Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 Noyabr 2021 09:55

Vətənimizin müdafiəsi etibarlı əllərdədir

Müzəffər Ali Baş Komandanın sərkərdəliyi altında Azərbaycan Ordusunun yazdığı Zəfər salnaməsindən artıq bir il ötür. 30 ilə yaxın sürən torpaq həsrətinə 44 günə son qoyan məğrur Azərbaycan əsgərinin cəsarəti artıq bütün dünyaya məlumdur. Haqq savaşında düşməni məğlubiyyətə düçar edən hərbi qulluqçularımızla söhbətimiz zamanı hər dəfə dəyişilməz bir fikir diqqətimi çəkir - tarixi ərazilərimizi işğaldan azad etmək niyyətimiz, qəsbkarlara nifrət hissimiz qarşısında düşmənin tab gətirməsi mümkün deyildi. Həqiqətən də, Ali Baş Komandanın rəhbərliyindən, xalqın birliyindən güc alan Azərbaycan əsgərinə bu müqəddəs amala çatmaq yolunda heç bir maneə təsir edə bilməzdi. Təsir edə bilmədi də. Dünyanın 30 ilə yaxın qeyri-konstruktiv yanaşdığı, ikili standart yürütdüyü məsələni vətənpərvər oğullarımız 44 günə həll etdi.
Tarixi ərazilərimizin azad olunduğu və üçrəngli bayrağımızın ucaldığı təqvim günləri hər bir azərbaycanlının yaddaşına ömürlük həkk olundu. Ötən ilin bu günlərində yaşından, peşəsindən asılı olmayaraq hər kəsin qəlbi döyüş meydanında Vətən oğulları ilə birlikdə döyünürdü. Bu qələbə bizə asan başa gəlmədi, şəhidlər verdik, qazilərimiz oldu. Lakin ən böyük təsəllimiz odur ki, Azərbaycan əsgəri Böyük Qələbə qazanaraq, şəhidlərimizin qisasını aldı.
"N" hərbi hissəsində döyüş hazırlığı məşğələsinin şahidi olduq. Onlara mane olmadan dərs prosesini izləyərək başa çatmasını gözlədik. Məşğələ rəhbərinin verdiyi suallara ətraflı cavabların verilməsi, praktiki tapşırıqların uğurla, normativə uyğun olaraq icra edilməsi şəxsi heyətin döyüş hazırlığının yüksək olmasının göstəricisi idi. Dərs prosesi başa çatdıqdan sonra leytenant Şükür Əliyevlə həmsöhbət olduq. Bir komandir olaraq üzərinə düşən vəzifənin tabeliyindəki əsgərləri əsl döyüşçü kimi formalaşdırmaq olduğunu qeyd edən zabit, həmçinin bildirdi ki, şəxsi heyət də öz növbəsində ona təhkim olunan silah və texnikanın taktiki-texniki göstəricilərini yaxşı mənimsəməli, ondan istifadə qaydasını mütləq mənada dərindən öyrənməlidir. "Keçirilən məşğələlər sayəsində nəzəri biliklərini artıran bölməmiz, təlimlərdəki praktiki sınaqlardan hər zaman üzüağ çıxmağı bacarıb. Belə ki, qarşıya qoyulan normativlərin vaxtında və dəqiq yerinə yetirilməsinin əsas prinsip kimi götürüldüyü təlimlərdə atəş mövqeyinin tutulması, texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi hərbi qulluqçudan yüksək peşəkarlıq tələb edən proseslərdir. Bölməmizdə xidmət edən təcrübəli müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları qeyd olunan proseslərin yerinə yetirilməsində öz təcrübə və biliklərini əsgərlərimizlə bölüşürlər ki, bu da verilən tapşırığın öhdəsindən lazımi səviyyədə gəlməsində mühüm rol oynayır".
Söhbət əsnasında gənc müsahibimin Vətən müharibəsi iştirakçısı olduğunu da öyrəndim. "Bu gün hər bir azərbaycanlı qürurludur. Çoxdan həsrətində olduğumuz tarixi ərazilərimiz işğaldan azad olunub. Qəhrəman oğullarımız sayəsində yazılan Zəfər salnaməmizə nəzər salsaq görərik ki, bu tarix Azərbaycan əsgərinin vətənpərvərlik, xalqa ehtiram, Ali Baş Komandana sədaqət hissindən alınan güc hesabına yazılıb. İgid oğullar öz qanı ilə bu tarixi yazıblar. Bu tarixi heç kim dəyişə bilməz. Biz bilirik ki, ərazi bütövlüyümüz, müstəqilliyimiz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhu şaddır. Çünki müqəddəs amalımıza çatmışıq, Böyük Qələbəni yaşayan və yaşadanlar sırasındayıq. Ölkə Prezidenti, Ali Baş Komandanın müvafiq Sərəncamlarına əsasən, "Cəbrayılın azad olunmasına görə" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunmuşam və bu təltiflərlə də qürur duyuram. Şəhid qardaşlarımıza rəhmət, qazilərimizə şəfa arzulayıram. Onların hər biri bu mötəbər tarixin bir parçasıdır”.
Növbəti həmsöhbətim Xaçmaz rayonundan hərbi xidmətə çağırılan Orxan İbrahimovdur. "Keçirilən dərsləri yaxşı mənimsəyərək, təlimlərdə qarşıya qoyulan tapşırıqları uğurla icra edirik. Əsgər olaraq dərslərə məsuliyyətlə yanaşır, hərbi biliklərimizi daim təkmilləşdirir, bizə təhkim olunan silah və texnikadan istifadə qaydasını dərindən mənimsəyirik. Bölməmizdəki BM-21 Qrad reaktiv yaylım atəş sistemi düşmənin canlı qüvvəsini və hərbi texnikasını məhv etmək üçün əlverişli vasitədir. Həmçinin düşmənin artilleriya və minaatan batareyalarının susdurulması, möhkəm sədlərinin dağıdılması üçün də tətbiq edilə bilir. Komandirlərimizin rəhbərliyi altında keçirilən təlimlərdə hərbi biliklərimizi sınaqdan keçirir, döyüşə hazırolma vərdişlərini təkmilləşdiririk, - deyə Orxan İbrahimov dedi...
Əsgər Tural İsmayılov bir zamanlar işğalda olan, lakin bu gün öz həqiqi sakinlərinin yolunu səbirsizliklə gözləyən  Laçın rayonundandır. "Rəşadətli  Azərbaycan Ordusu 44 günə Böyük Qələbəni təmin etdi. Uşaq olarkən ermənilərin xalqımıza qarşı törətdiyi amansız vəhşilikləri əks etdirən videogörüntüləri hər kəs kimi, mən də görmüşəm. Öz yurdundan didərgin düşən insanların sırasında mənim də yaxınlarım və doğmalarım olub ki, bunların hamısı düşmənə qarşı nifrətimi artıran aspektlərdir. Şükürlər olsun ki, mən də "Dəmir yumruq" əməliyyatının iştirakçısıyam və qürurluyam ki, xidmətim məhz həlledici döyüşün baş verdiyi dövrə təsadüf edib. Qəhrəman oğullar sayəsində Böyük Qələbə təmin edildi. Tarixi ərazilərimiz işğalçılardan təmizləndi. Azərbaycan əsgəri canı, qanı bahasına bu tarixi yazdı. Gələcək nəsil onların qəhrəmanlıq yolunu özlərinə örnək, nümunə biləcək - bu torpaq hər zaman qəhrəman oğulların Vətəni olacaq".
Əsgərlər Nihad Əliyev və Tamerlan Cavadlı da vurğuladılar ki, bundan sonra da Azərbaycan əsgəri olaraq Vətəni göz bəbəyi kimi qoruyacaqlar. Onlar, həmçinin bu gün Vətənin müdafiəsində durmaqdan fəxarət hissi keçirdiklərini dedilər və qeyd etdilər ki, qalib ordunun əsgəri olmaq - qürurverici olmaqla yanaşı, həm də məsuliyyətlidir. “Xalqımız əmin olsun ki, bu gün Vətənimizin müdafiəsi yenə də etibarlı əllərdədir”, - deyərək fikirlərini tamamladılar.

"Azərbaycan Ordusu"