Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2021 09:55

Qəhrəmanların xatirəsi yad olundu

28 oktyabr 1995-ci ildə metronun "Ulduz" və "Nəriman Nərimanov" stansiyaları arasında baş verən yanğın onlarla şəhər sakininin həyatına son qoydu. Bu dəhşətli faciədən 26 il keçməsinə baxmayaraq, o qanlı hadisə daim qəlbimizi göynədir. Xalqımız bu qanlı faciədə həlak olanların xatirəsini həmişə əziz tutur. Soyuq bir payız günündə baş verən qanlı faciədə yaralananlara kömək edənlər arasında Cəmşid Naxçıvanski adına Hərbi Liseyin zabiti, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülən baş leytenant Çingiz Babayev və "İgidliyə görə" medalına layiq görülən kursantlar Samir Məmmədov, Ruslan İsayev və Nicat Səfərov da olublar.
Cəmşid Naxçıvanski adına Hərbi Lisey bu günlərdə də metroda baş verən yanğın zamanı yaralılara kömək edərkən həlak olan baş leytenant Çingiz Babayev və kursantlar Samir Məmmədov, Ruslan İsayev, Nicat Səfərovun igidliyinə həsr olunan tədbir keçirildi. Məzarları ziyarət olundu, qəbirləri üzərinə gül dəstələri qoyuldu.
Tədbiri polkovnik Müslüm Nəsirov acıq elan etdi. Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Faciədən bəhs edən videoçarx nümayiş etdirildi.
Mərasimdə iştirak edən dərnək rəhbərləri Gülsəda Amanın və Aynurə Qulamovanın hazırladıqları "Qəhrəmanlar ölməzdir" adlı ədəbi-bədii kompozisiya nümayiş edildi. Hadisədə həlak olanlara həsr olunan şeirlər toplusundan ibarət broşürlar nümayiş olundu. Kursantlar qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər söylədilər.
Anım mərasimində baş leytenant Çingiz Babayevin bacısı Aidə Babayeva və kursant Samir Məmmədovun atası Nadir Məmmədov çıxış edərək doğmalarının xatirəsini əziz tutduqlarına görə Müdafiə Nazirliyinin və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda xatirə şəkli çəkildi.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"