Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2021 14:14

Zəfər Günü ərəfəsində hərbi hissələrə sovqatlar verildi

Azərbaycanda xalq-ordu birliyi hər zaman olub. İkinci Qarabağ müharibəsində əsgərlərə müxtəlif yardımlar göstərən xalq hər zaman ordunun yanında idi. Həmin vaxtlarda da Vətən müharibəsində əsgərlərə ən çox dəstək olan təşkilatlardan biri də Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsidir. Həmkarlar İttifaqı ənənəsinə sadiq qalaraq bu günlərdə "Qarabağ Azərbaycandır!" devizi altında 8 Noyabr - Zəfər Günü münasibətilə Müdafiə Nazirliyinin birliklərində olub.
Həmkarlar İttifaqı Respublika Komitəsinin aparat rəhbəri Şaiq Əhmədov hərbçilərlə görüşdə bildirdi ki, təmsil olunduğu komitənin rəhbərliyi bütün kollektivilə birlikdə Vətənimizin müdafiəsində dayanan xalqımızın igid, mərd oğullarının yanındadır. Tarixi qələbəmizin birinci ildönümü ərəfəsində yenə Zəfər qazananların yanında olmağı özlərinə mənəvi borc bilirlər.
Şaiq Əhmədov Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşovanın fəaliyyətini yüksək qiymətləndirdi. Abiyat xanımın tez-tez təşkilat adından hərbi hissələrdə əsgər və zabitlərlə görüşdüyünü, onların arzu və istəklərini nəzərə alaraq mümkün yardımların edildiyini qeyd etdi. Bu dəfə də Həmkarlar əsgərlərə bayram sovqatı gətiriblər. Şaiq Əhmədov komitənin rəhbərliyi  tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə də mütəmadi olaraq dəstək göstərildiyini önə çəkdi.
Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Abiyat Ağadadaşova bildirdi ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 44 gün davam edən və xalqımıza tarixi Zəfər yaşadan qəhrəman Azərbaycan əsgərlərinin görüşünə gəlməyi özünə mənəvi borc bilib. Dəfələrlə cəbhəyanı hospitallarda müalicə olunan əsgərlərə və atəşkəs dövründə ən ucqar döyüş postlarına gedərək döyüş növbəsi çəkən xalqımızın məğrur oğullarının görüşündə olub. Abiyat xanımın gəlişini hər zaman hərbçilərimiz sevinclə qarşılayıblar.
Polkovnik-leytenant Rauf Niyazov birlik komandiri adından 8 Noyabr - Zəfər Günü münasibətilə əsgərlərə göstərilən diqqət və qayğıya görə Respublika Həmkarlar İttifaqının rəhbərliyinə və yardımları təqdim edən qonaqlara təşəkkür də edib.
Həmkarlar təşkilatının üzvləri birliklərdə olublar və orada xidmət edən əsgərlərə 8 Noyabr - Zəfər Günü münasibətilə bayram sovqatları təqdim ediblər.

Bəxtiyar ƏLİYEV "Azərbaycan Ordusu"