Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

30 Oktyabr 2021 09:00

Döyüş texnikaları və silahlara mövsümi qulluq göstərilir

Hazırda şəxsi heyət hərbi hissə və birləşmələrdə silah və texnikalara mövsümi qulluğun göstərilməsi üçün zəruri işlər yekunlaşır. Zabit və əsgərlər komandanlığın qarşıya qoyduğu tapşırıqları bacarıqla və ən qısa zamanda yerinə yetirməyə çalışırlar.
"N" hərbi hissəsində aparılan işlərin gedişini yaxından  izləmək üçün polkovnik-leytenant Mürşüd Abbasovla birlikdə avtomobil parkına yollandıq. Zabit yol boyu söhbətində dedi ki, hərbi hissəmizin şəxsi heyəti Vətən müharibəsində böyük igidlik və qəhrəmanlıq göstərdi. Onlar əks-həmlə əməliyyatlarında həmişə öndə vuruşaraq işğalçıların mövqelərini dəqiq atəş zərbələri ilə məhv etdilər. Tankçılarımızın İkinci Qarabağ müharibəsində göstərdiyi igidlik fəxr ediləsi və qürur duyulasıdır.
Parkda şəxsi heyəti iş başında gördük. Onlar tanklara texniki xidmət göstərirdilər. Baş leytenant Məhəmməd Həsənzadə görülən işlər barədə məlumat verdi. Bildirdi ki, texnika və silahların mövsümi istismarına keçirilməsi üçün zəruri addımlar atılıb. “Görülən işlərə böyük məsuliyyət və diqqətlə yanaşırıq. Tankların yağ və yanacaq filtrləri mütəxəssislər tərəfindən yuyulub silinərək təmizlənir. Zərurət yarandıqda yeniləri ilə əvəzlənir. Döyüş maşınlarının hərəkət hissəsi, dayaq, saxlayıcı və istiqamətləndirici vərdanələri təmizlənib yağlanır. Silahlara və döyüş sursatlarına texniki xidmət göstərilir. Demək olar ki, işlərimiz yekunlaşmaq üzrədir. Yaxın günlərdə bütün zirehli texnikalar və silahlar qış mövsümünə hazır olacaq. Bu zirehli texnikalardan və silahlardan Vətən müharibəsində istifadə edilib. Tanklardan düşmən hədəflərinə atəş açılıb, sarsıdıcı zərbələr vurulub”.
Silah və texnikalar üzərində işləyən baş gizir Elnur Yusubov və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Bəxtiyar Bayramovla da söhbət etdik. Söhbət zamanı onlar üzərlərinə düşən vəzifələrə məsuliyyət və diqqətlə yanaşdıqlarını dedilər. Doğrudan da, hərbçilərimizin gördüyü işlər elə ilk baxışdan könülləri oxşayırdı.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"