Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 09:28

Zəfərimiz - əbədiyyətə ucalacaq tarixi səhifəmizdir

44 günlük Vətən müharibəsində qazanılan qələbə xalqımıza bəxş olunan əbədi ərməğandır. Bu Qələbə əsrlər, qərinələr boyu unudulmayacaq, yaddaşlardan silinməyəcək. Ali Baş Komandanın sərkərdəliyi, döyüşçülərimizin igidliyi, mərdliyi bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı işğalla barışmaq fikrində olmayıb. Nəticədə Vətən üçün canından keçməyə hazır olan oğullar döyüş meydanında qorxmazlıq nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdilər.
Belə oğullardan biri də zabit Rəşad Vəliyevdir. O, 2005-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olub. Hələ uşaq yaşlarından zabit olmaq arzusunda olan Rəşad kursantlıq illərində dərslərini həvəslə oxuyur, ixtisasının incəliklərinə dərindən yiyələnir. 2009-cu ildə Ali Hərbi Məktəbi müvəffəqiyyətlə bitirərək leytenant rütbəsi alır, uşaqlıq arzusuna çatır. O gündən artıq 12 il keçib və indi Rəşad Vəliyev baş zabitdir.
"Bu tarixi Zəfərin bir parçası olduğum üçün qürur duyuram", - deyən müsahibim söhbətinə müharibədə qazanılan qələbə ilə başladı. - 44 günlük haqq savaşımız əbədi yaşayacaq, tarixlərə həkk olunacaq. Bu Zəfər qətiyyətin, məğrurluğun, igidliyin zəfəridir. Qələbə müharibəsiz, müharibə isə itkisiz olmur. Neçə-neçə qəlbi Vətən eşqiylə alovlanan oğullarımız şəhadətə ucaldı. Vətən torpağını candan əziz tutan oğullarımız qazi oldular. Qələbəni yaşadanları unutmamaq insanlıq və vətəndaşlıq borcumuzdur. Vətən uğrunda canından, sağlamlığından keçmək fədakarlıq tələb edir. Mən bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyir, ailələri qarşısında baş əyirəm. Onlar bizlərə böyük torpaq əmanət etdilər. Biz də çalışmalıyıq ki, əmanəti göz bəbəyimiz kimi qoruyaq. Bunun üçün də əlimizdən gələni əsirgəməyəcək, tarixi torpaqlarımızı dirçəldəcəyik. Ali Baş Komandanın dediyi "Şuşa, biz səni dirçəldəcəyik" şüarı hər bir azad olunan ərazimizə şamildir."
Vətən müharibəsinin iştirakçısı mayor Rəşad Vəliyev Tovuz royununda doğulub boya-başa çatıb. Hələ uşaq yaşlarından silah səsləri eşidib, müharibənin nə olduğunu az da olsa anlayıb. Cəbrayıl, Füzuli, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edən zabit döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edib. Düşmənin canlı qüvvəsinin və döyüş texnikasının məhv edilməsində rəşadət göstərib.
Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

İbrahim MƏMMƏDBƏYOV "Azərbaycan Ordusu"