Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

23 Oktyabr 2021 08:30

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində şəhidlərin anım tədbiri keçirildi

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi və "Fire Land Production"ın təşkilatçılığı ilə "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinə həsr olunan anım tədbiri keçirildi.
Layihənin məqsədi Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın xatirələrini yad etmək, onların övladlarına, ailələrinə xalq qayğısının daim olacağını bir daha hiss etdirməkdir.
Anım tədbiri səhər saatlarında İkinci Fəxri xiyabandan start götürdü. Şəhid övladları atalarının rəsmi həkk olunan, digər uşaqlar isə subay şəhidlərimizin rəsmləri olan geyimlərdə, şəhid anaları isə öz övladlarının rəsmi əks olunan və "Mənim qəhrəmanım" yazılan geyimlərdə tədbirə qatıldılar.
İkinci Fəxri xiyabanda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin zabiti polkovnik Elvin Əzizov şəhid valideynlərinə müraciət edərək, onların övladlarının Azərbaycanın qəhrəmanlıq tarixini yazdığını, belə oğullarla hər bir vətəndaşın fəxr etdiyini dedi. Sonra şəhid anaları övladlarının məzarlarını ziyarət etdilər. Din xadimi Hacı Şahin şəhidlər üçün dua oxudu. Daha sonra Xüsusi Təyinatlı Qüvvələrin zabit və əsgərləri Azərbaycan bayrağını dalğalandıraraq Azərbaycan Respublikasının Dövlət Himnini ifa etdilər.
Anım tədbirinin ikinci hissəsi Bibiheybət məscidindəki ziyarətgahda oldu. Burada Azərbaycanın Xalq Artisti Alim Qasımov azan oxudu. Din xadimi Hacı Surxay şəhidlərimizin ruhuna dualar oxudu və hər kəsi namaza dəvət etdi.
Tədbirin rəsmi və bədii hissəsi isə restoranlardan birində baş tutdu. Qeyd edək ki, sözügedən məkanda şəhidlərin ruhuna ehsan verildi. Anım tədbirinin aparıcıları - Leyla Quliyeva və Lalə Azərtaş idi. Rəsmi hissədə “N” hərbi hissəsinin zabiti polkovnik Aydın Əyyubov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım, şəhid İbrahim İbrahimovun anası, Xüsusi Təyinatlı Qüvvələrin qazi zabiti çıxış edərək şəhid adının müqəddəsliyindən danışıb, onların xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd etdilər.
Tədbirdə çıxış edən "Fire Land Production"ın rəhbəri Cəlal Qurbanov "Mənim atam qəhrəmandır" layihəsinin silsilə tədbirlərinin bununla da Bakıda tamamlandığını və artıq bu tədbirlərin Azərbaycanın digər regionlarında keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şəhid ailələrinə daimi qayğısından söz açan Cəlal Qurbanov bütün rəsmi və qeyri-rəsmi qurumların bu istiqamətdə iş aparmasının vacibliyini vurğuladı. O, bu günə qədər belə silsilə tədbirlərin təşkilində göstərdikləri dəstəyə görə, şəxsən general-polkovnik Zakir Həsənov və general-polkovnik Vilayət Eyvazova, eləcə də Müdafiə Nazirliyinin və Daxili İşlər Nazirliyinin kollektivinə, həmçinin tədbirdə fəal iştirak edən, dəstək olan sənət adamlarına, təşkilatçı komandaya dərin təşəkkürünü bildirdi.
Anım mərasiminə qatılan sənət adamları Alim və Fərqanə Qasımovlar, Rasim Balayev, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva, Abbas Bağırov, Azər Zeynalov tədbirin bədii hissəsində çıxış etdilər.
Sonda sənət adamları şəhid anaları və şəhid övladları ilə birlikdə “Zəfər marşı”nı ifa etdilər.

İsa ELDAROĞLU Hərbi jurnalist