Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 Noyabr 2021 14:14

“Zəfər yarmarkası” - Qələbənin təcəssümü

Oktyabrın 29-dan Dənizkənarı Milli Parkda  8 Noyabr - Zəfər Günü ilə əlaqədar "Zəfər yarmarkası" təşkil olunub. 9 noyabr tarixinədək davam edəcək "Zəfər yarmarkası" "YAŞAT" Fondu, Müdafiə Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə gerçəkləşib. "Zəfər yarmarkası", eyni zamanda, "Qarabağ qəhrəmanlarının izi ilə" mövzusunda reallaşır.
Səhər saatları olmasına baxmayaraq insanlar tək-tək Dənizkənarı Milli Parkda "Zəfər  yarmarkası" üçün ayrılan əraziyə daxil olurlar. Öyrənirik ki, yarmarkanın təşkil olunduğu müddətdə böyük maraqla buraya gələn şəhərimizin sakinləri və qonaqları arasında  daha çox tələbə-gənclər, orta məktəb şagirdləri seçiliblər. Böyük Qələbəmizin birinci ildönümünün sevincini yaşadığımız bu ərəfədə "Zəfər yarmarkası"nın təşkil olunması çox qürurvericidir.
Ərazidə diqqətimizi çəkən məqamlardan biri də Vətən müharibəsi zamanı döyüşlərdə olan ağır və zirehli texnikaların, PUA nümunələrinin, silahların və Azərbaycan Ordusunun müxtəlif təminat növlərinin nümayişidir. Xüsusi ayrılmış zonalarda mühəndis qoşunlarında istifadə olunan mühəndis əmlakları, tibb təminatına aid olan yaralı və xəstələrə ilkin tibbi yardım göstərmək üçün ləvazimatlar, raket-artilleriya silahları, snayperlər, pulemyotlar, avtomatlar, optik nişangahlar, əşya və ərzaq təminatına daxil edilən nümunələr nümayiş olunur. Onların hər biri haqqında maraqlanan insanlara ətraflı məlumatları çatdıran hərbi qulluqçularımız bildirirlər ki, "Zəfər yarmarkası"nda vətəndaşlarımız daha çox hərbi texnikalara və silahlara böyük maraqla tamaşa edirlər.
Burada əsgər yeməkxanası və səhra mətbəxi üçün də xüsusi yer ayrılıb, hərbi oyun meydançaları quraşdırılıb.
Yarmarka davam etdiyi günlərdə Müdafiə Nazirliyinin hərbi orkestrlərinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin və eyni zamanda, respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramları təşkil olunur. Onlar şəhər sakinlərinə Zəfər, Qələbə ruhlu musiqi nömrələri və maraqlı çıxışlar təqdim edirlər.
Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi də "Əsgərə məktub" layihəsi ilə "Zəfər yarmarkası"nda iştirak edir. Bu layihə yarmarkaya gələn şəhər sakinlərinin böyük marağına səbəb olur. Yarmarka təşkil olunduğu beş gün ərzində şəhər sakinləri və qonaqlar tərəfindən Vətənimizin keşiyində dayanan Azərbaycan əsgərinə böyük həvəslə, sevgi dolu  3000-ə yaxın məktub  yazılıb. Bu məktublar işğaldan azad olunan ərazilərimizdə xidmət edən əsgərlərimizə çatdırılacaq.
"Zəfər yarmarkası"nın təşkilatçılarından olan "YAŞAT" Fondundan da məlumat alırıq ki, yarmarkada müxtəlif şirkətlər tərəfindən qida məhsullarının, Zəfər simvolikasına aid  suvenirlərin, kitabların və digər məhsulların satışı həyata keçirilir. Eyni zamanda bu satışdan əldə olunan gəlir Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə kömək və dəstək məqsədilə "YAŞAT" Fonduna keçirilir.
Yarmarkanın mərkəzində Vətən müharibəsi şəhidlərinin xatirəsinə rəmzi olaraq hazırlanan "Zəfər" ağacının yerləşdirildiyini görürük. Ağacın üzərindəki Vətən müharibəsi şəhidlərinin hər birinin adı, soyadı, ata adı, doğum tarixi və sonzusluq işarəsi buraya gələn şəhər sakinlərinin, qonaqların diqqətini çəkir. Onlar böyük maraqla bu rəmzi ağaca tamaşa edirlər. Hər kəs "Zəfər" ağacının  önündə ayaq saxlayıb qəhrəmanlarımızı yad edir...

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"