Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 09:30

“Hərbi xidmət bizi hərtərəfli formalaşdıran məktəbdir”

Artilleriya bölmələrindən birində şəxsi heyətin ictimai-siyasi hazırlıq dərsinin təşkili ilə tanış oldum. Dərs  yüksək tərtibatla hazırlanmış sinif otağında təşkil olunmuşdu. Burada rəşadətli Azərbaycan Ordusunun inkişaf tarixi, ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin əsgərlərlə görüşlərini, erməni təcavüzünü, Hərbi andı və Dövlət Himnini əks etdirən maraqlı guşələr göz oxşayırdı. Belə guşələrin əsgərlərin mənəvi-psixoloji hazırlığının artırılmasında, vətənpərvərlik hissinin və döyüş ruhunun aşılanmasında mühüm rol oynadığı danılmazdır.
Zabit Kamran Sadıqov dərsin mövzusunu əsgərlərin diqqətinə çatdırdı. Sonra geniş mühazirə ilə çıxış etdi. Əvvəlcədən hazırladığı plan-konspektdən istifadə edərək ətraflı məlumatlar verdi. Dərsin sonunda sual-cavab edərək şəxsi heyətin mövzunu hansı səviyyədə mənimsədiyini öyrəndi. Eyni zamanda əsgərlərin verdiyi sualları da səlis və ətraflı cavablandıraraq müsbət pedaqoji təcrübə nümayiş etdirdi. Həm komandir, həm də pedaqoq kimi bacarıqlı olduğu hiss olunurdu. Ona görə deyirlər ki, komandir hərtərəfli olmalıdır. Dərsin sonunda onu daha yaxından tanıyıram. Kapitan Kamran Sadıqov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Dəfələrlə yuxarı komandanlıq tərəfindən nümunəvi xidmətinə görə "Fəxri fərman" və "təşəkkür"lə mükafatlandırılıb. Böyük Qələbəmizlə başa çatan İkinci Qarabağ müharibəsinin də iştirakçısı olub. Talış və Suqovuşan kəndlərinin azadlığı uğrunda döyüşlərə qatılıb. Xidmətində olduğu kimi, müharibə zamanı da qarşıya qoyulan döyüş tapşırıqlarının öhdəsindən məharətlə gəlib. Kamran Vətən müharibəsi başa çatdıqdan sonra Ali Baş Komandan tərəfindən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Həmsöhbətim ictimai-siyasi hazırlıq dərslərinin mahiyyətindən danışdı. "Günün nizam qaydasına uyğun olaraq təyin olunmuş günlərdə və saatda səmərəli təşkil olunan dərslərin gənclərin yüksək döyüş hazırlıqlı, möhkəm nizam-intizamlı olması və komandirlərinə inam kimi müsbət keyfiyyətlərə malik əsgərlər olaraq tərbiyələnməsində önəmi böyükdür. Ona görə də bu dərslərin səmərəli təşkili yuxarı komandanlıq tərəfindən daim ciddi nəzarətdə saxlanılır. Qrup rəhbərləri dərsin təşkilinə yüksək səviyyədə hazırlaşırlar. Mövzu haqqında müxtəlif mənbələrdən istifadə edərək məlumatlar toplayır, videoçarxlar hazırlayırlar. Bir sözlə, əsgərlərin mövzunu yaxşı qavraması üçün bütün əlverişli metod və vasitələrdən istifadə edirik", - zabit dedi.
Kamran, həmçinin qeyd etdi ki, ordumuzun yaranmasından və inkişafından, tariximizdən, hərbi nizamnamələrdən, vətənpərvərlikdən, qəhrəmanlıq nümunələrindən, erməni təcavüzündən və digər mövzulardan bəhs edən dərslərdə gənclər mənəvi dəyərlərə sədaqətli, Vətən sevgisinin, düşmənə nifrət hissinin nə olduğunu dərk edən, qorxmaz və cəsur əsgərlər kimi formalaşır, dünyagörüşlərini və biliklərini daha da artırırlar.
Komandirlərini böyük maraqla dinləyərək dəftərlərinə qeydlər aparan əsgərlər Elcan Ağayev, Məhərrəm Ağayev, Əzəmət Ağabəyov, Nazim Rzayev və başqaları ilə söhbətləşdim və onlara mövzu ilə bağlı bir neçə sual da ünvanladım. Hər biri sualları düzgün və dolğun şəkildə cavablandırdı. Hazırcavab olmalarından dərsi yaxşı mənimsədikləri və mövzuya maraq göstərdikləri hiss olunurdu. Düşüncələrini bölüşən əsgərlər qeyd etdilər ki, hərbi xidmət bizi hərtərəfli formalaşdıran mühüm bir məktəbdir. "Hər kəs bu məktəbi uğurla keçməli, şərəfli vəzifələrini inamla yerinə yetirməlidir. Burada biz həm silahlardan istifadə etməyi və döyüş hazırlığını öyrənir, həm də keçirilən ictimai-siyasi hazırlıq dərslərində biliklərimizi və dünyagörüşümüzü artırırıq. Bir sözlə, hərbi xidmət bizə bir çox müsbət keyfiyyətlər aşılayır", - deyə həmsöhbətlərim bildirdi.
Bir daha şahidi oldum ki, ordumuzun bütün bölmələrində savadlı və peşəkar zabit heyəti əsgərlərin xidməti fəaliyyətini günün nizam qaydalarının tələblərinə uyğun olaraq səmərəli təşkil edir və hərbi xidmət keçməyə gələn gənclərin bacarıqlı əsgərlər və cəmiyyətə yararlı vətəndaşlar kimi formalaşması işini yüksək səviyyədə təşkil edirlər.

Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"
foto C.CƏFƏROVUNDUR