Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2021 14:14

Milli Qəhrəmanın adını daşıyan məktəbdə Zəfər Gününə həsr olunan tədbir keçirildi

Bu il 103-cü ildönümünü qeyd edən rəşadətli Azərbaycan Ordusu gündən-günə inkişaf edir, qüdrətlənir, mükəmməlləşir. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, daha sonra Ali Baş Komandan İlham Əliyevin uzun illər apardıqları məqsədyönlü siyasətin və uğurlu ordu quruculuğu prosesinin nəticəsidir ki, bu gün ordumuz dünyanın 50 ən güclü orduları sırasında özünə layiqli yer tutub.
Ötən il sentyabrın 27-si Ermənistan silahlı birləşmələrinin növbəti təxribatlarına cavab olaraq başlayan əks-hücum əməliyyatı nəticəsində qazanılan Zəfər bunun əyani sübutudur. 44 gün davam edən Vətən müharibəsi zamanı əzəli torpaqlarımız, nəhayət ki, mənfur düşmən işğalından azad edildi. Haqq savaşımızda Qələbə qazanan igid döyüşçülərimiz dövlətçilik tariximizin yeni Zəfər dolu şanlı səhifəsini yazdılar. Həmişə olduğu kimi, bu gün də ordumuz xalqımızın qürur mənbəyidir. Uzun illər ərzində doğma yurd həsrətimizə son qoyulduğu tarix - 8 Noyabr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Zəfər Günü kimi qeyd edilir. Bu sevinc dolu gün ilə əlaqədar ölkəmizdə bir sıra silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin dəstəyi ilə belə tədbirlərdən biri də Bakı şəhəri, Nizami rayonunda yerləşən Milli Qəhrəman Ərəstun Mahmudov adına 220 saylı məktəb-liseydə keçirildi.
8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərə gedən yol" adlı tədbirdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, məktəbin müəllim və şagirdləri, valideynlər, şəhid ailələri, Vətən müharibəsi qaziləri iştirak edirdilər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Tədbirdən öncə məktəb-liseyin direktoru Lətifə Əzimova ilə görüşdə məktəbdə aparılan hərbi vətənpərvərlik işi barədə söhbət etdik. Məktəbin direktoru bildirdi ki, 20 ilə yaxındır təhsil sistemindədir. Öyrəndim ki,  Lətifə xanım əvvəlcə müəllim kimi işləyib, son 4 ildir ki, 220 saylı məktəb-liseyin direktoru vəzifəsində çalışır.
Lətifə xanım bizə məktəbin fəaliyyəti haqqında ətraflı söhbət açdı. "Bizim məktəb Birinci Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Ərəstun Mahmudovun adını daşıyır. Odur ki, məktəbimizdə şagirdlərin milli ruhda, vətənpərvər böyüməsinə xüsusi önəm verir, tez-tez bu mövzuda tədbirlər keçiririk. Ərəstun məktəbimizin məzunudur. Erməni qəsbkarlarının torpaqlarımızı işğal etmələrinin qarşısının alınması uğrunda gedən hərbi əməliyyatlarda igidliklə iştirak edib və döyüşlər zamanı qəhrəmancasına şəhadətə qovuşub. Ümumilikdə isə, məzunlarımızdan Birinci Qarabağ müharibəsi zamanı on, 2020-ci ilin Vətən müharibəsi zamanı isə biri şəhid olub.
Cənab Prezidentimizin sərkərdəliyi altında keçirilən "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı da biz ordumuza bacardığımız qədər dəstək olurduq. Azərbaycan Ordusuna Yardım Fonduna vəsait keçirmişik və döyüşlər gedərkən sosial şəbəkələrdə ordumuzla, qələbəmizlə bağlı müxtəlif həştəqlər paylaşırdıq.
Bu işlər bu gün də davam edir. Çünki biz həm bu gün sülh şəraitində Vətənimizdə yaşamağımıza, həm də işğalda olan torpaqlarımızın azad olunmasına görə cənab Prezidentimizə, ordumuza borcluyuq. Bizim indiki şagirdlərimiz də sabahın əsgərləri, zabitləridir. Allah ordumuzu qorusun.
Uzun illər torpaqlarımızın həsrətində idik və sonunda Ali Baş Komandanımızın döyüş əmri ilə Azərbaycan Ordusu qəhrəmanlıq salnaməsi yazdı. Bu ədalətli savaşımızda bizim məzun Həsənli Alı Nofəl oğlu da Vətən torpaqlarının azadlığı uğrunda canından keçdi. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. O, qorxmaz, tərbiyəli və liderlik qabiliyyəti ilə hər zaman seçilənlərdən idi. Alı həmişə düşməndən qisas alacağımızı və Şuşamızda bayramlar keçirəcəyimizi söyləyərdi. Alı kimi minlərlə igidlərimizin sayəsində biz artıq bayramlarımızı Şuşada və doğma diyarımız Qarabağın bütün bölgələrində qürurla qeyd edə bilərik.
Məktəbimizdə bütün şəhidlərimizin əziz xatirəsini uca tuturuq və anım mərasimləri təşkil edirik. Şəhidlər xiyabanına tez-tez ziyarətə gedir, qəhrəmanlarımızı yad edirik. Bir neçə dəfə şagirdlərimizi Hərbi Qənimətlər Parkına ekskursiyaya da aparmışıq. Məktəblilərə hərtərəfli vətənpərvərlik ruhu aşılayırıq.
Direktorla söhbətimizi bitirdikdən sonra 220 saylı məktəb-liseyin kubok və fəxri fərmanları, sərgilərə çıxarılan rəsmlərlə tanış olduq. Tədbirin keçiriləcəyi akt zalının tərtibatı, müxtəlif guşələr, plakat və stendlər kollektivin tədbirə məsuliyyətlə hazırlaşdığından xəbər verirdi. Burada gördüklərimiz bizlərdə fəxr və fərəh hissləri oyatdı.
Tədbirin tərtibatçısı və təşkilatçıları məktəb-liseyin müəllimləri Gülnarə Quliyeva və Siyatel İsgəndərovadır. Birazdan üçüncü sinif şagirdi Əli Bəşirli səhnəyə çıxaraq hər kəsi salamladı. Şagirdlər bir-birinin ardınca Əlinin təqdimatından sonra bədii səhnəciklər göstərir, vətənpərvərliyi, qəhrəmanlığı tərənnüm edən şeirlər söyləyir, rəqs edirdilər. Vətən müharibəsi və qələbəmiz mövzularında olan bu tamaşa-səhnəciklər balaca istedadlar tərəfindən peşəkarlıqla ifa olunurdu. Hiss olunurdu ki, şagirdlər 8 Noyabr - Zəfər Gününə həsr olunan "Zəfərə gedən yol" adlı tədbirə böyük həvəslə və məsuliyyətlə hazırlaşıblar.
Bədii hissə bitəndən sonra qonaqlara söz verildi. Məktəbin müəllimi G.Quliyeva söz demək üçün Vətən müharibəsi qazisini səhnəyə dəvət etdi. Qazilər adından danışan kapitan Xəqani Əsgərzadə çıxışı zamanı bütün şəhidlərimizə rəhmət dilədi və şəhid ailələri qarşısında baş əydi. Zabit "Şükürlər olsun ki, artıq Vətənimizin hər bölgəsi azaddır. Biz bu dövlətin, bu xalqın övladlarıyıq. Müharibədə qələbə isə xalqla ordu bir olduqda qazanıla bilər. 44 gün davam edən "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı biz xalq-ordu birliyinin şahidi olduq. Tariximizin ən vacib zəfərlərindən birini qazandıq. Bu Qələbə üçün Ali Baş Komandanımız cənab İlham Əliyevə, Azərbaycan Ordusunun hərbi qulluqçularına və bütün xalqımıza minnətdarıq. 8 Noyabr - Zəfər Günü münasibətilə sizləri səmimi qəlbdən təbrik edirəm, uğurlar arzulayıram".
Çıxışlardan sonra az öncə səhnədə səhnəciklər göstərən, qısa tamaşalar və  milli rəqslər təqdim edən məktəblilərə yaxınlaşıram. 3-cü sinif şagirdləri İsmayılbəyli Fatimə, Orucəliyeva Leyla, Quluzadə Zeyd, Məmmədov Adil, Əlili İsmayıl, Həsənli Fatimə, Məmmədli Mətin, Qurbanova Elanur və digər şagirdlər ordumuzla fəxr etdiklərini bildirdilər. Məktəblilər "Vətən müharibəsində igid əsgərlərimiz işğalda olan torpaqlarımızı düşməndən azad etdilər. Onların qəhrəmanlığı sayəsində artıq heç kim bizim Qarabağa əl uzada bilməz". "Qarabağ Azərbaycandır!" deyə ürək sözlərini bizlərlə bölüşdülər.
Tədbirin yekununda vətənpərvərliyi tərənnüm edən musiqi sədaları altında Azərbaycan Respublikasının Dövlət Bayrağı səhnəyə gətirildi.
Sonda 3d və 3e sinfinin şagirdləri qazilərə Qarabağımızın simvolu olan “Xarı bülbül” nişanı hədiyyə etdilər və qonaqlarla məktəblilər xatirə şəkilləri çəkdirdilər.

İbrahim MƏMMƏDBƏYOV foto Namiq PƏNAHOVUNDUR "Azərbaycan Ordusu"