Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 09:20

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi

(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)
Mövzu: Azərbaycan-Türkiyə qardaşlığı. Bir millət, iki dövlət
Suallar:
1. Azərbaycan-Türkiyə arasında dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.
2. Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı.

 

Azərbaycan-Türkiyə arasındakı dostluq-qardaşlıq  münasibətləri əbədi və sarsılmazdır


Azərbaycan və Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Bu əlaqələri şərtləndirən amillər sırasında ortaq kökümüzün, dilimizin, dil birliyimizin, oxşar mədəniyyətimizin və adət-ənənələrimizin olmasıdır. Əsrlər boyu bu dövlətlər həmişə bir-birinə dəstək olub, sıx əməkdaşlıq edib, ümummilli lider Heydər Əliyevin müdrikcəsinə dediyi kimi "bir millət, iki dövlət" olublar. Təsadüfi deyildir ki, Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk "Azərbaycanın kədərini kədəri, sevincini sevinci" hesab edirdi. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir nəsihət qoyublar: "Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır".
Azərbaycan Xalq Cümhuriyyətinin 28 may 1918-ci ildə müstəqilliyini elan etməsi ilə başlayan Türkiyə-Azərbaycan siyasi əlaqələri Azərbaycan dövlətinin müstəqilliyini bərpa etdikdən sonra Türkiyə dövlətinin ilk dövlət olaraq Azərbaycanın müstəqilliyini tanıması ilə bərpa olundu. İki dövlət arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub, 1992-ci ilin avqustunda Azərbaycanın Türkiyədə səfirliyi açılıb, 1993-cü ilin yanvarında İstanbul, 2004-cü ilin aprelində isə Qars şəhərlərində Baş konsulluqları təsis edilib. Eyni zamanda, Türkiyənin Bakı şəhərində səfirliyi, Naxçıvan və Gəncə şəhərlərində Baş konsulluqları fəaliyyət göstərməkdədir. Azərbaycan Respublikası hələ Sovet İttifaqının tərkibində olarkən belə iki respublika arasında rəsmi münasibətlər mövcud olub. Belə ki, 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynayıb.  
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olduğu dövrdə, 1992-ci ildə blokada şəraitində yaşayan qədim diyarın qardaş ölkə ilə 11 kilometrlik hissəsində, Araz çayı üzərində "Ümid" körpüsü adlandırılan keçid məntəqəsini istifadəyə verməklə iqtisadi, mədəni əlaqələrin yaradılmasını təmin edibdi. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasının səylərini dəstəkləyərək hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərib. Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi, elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 1993-cü ildən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin edib.
"Bir millət, iki dövlət" məşhur deyimini söyləyən ümummilli lider Heydər Əliyevin yaratdığı qardaşlıq əlaqələri bu gün də Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən çox yüksək səviyyədə davam etdirilir. Məhz belə misilsiz fəaliyyətin nəticəsidir ki, hazırda Azərbaycan ilə Türkiyə Avrasiya kontingentinin Cənubi Qafqaz və Qara dəniz kimi strateji əhəmiyyətli regionlarının geoiqtisadi mənzərəsinin müsbətə doğru dəyişdirilməsinə nail olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin güclənməsinə də mühüm dəstək veriblər. Belə ki, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, "Yeni İpək Yolu" nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi və Avropa ilə Asiya arasında Zəngəzur dəhlizi vasitəsilə əsas tranzit xəttini yaratmaqla, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüslə inşası davam etdirilən, artıq XXI əsrin layihəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə-Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığın növbəti məhsuludur.  
Son 30 il ərzində Azərbaycan və Türkiyə dövlətləri arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlib, 15 sentyabr 2010-cu ildə İstanbulda, Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması və 15 iyun 2021-ci ildə Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasındakı bütün sahələrdə əlaqələrin daha da genişlənməsi və dərinləşməsinə öz töhfəsini veribdi. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycanın dövlət başçısı Qars müqaviləsini yada salaraq qeyd edib. "Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Yüz ildən sonra azad edilən Şuşa şəhərində müttəfiqlik haqqında imzalanan bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti demək olar ki, bütün sahələr əhatə olunur. Cənub Qaz dəhlizinin Türkiyə, Azərbaycan dünya üçün önəmi göstərilir. Hər bir məsələ çox böyük önəm daşıyır".
Qarşılıqlı etibar və qardaşlığa əsaslanan çoxtərəfli əlaqələrin daha da dərinləşdirilməsi məqsədilə ölkələrimiz BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar çərçivəsində iki ölkənin və regionun rifahı naminə yaxından əməkdaşlıq edir.

 

Azərbaycan-Türkiyə arasında hərbi əməkdaşlığın inkişafı


Müstəqilliyimizin ilk günündən etibarən Azərbaycan Respublikasının Qarabağ başda olmaqla işğal və ərazi bütövlüyü probleminin yaşadığını, regional təhlükəsizlik ehtiyacını diqqətə alan qardaş Türkiyə dövləti Bakının hərbi baxımdan güclənməsinə çalışıb, bunu Türkiyənin də regionda güclənməsi olaraq görüb və mümkün dəstəyi əsirgəməyib. İki qardaş ölkənin ordularının əməkdaşlığı yalnız Azərbaycan Silahlı Qüvvələrinin gücləndirilməsi baxımından deyil, eyni zamanda, bölgədə sabitlik və təhlükəsizliyin təmini, ortaq güc formalaşdırmaq yoluyla milli problemlərin həll edilməsi baxımından da mühüm əhəmiyyət kəsb edib.
İki qardaş ölkə ordularının əməkdaşlığı yönümündə ilk hüquqi addım 11 avqust 1992-ci ildə imzalanan "Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında" müqavilənin bağlanmasıyla başlayıb. Türkiyə Silahlı Qüvvələrinin təhsil müəssisələrində yüzlərlə azərbaycanlı zabit təhsil alaraq Azərbaycan Ordusunun güclənməsinə öz töhfəsini verib.
Azərbaycan Ordusunun zabit heyətinin ehtiyacını qarşılayan ən önəmli təhsil müəssisələrindən olan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi qardaş ölkənin aktiv iştirakı və köməyi ilə NATO standartlarında təhsil verən təhsil ocağı səviyyəsinə gətirilib çatdırılıb. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyə və digər ölkələrə göndərilir. Eyni zamanda, indiyə qədər Azərbaycan-Türkiyə Müdafiə nazirlikləri arasında təmənnasız hərbi yardım, Müdafiə sənayesi, təlim-tədris və maddi-texniki təminat sahələrində əməkdaşlıq haqqında müqavilələr imzalanıb. Hərbi sənayesi ilə qüvvətlənən qardaş ölkənin müxtəlif silah sistemlərinin Azərbaycanla birlikdə istehsalı da qardaşlıq ittifaqının müdafiə sənayesində də müştərək layihələr həyata keçirərək ordularının gücünə güc qatacağının bariz nümunəsidir.    
Qərblə Şərqin qovuşduğu nəqliyyat dəhlizləri, neft-qaz boru xətləri, yollar baxımından olduqca strateji bir coğrafiyada yerləşən Azərbaycan, Avroatlantik məkanın təhlükəsizliyinin təmini baxımından da önəmli olduğu üçün Azərbaycan hərbçiləri NATO-nun “Sülh Üçün Əməkdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarına daxil edilib və bu fəaliyyətlər də Türkiyə dövləti vasitəsi ilə həyata keçirilib. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.
2010-cu il sentyabrın 15-də İstanbul şəhərində imzalanan müqavilə ilə Azərbaycan və Türkiyənin Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması əlaqələrin inkişafında yeni mərhələnin də əsasını qoyub. 2021-ci il iyunun 15-də Azərbaycan və Türkiyə arasında imzalanan tarixi Şuşa Bəyannaməsini iki qardaş ölkənin ittifaq müqaviləsi kimi də qəbul etmək olar. Müqavilənin müddəalarının birinə görə, ölkələrdən hər hansı birinin müstəqilliyinə, beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığına  və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid, yaxud təcavüz edildiyi təqdirdə Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilən fəaliyyəti təşkil ediləcəkdir.
İki qardaş ölkənin ordularının müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsi, o cümlədən yerdən və havadan zərbələr endirməklə düşmən hədəflərinin məhv edilməsi tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı zirehli texnika, artilleriya qurğuları, hərbi aviasiya, hava hücumundan müdafiə qüvvələrini də cəlb etməklə həyata keçirilən çoxsaylı birgə təlimlər də birlik və əməkdaşlığın önəmli istiqamətlərindən birini təşkil etməkdədir. Bu təlimlərdə qazanılan təcrübənin məntiqi nəticəsi idi ki, Azərbaycan Ordusu bəşər tarixinin ən müasir müharibəsini aparmaqla erməni işğalında olan torpaqlarımızı azad edərək respublikamızın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan 44 günlük Vətən  müharibəsində döyüşmək bacarığını, supermüasir Ordusunu, ən son hərbi texnika üzrə təlim keçmiş yeni nəsil mütəxəssislərini, mühəndislərini, zabitlərini, elit xüsusi təyinatlı hərbçilərini nümayiş etdirdi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, "bu yeni nəsil müharibə üslubudur, hansı ki, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil edir".
2020-ci il ərzində Azərbaycan və Türkiyə orduları arasında 20-yə yaxın müxtəlif təyinatlı birgə təlimlər həyata keçirilib. Qarabağ Zəfəri sonrasında həyata keçirilən 2021-ci ilin təlimləri Türkiyə və Azərbaycanda davam etməkdədir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəminin olduğunu, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün böyük əhəmiyyəti və faydası olduğunu bildirmişdir. Cənab Ali Baş Komandan demişdir: "Bu, bir ənənədir. Bildiyiniz kimi, hər il həm Azərbaycanda, həm də Türkiyədə 10-dan çox birgə təlim keçirilir. Ona görə bu təlimlərin keçirilməsi adi haldır. Burada hansısa bir fövqəladə hal axtarmaq lüzumsuzdur. Biz də müşahidə edirik ki, bu təlimlər bəzi ölkələrdə narahatlıq doğurur. Ancaq buna heç bir əsas yoxdur. Bu, Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının növbəti təzahürüdür".
Prezident İlham Əliyevin Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Proqramının sammitindəki çıxışı zamanı "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam" deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərdən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın "Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir" bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində "... Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdırlarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdirlərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq..." deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümünəsidir.
Bir sözlə, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığı daim möhkəmlənir, əlaqələri dayanmadan inkişaf edir və hər iki ölkə regionda təhlükəsizliyin qarantına çevrilir. Bu əlaqələr strateji xarakter daşıyır, dostluq, qardaşlıq prinsiplərinə əsaslanır. Bizi birləşdirən həm tarixi köklər, həm də mədəni əlaqələr, bizim keçmişimiz və bugünkü siyasi maraqlarımızdır.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi