Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 Noyabr 2021 17:38

Vətən müharibəsi bizi daha böyük uğurlara ruhlandırır

Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ordu elmi əsaslarla quruldu, peşəkar kadr potensialı hazırlandı, nizam-intizam möhkəmləndirildi, həmçinin maddi-texniki təchizatın yüksəldilməsi baxımından da bir sıra zəruri tədbirlər həyata keçirildi. Ulu Öndərin ordu quruculuğu ilə bağlı siyasi dəst-xətti, ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən çox böyük fədakarlıqla həyata keçirilir. Dövlət başçısı ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü islahatlar aparmaqdadır.
Aparılan uğurlu islahatların nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib. Ordumuzun kəmiyyət və keyfiyyət baxımından komplektləşdirilməsi, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, maddi-texniki bazasının gücləndirilməsi, hərbçilərin maddi rifah halının ildən-ilə yaxşılaşdırılması, ordu hissələrinin müasir texnika və avadanlıqlarla təchiz edilməsi, habelə beynəlxalq təcrübənin mənimsənilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər praktik nəticələrini verməkdə davam edir. Ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində davam etdirən Ali Baş Komandan bu məqsədlə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib.
Dövlətin hərtərəfli qayğısını hər addımda hiss edən mətin əsgər və zabitlərimiz üzərlərinə düşən məsuliyyəti yetərincə dəyərləndirir, komandanlığın əmr və göstərişlərini yüksək səviyyədə yerinə yetirməyə çalışırlar. Müdafiə Nazirliyinin həyata keçirdiyi kompleks tədbirlər nəticəsində bu gün düşmən işğalından azad olunan torpaqlarımızın keşiyini çəkən əsgər və zabitlərin xidməti və sosial-məişət vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb. Bu istiqamətdə işlər planlı şəkildə davam etdirilir. Bütün təminatları qaydasında olan şəxsi heyətin əsas diqqəti nizam-intizama, hərb elminin incəliklərinin dərindən öyrənilməsinə, qısaca döyüş hazırlığının yüksəldilməsinə  yönəlib.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması zəruri məsələlərdən biridir. Çünki düşmənə qarşı mübarizədə və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində şəxsi heyətin döyüş vərdişlərinin artırılması mühüm əhəmiyyət kəsb etdiyini zaman göstərdi. Vətən müharibəsində ordunun əldə etdiyi uğurların arxasında mütəmadi keçirilən döyüş hazırlığı dərsləri və təlimlər dayanır. Bütün bunlar mürəkkəb əməliyyat şəraitində zabit və əsgərlərin təcrübi bacarığının və mənəvi-psixoloji dözümlülüyünün formalaşmasına yardımçı olur.
Şəxsi heyətin döyüş hazırlığı çox mühüm anlayışdır və bu anlayış geniş tədbirlər kompleksini əhatə edir. Döyüş hazırlığı dedikdə, hərbi əməliyyatlar zamanı heyət və bölmələrin düşmənə üstün gəlməsi üçün lazım olan bilik və vərdişlərin aşılanması nəzərdə tutulur. Belə ki, mütəmadi olaraq keçirilən genişmiqyaslı təlimlər nəticəsində yüksək döyüş qabiliyyətinə və peşəkar komandir heyətinə malik olan ordumuz qısa zamanda düşməni məhv etdi. Vətən müharibəsində qazanılan tarixi Qələbə ordumuzun rəşadətinin, yüksək döyüş hazırlığının, güclü maddi-texniki bazasının olduğunu bir daha göstərdi.
Bu gün də Azərbaycan Ordusunun bütün qoşun növlərində və bölmələrində döyüş hazırlığının artırılması və Vətən müharibəsində qazanılan təcrübənin aşılanması istiqamətində mütəmadi olaraq məşğələ və təlimlər keçirilir.
Tədrisin yüksək səviyyədə təşkilinin və səmərəliliyinin artilleriya bölmələrindən birində şahidi olduq.
Hərbi hissədə olarkən döyüş maşınının heyəti ilə keçirilən məşğələni müşahidə etdikcə, bir daha əmin olduq ki, komandanlıq şəxsi heyətin döyüş vərdişlərinə yiyələnməsinə xüsusi diqqət ayırır.
Zabit Tural Quliyev döyüş maşınının incəliklərini həvəslə izah edir, əsgərlər isə maraqla komandiri dinləyirdilər.
Baş leytenant Tural Quliyev vəzifə borclarını və ona təhkim olunan silahın, döyüş texnikasının xüsusiyyətlərini yaxşı bilən hərbi qulluqçunun döyüş meydanında uğur qazanacağına əminliyini bildirərək dedi: "Tabeliyimizdə xidmət edən şəxsi heyətin həm mənəvi-psixoloji, həm döyüş, həm də fiziki hazırlıq səviyyəsi yüksəkdir. Əsgərlərimizin hərbi biliklərinin artırılmasında, bacarıqlı Vətən müdafiəçiləri kimi formalaşmasında biz zabitlərin üzərinə məsuliyyətli və müqəddəs vəzifələr düşür. Azərbaycan zabitinin bu vəzifələrin öhdəsindən layiqincə gəldiyinin Vətən müharibəsində bir daha şahidi olduq. Zabitlərimiz həm döyüşü yüksək peşəkarlıqla idarə edir, həm də şəxsi heyət ilə çiyin-çiyinə ön sıralarda döyüşürdülər. Bu da əsgərlərə əlavə stimul verir, döyüş ruhunu yüksəldirdi. 44 gün davam edən İkinci Qarabağ müharibəsində rəşadətli ordumuz düşmən təxribatlarının qarşısını alaraq, Ali Baş Komandanımızın əmri ilə əks-hücum əməliyyatına başladı və işğalda olan torpaqlarımızı azad etdi. Bununla da ordu quruculuğunda illərdir aparılan uğurlu islahatların, keçirilən dərslərin, təlimlərdə tökülən tərlərin əbəs yerə olmadığı təsdiqləndi".
Zabit sözünü bitirdikdən sonra əsgərlərlə də həmsöhbət olduq. Dərsdə  fəal iştirak etmələrindən hərbi bilikləri öyrənməyə nə qədər həvəsli olduqları aydın görünürdü.
Qalib ordunun əsgəri olmaqdan qürurlandığını bildirən  əsgər Cəfər Əlişov fikirlərini belə ifadə etdi. "Təlim və tədris proseslərində bütün normativlərin vaxtında və dəqiq yerinə yetirilməsi əsas prinsip kimi götürülür. Bizim əsas vəzifəmiz hərbi əməliyyatların aparılması zamanı motoatıcıları atəş dəstəyi ilə təmin etməkdir. Onlara yardım etmək üçün bizə verilən hədəfləri sıradan çıxarmalıyıq. Dərslərdə hərbi texnika ilə necə davranmağın sirlərini yaxından öyrənirik. Mütəmadi olaraq keçirilən məşğələlər bilavasitə atəş mövqeyində aparılır. Hər birimiz koordinatlar əsasında istənilən hədəfi dəqiq zərbələr endirməklə məhv etməyi bacarırıq".
Əsgər Mircəfər Cəfərov bildirdi ki, keçirilən dərslər onlarda hərbi xidmətə marağı daha da artırır. "Heyəti olduğumuz döyüş maşınının sirlərini dərindən mənimsəyirik. Bura hər birimiz üçün bir məktəbdir. Bu məktəb bizi cəsarətli, güclü, bacarıqlı əsgərlər kimi formalaşdırır. Hərbi biliklərin və vərdişlərin qazanılmasında zabitlərimizin əməyi böyükdür. Diqqət və qayğılarını heç vaxt bizdən əsirgəməyən  komandirlərimizə dərin minnətdarlığımı bildirirəm".
Hərbi xidmətə Ağsu rayonundan çağırılan Orxan Muradov əsgər yoldaşının sözlərinə dəstək olaraq keçirilən dərslər sayəsində yüksək döyüş hazırlığına malik olduqlarını qeyd etdi. "Praktiki məşğələlərimiz öncədən təyin edilən açıq ərazidə, nəzəri dərslərimiz isə sinif otaqlarında keçirilir. Heyəti olduğumuz döyüş maşınının taktiki-texniki xüsusiyyətlərini komandirlərimiz sayəsində dərindən mənimsəyirik. Uğurla davam edən əsgəri xidmətimizdə daim hərbi biliklərimizi artırır, döyüş vərdişlərini və bacarıqlarımızı təkmilləşdiririk. İstənilən döyüş əməliyyatlarında inamla iştirak etməyə hazır və qadirik. Biz öz gücümüzü və qüdrətimizi Vətən müharibəsində qazandığımız qələbə ilə bütün dünyaya göstərdik. 30 ilə yaxın işğalda qalan torpaqlarımızda bu gün şanlı üçrəngli bayrağımız dalğalanır. Bu, hər birimizin qüruru, sevinci, qələbəsidir. Xalqımız bundan sonra da əmin olsun ki, Vətənimizi göz bəbəyimiz kimi qoruyacaq, əsgər adını uca tutacaq, millətimizə daim başucalığı gətirəcəyik".
Orxanın uğurlu xidməti ilə yanaşı, qətiyyətli sözləri də onun vətənpərvərliyindən, rəşadətli ordumuza layiqli əsgər olmasından xəbər verir. Ona şərəfli xidmətində uğurlar arzulayıb, silahdaşı əsgər Əli Ağayevlə söhbətləşdim. O da rəşadətli və yenilməz ordunun əsgəri olmaqdan qürurlandığını və nümunəvi xidməti ilə ordumuza layiqli əsgər olmaq üçün hər zaman öz üzərində çalışdığını bildirdi. Əli bütün təminatlarının qaydasında olduğunu, nümunəvi xidmət etmələri üçün hərbi hissədə hər cür şəraitin yaradıldığını dedi. "Yaradılan şəraitlə yanaşı, diqqət və qayğı da yüksəkdir. Bu da mənəvi-psixoloji hazırlığımıza müsbət təsir edir. Verilən tapşırıqlara məsuliyyətlə əməl edib, döyüş hazırlığımızı daim yüksək tuturuq. Bütün məşğələlər belə maraqlı və səmərəli olur. Öyrədilənləri dərindən mənimsəyir, həm hücumda, həm də müdafiədə üzərimizə hansı vəzifələr düşdüyünü yaxşı bilirik. Bir sözlə, döyüş hazırlığımız yüksəkdir və biz istənilən döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə hazırıq".
Döyüş bacarıqlarını əməli fəaliyyətlərində də göstərən əsgərlərimizlə səmimi söhbətimiz könül xoşluğu aşılayır. Vətənə, xalqa sədaqətlə xidmət etməyin verdiyi qürurdan, müqəddəs yolun yolçusu olmaqlarından ürək dolusu danışdılar. Əminliklə deyə bilərik ki, bu gün ordu sıralarında xidmət edən bilikli və bacarıqlı, yüksək döyüş hazırlığına malik hərbi qulluqçularımız ərazi bütövlüyümüzü qorumağa, düşmən təhdidinin qarşısını asanlıqla almağa qadirdilər.
Vətən müdafiəçiləri qeyd etdilər ki, Azərbaycan Ordusunun sıralarında xidmət etmək fəxrdir. Həqiqətən də, bu gün ordu sıralarında xidmət edən hər bir kəs yaxşı bilir ki, qüdrətli və qalib ordunun əsgəri adını daşımaq məsuliyyətli olduğu qədər də fəxarətlidir.
 
Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"
fotolar Namiq PƏNAHOVUNDUR