiri yarışında hazırlığı daha yüksək olan kapitan Gülməmməd Rzazadə 1-ci, mayor Nail Kərimov 2-ci, mayor Tapdıq İbrahimov 3-cü yerə layiq görüldülər.
Yarışın qalibləri ilə görüşüb söhbət etdik. Söhbət zamanı zabitlərin yarış barədə təəssüratlarını da öyrəndik. Onların fikirlərini oxucularımıza çatdırırıq.

 

İgidlik və şücaətə görə...



"Ən yaxşı motoatıcı (dağatıcı) tabor komandiri" adı uğrunda yarış zamanı bütün gücünü səfərbər edərək birinci olan kapitan Gülməmməd Rzazadə ilk müsahibimiz oldu. Əvvəlcə özü haqqında məlumat verən tabor komandiri bildirdi ki, Neftçala rayonu Bankə qəsəbəsində anadan olub. Kiçik yaşlarından zabit olmaq qərarına gələn Gülməmməd Rzazadə 2007-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə, 2010-cu ildə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. 2014-cü ildə leytenant hərbi rütbəsi ilə "N" hərbi hissəsində xidmətə başlayıb. Gənc zabit xidmət illərində daim Ali Baş Komandanın döyüş əmrini səbirsizliklə gözləyib. Kapitan Gülməmməd Rzazadə 2020-ci il sentyabrın 27-də başlanan əks-hücum əməliyyatına Suqovuşan kəndi istiqamətindən qatılıb. Vətən müharibəsində yüksək peşəkarlıqla düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində fədakarlıq və rəşadətlə vuruşub, Suqovuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik və mərdlik nümunəsi göstərdiyinə görə kapitan Rzazadə Gülməmməd Fərid oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
- Çox sevincliyəm ki, qalib oldum, - yarışın qalibi kapitan G.Rzazadə bizimlə təəssüratlarını bölüşdü. - Burada iştirak edən zabitlərin hamısı təcrübəli və biliklidir. Bütün mərhələlərdə güclü rəqabət olmasına baxmayaraq qalib olmağım mənim üçün qürurvericidir. İnanıram ki, bu yarışda əldə etdiyim yeni biliklər də mənə xidmətimdə yardımçı olacaq, Vətənimizə layiqli əsgərlərin formalaşmasında vacib rol oynayacaq. Bu cür yarışlar təkamül və inkişaf üçün əsas amillərdəndir. Ona görə də biz zabitlər bu yarışlarda həmişə həvəs və maraqla iştirak edirik.

 

Gələcək xidmətində daha da böyük uğurlar qazanacaq



10  yanvar 1987-ci ildə Naxçıvan şəhərində dünyaya göz açan  mayor Nail Elsevər oğlu Kərimov İslam Səfərli adına orta məktəbdə təhsil alıb. O, 2001-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə, 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Təhsil ocaqlarında hərbi biliklərə dərindən yiyələnib.
Mayor Nail Kərimov Vətən müharibəsinin iştirakçısıdır. Erməni qəsbkarlarına qarşı cəsarət və rəşadətlə vuruşub.
- İkinci Qarabağ müharibəsi başlananda Silahlı Qüvvələrin Hərbi Akademiyasında təhsil alırdım, - deyə mayor Nail Kərimov söhbətə başladı. - Noyabrın 1-də təhsilimizi yarımçıq qoyub erməni işğalçıları ilə döyüşə yollandıq. Vuruşmaq üçün bizi Qubadlı rayonu istiqamətinə göndərdilər. Artıq düşmən Cəbrayıldan, Füzulidən, Zəngilandan və başqa bölgələrimizdən qovulmuşdu. Qubadlı rayonunun Yuxarı Xocamusalı kəndində oldu. Daha sonra Aşağı Xocamusalı, Tarovlu kəndlərini də gərgin döyüşlər nəticəsində ermənilərdən azad etdik. Burada gördüklərimizdən dəhşətə gəldik. Düşmən kəndlərdə daşı-daş üstə qoymayıb, ağaclar kəsilib, evlər yerlə-yeksan edilib. Hər tərəfdə erməni qəsbkarlarının qanlı izi qalıb. Vətən müharibəsi bir daha göstərdi ki, kim təcrübəli, kim güclü və hazırlıqlıdırsa, o da döyüşlərdə qalib gəlir. Biz güclü olduğumuza görə İkinci Qarabağ müharibəsindən qalib çıxdıq. Yarışlardan danışan zabit deyir ki, belə səmərəli müsabiqələrin keçirilməsi çox vacibdir. Çünki biz bu yarışlarda hazırlığımızın hansı səviyyədə olduğunu aydın şəkildə görürük. Bilik və bacarıqlarımızı daha da təkmilləşdiririk. Ona görə bu cür yarışların keçirilməsi vacibdir. Düzdür, mən bu yarışın ikincisi oldum. Ümid edirəm ki, gələcək yarışlarda daha da böyük uğurlar qazanacam.
Söhbət zamanı onu da öyrəndik ki, mayor Kərimov Nail Elsevər oğlu Vətən müharibəsində göstərdiyi igidliyə görə "Qubadlının azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarına layiq görülüb. İnanırıq ki, bacarıqlı zabit Nail Kərimov özünün də dediyi kimi, gələcək xidmətlərində daha da böyük uğurlar qazanacaq.

 

Təcrübə həmişə uğur qazandırır



Gərgin keçən yarışın üçüncüsü mayor Tapdıq Niftulla oğlu İbrahimov 1987-ci il avqustun 6-da Salyan rayonunun Xələc kəndində anadan olub. Təhməz Şirinov adına Xələc kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Burada motoatıcı ixtisasına yiyələnib. 2009-cu ildə hərbi təhsilini başa vuraraq "leytenant" hərbi rütbəsi alıb. 2010-cu ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində ixtisasartırma kursu keçib. Elə həmin il taqım komandiri kimi cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmətə başlayıb. Müxtəlif hərbi hissə və birləşmələrdə xidmət edən mayor Tapdıq İbrahimov hazırda tabor komandiridir.
Zabit Vətən müharibəsinin od-alovundan keçib. İkinci Qarabağ müharibəsinin ilk günlərindən tabor əks-hücum əməliyyatlarına atılıb. Onun üçün ən ağır və gərgin döyüşlərdən biri Hadrut qəsəbəsi uğrunda olub.
- Ermənilər Hadrut istiqamətində çox ciddi müqavimət göstərirdilər, - deyə mayor Tapdıq İbrahimov iştirakçısı olduğu döyüşlərdən söz açdı. - Müqavimət nə qədər güclü olsa da, biz hərbçilər əbədi-əzəli torpaqlarımızı düşməndən azad etməliydik. Onlar  Azərbaycan əsgərinin gücü qarşısında dayana bilməyib geri çəkildilər. Hadrut qəsəbəsi işğalçılardan azad olundu. Bundan sonra Xocavənd rayonunun Tuğ, Yuxarı Veysəlli, Akaku, Domu, Sığnaq və başqa kəndlərini də işğalçılardan təmizlədik. Sonra döyüşlərimizi Qarabağın tacı olan Şuşa istiqamətində davam etdirdik. Gərgin keçən əməliyyatlardan sonra Vətənimizin gözəl guşəsi olan Şuşa da erməni işğalçılarından azad olundu. Torpaqlarımızı yağılardan təmizlədikcə sevincimiz aşıb-daşırdı. Addım-addım torpaqlarımızı erməni işğalçılarından təmizləyirdik. Arxada qalan illər ərzində biz keçirilən təlim-məşqlərdə xeyli döyüş təcrübəsi qazandıq. Zəngin döyüş təcrübəsi isə həmişə zabitə, əsgərə uğur qazandırır. Döyüş təcrübəmiz yüksək olduğuna görə biz Vətən müharibəsində qalib olduq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük hünər və qəhrəmanlıqlar göstərdik. Vətən müharibəsindən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallara layiq görüldüm.
Mayor Tapdıq İbrahimov "Ən yaxşı motoatıcı tabor komandiri" yarışı haqqında da təəssüratını bizimlə bölüşərək dedi ki, belə birinciliklər bizim təcrübə və səriştəmizi daha da artırır. Yarışlarda qazandığımız bilik və döyüş vərdişlərini gələcək məşğələlərdə şəxsi heyətə də aşılayacağıq.
Yarışın qaliblərini zabit yoldaşları da təbrik etdi, onlara yeni-yeni uğurlar arzuladılar. Biz də öz növbəmizdə bu təbriklərə qoşuluruq.

İbrahim MƏMMƏDBƏYOV, Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"