Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

13 Noyabr 2021 15:15

“Əbədi Zəfərimizdən qürur duyur və bu Qələbə naminə döyüşən bütün övladlarımızla fəxr edirəm!”

Ötən il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin genişmiqyaslı təxribatlarına qarşı başlanan uğurlu əks-hücum əməliyyatından artıq bir il ötür. Bu günlər xalqımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində nail olduğumuz Zəfərin ildönümünü qürur hissi ilə qeyd edir. Ordumuzun tarixi qələbəsi ilə başa çatan döyüşlərdə igid oğullarımız qəhrəmanlıq və şücaət nümunələri göstərərək, adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Azərbaycan əsgəri Vətən torpaqlarının erməni işğalından azad olunması naminə canından keçdi. Bu gün hər kəs onların keçdiyi döyüş yolunu fəxr hissi ilə yaşayır.
Vətən müharibəsinin qürurunu yaşayanlardan biri də Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında kiçik tibb işçisi kimi çalışan Rimayə Abasovadır. Rimayə xanım həm də iki igid döyüşçü anasıdır.
Söhbətimiz zamanı Rimayə ana həyat yolunda çətinliklərlə üzləşməsinə baxmayaraq övladlarını Vətənə layiqli vətəndaş olaraq böyütdüyünü, bundan qürur duyduğunu və onlarla fəxr etdiyini bildirdi.
Öyrənirik ki, Rimayə ananın iki övladı 44 günlük Vətən müharibəsində iştirak edib. O həmin günləri həm qürur, həm də həyəcan hissi ilə xatırlayır. "Başda Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla  ötən il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində çətin, lakin şərəfli bir yol keçdik. Dövlət-xalq-ordu birliyimiz ilə doğma torpaqlarımızı düşməndən azad etmək naminə haqq mübarizəsinə atıldıq. Mən də  döyüşlərin sonunadək həyəcan hissi ilə yaşadım. Çünki mənim də iki oğlum döyüşlərdə mənfur düşmənə qarşı vuruşurdu".
Rimayə ana həmin günlərdə hərbi hospitalda çalışmağın onun üçün çətin olduğunu da qeyd etdi. "Çətinliklə böyütdüyüm övladlarımı Allaha əmanət edərək müqəddəs savaşa yola salmışdım. Müharibə dövründə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına daxil olan hər bir yaralını öz övladım, yaxınım bilirdim, övlad sevgisi ilə onlara qulluq edirdim. Bütün tibbi personalımız da onların sağalması, yenidən döyüş meydanına qayıtmaları üçün əlindən gələni əsirgəmirdi. Bütün analar adından tibb işçilərimizə də təşəkkür etmək istərdim".
Söhbət zamanı Rimayə ana onu da dedi ki, oğlu Aslan 2019-cu ilin aprelində müddətli həqiqi hərbi xidmətə yollanıb. "Mən həmişə olduğu kimi, hərbi xidmətə yola düşəndə ona dedim ki, Vətəni göz bəbəyin kimi qoru. O isə mənə cavabında "Nigaran qalma, ana, elə edəcəyəm ki, sən həmişə mənimlə fəxr edəsən", - dedi. Aslan bəzən həddindən artıq ərköyünlük, dəcəllik edirdi, sanki balaca uşaq idi. Vətən müharibəsi günü o böyüdü, bütün uşaqlığı geridə qaldı".
Aslan "N" hərbi hissəsinin tərkibində Tərtər rayonu istiqamətindən başlayaraq Ağdərə və Suqovuşan uğrunda gedən döyüşlərdə fəal iştirak edib.
"Aslanla sonuncu dəfə sentyabrın 23-də danışanda, o mənə dedi ki, ana az qalıb, bir neçə gündən sonra mən də tərxis olacağam, sizin yanınıza Vətənə övladlıq borcunu şərəflə ödəyən bir vətəndaş kimi qayıdacağam. Lakin sentyabrın 27-də ordumuz erməni silahlı birləşmələrinin təxribatlarına qarşı əks-hücum əməliyyatına başladı. Müharibə başlayandan bir neçə gün sonra tanımadığım nömrədən zəng gəldi. Titrək səslə telefona cavab verdim. "Ana, mənəm Aslan". Onun səsi sanki məni yuxudan oyatdı. "Oğlum, səninlə fəxr edirəm, qürur duyuram. Torpaqlarımız uğrunda inamla döyüşün və Vətənimizi son qarışınadək işğaldan azad edin. Dualarımız sizinlədir!" dedim. Aslan cavabında "Ana, mən şəhid olsam ağlama, Vətənin borcundan çıxmalıyam" deyərək sağollaşdı. Bu zəngdən sonra mən müharibə bitənə qədər Aslanın səsini eşitmədim".
Söhbətə davam edən ana oğlu Mirzənin də Vətən müharibəsinə yollandığı günü sanki bu gün yaşayırmış kimi xatırlayır. "Mən müharibənin 15-ci günündə növbədən sonra bir günlük evə getmək qərarına gəldim. Az da olsa dincəlib, yenidən iş yerimə qayıdacaqdım. Həmin gün oğlum Mirzə də evdə idi. Amma onun da cəbhəyə gedəcəyi heç ağlıma da gəlməmişdi. Mirzə "Ana, mənə də, qardaşıma da çəkdiyin əziyyəti halal et", - dedi. O, boynuma sarılıb sakit səslə "Bizə Vətəni sevməyi, Vətəni qorumağı sən öyrətdin", - söylədi. Bunlar mənim onlara öyrətdiyim, tez-tez dediyim sözlər idi. "Allaha əmanət olun, Allah sizləri qorusun", - dedim.
Mirzənin alnından öpüb onu da döyüşlərin getdiyi bölgəyə yola saldım. O, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
Mirzəni cəbhəyə yola saldığım gün gözümə yuxu getmədi. Yenidən hərbi hospitala, iş yerimə qayıtmaq qərarına gəldim. Yenə də nigaranlıq, yenə də övlad həsrəti. 44 gün ərzində övladlarımızın evlərinə sağ salamat qayıtmaları üçün dualar edirdim".
44 günlük Vətən müharibəsinin qələbəmizlə başa çatmasını Rimayə ana da böyük qürurla, sevinclə qarşıladı. "Artıq qələbə qazandıq. Qalib Azərbaycan Ordusunun hərbi qulluqçusu olan hər iki oğlumu səbirsizliklə gözləyirdim. Döyüşlərdə başımızı uca, üzümüzü ağ etdikləri üçün onlarla fəxr edir, qürur duyurdum. Torpaqlarımızın azad olunmasında, Zəfərin qazanılmasında hər iki övladımın əməyinin olmasının sevincini qürurla yaşayırdım".
Rimayə ana döyüşlərdə iştirak edərək xalqımıza Qələbə sevincini bəxş edənlərin sırasında olan oğlu Aslanın hərbi xidmətdən qayıtmasını da xoş xatirələrlə yada salır. "Aprelin 3-də hava qaralmağa başlayanda bir avtomobil səsi gəldi. Sanki gözümdə birdən-birə bütün küçə işıqlandı. Dərhal özümü çölə atdım. Aslanı görəndə dizi üstə çökdüm. Ayaqlarım sanki arxamca gəlmir, sözümə baxmırdı. Müharibədə iştirak edərək Zəfər yolu keçən övladım qarşımda idi. "Bizi Vətənə, xalqa layiqli övlad kimi böyütdüyün üçün çox sağ ol, ana. Sənin kimi anaların duaları, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun gücü sayəsində biz düşmən üzərində zəfər çaldıq. Qəhrəman oğullarımızın fədakarlığı sayəsində artıq doğma Vətənimiz yağı düşməndən azad edildi, biz Qələbə qazandıq və mən də qalib ordunun əsgəri olaraq sözümü tutdum, yanına qalib əsgər kimi döndüm", - dedi.
"Həmin gün hamı Aslanın gəlişi münasibətilə bizə toplanmışdı. Hər kəs ailəmizə gözaydınlığı verir, həm Qələbə, həm də oğlumun müharibədən sağ-salamat qayıtması münasibətilə bizi təbrik edirdi. Mən bir tərəfdən sevinsəm də, digər tərəfdən kədərli idim. Çünki torpaqlarımızın azadlığı uğrunda gedən 44 günlük Vətən müharibəsində neçə-neçə oğullarımız şəhid oldu. Həmin an bir daha öz canlarından keçərək əbədiyyətə qovuşan şəhidlərimizi, onların valideynlərini düşündüm. Övladları torpaqlarımızın azadlığı uğrunda şəhid olan anaların qarşısında baş əyirəm, qazilərimizə tez sağalmağı, gözəl ömür sürməyi arzu edirəm".
Aslanın hərbi xidmətdən qayıtmasına sevinməyinə baxmayaraq gözü yenə yollarda qalan Rimayə ana oğlu Mirzənin də qayıdacağı günü səbirsizliklə gözləyirdi. "O, 2016-cı ilin Aprel döyüşlərində də iştirak edib. Mirzə xidmətini gizir hərbi rütbəsində işğaldan azad olunan Qubadlı rayonunda davam edirdi".
Rimayə ana çalışdığı Urologiya şöbəsinin kollektivinin Vətən müharibəsi zamanı yaralı əsgər və zabitlərimizin sağalmasında göstərdikləri diqqət və qayğıdan da söz açdı. "Hospitalımızın, eləcə də bölməmizin, başda tibb xidməti polkovniki İqbal Mirzəyev olmaqla bütün həkimlərimiz və tibb bacıları bu haqq savaşında əllərindən gələni əsirgəmədilər. Vətən müharibəsi dövründə ordumuzun bütün tibb personalı kimi, bölməmizin kollektivi də andlarına sadiq qalaraq gecə-gündüz hərbçilərimizin sağlamlığının keşiyində dayandı. Bölməyə daxil olan yaralı döyüşçülərimizə tibb personalımız tərəfindən yüksək səviyyədə qayğı göstərilirdi. Axı onlar bu müqəddəs savaşda canlarını Vətən üçün qurban verməyə hazır idilər. Bizim də borcumuz onların qulluğunda dayanmaq idi. Kollektivimiz bu gün də bu müqəddəs işi - Vətən müdafiəçilərinin sağlamlığının keşiyində dayanmaq vəzifəsini uğurla davam etdirirlər".
Söhbətimizin sonunda Rimayə ana Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə şəhid ailələrinə, qazilərə, döyüşçülərə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını bildirərək, övladlarının Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını qeyd etdi.
"Əbədi Zəfərimizdən qürur duyur və bu Qələbə naminə döyüşən bütün övladlarımızla fəxr edirəm. Onlar həm Vətən uğrunda son damla qanlarınadək vuruşaraq bizə qələbə sevincini yaşatdılar, həm də torpaqlarımızın tez bir zamanda düşməndən azad edilməsinə nail oldular", - Rimayə Abasova söhbətimizin sonunda vurğuladı.
Qeyd edək ki, Rimayə ananın hər iki oğlu Vətən müharibəsində fəal iştirak etdiklərinə görə təltif olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Abasov Mirzə Rövşən oğlu "Hərbi xidmətlərə görə" medalına, Abasov Aslan Rövşən oğlu isə "Suqovuşanın azad olunmasına görə" medalına layiq görülüblər.

İsa ELDAROĞLU, Elçin İMANOV