Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 Oktyabr 2021 10:19

“Sıra hazırlığı əsgərlərimizə səliqəli, nizam-intizamlı olmağı aşılayır”

Döyüş hazırlığının ayrılmaz hissəsi olan sıra hazırlığının şəxsi heyətin nizam-intizamlı olmasında müstəsna rolu vardır. Yüksək nizam-intizamı olan bölmə isə qarşıya qoyulan bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə qadirdir. "N" hərbi hissəsində hərbi qulluqçuların sıra hazırlığı məşğələsində sıra vərdişlərini təkmilləşdirmələrinin şahidi olduq. Baş leytenant Məzahir Bünyatovun nəzarəti altında əsgərlər müəyyən komandaları yerinə yetirirdilər. Məşğələ bitdikdən sonra onlarla həmsöhbət olmaq imkanı qazandıq.
Sıra hazırlığının əhəmiyyətindən danışan zabit bildirdi ki, keçirilən dərslər əsgərlərimizə səliqəli və nizam-intizamlı olmağı aşılayır. "Təsdiq olunan dərs cədvəlinə uyğun olaraq  hərbi qulluqçulara sıra hazırlığından məşğələlər keçirilir. Məşğələlərdə fəallıq göstərən əsgərlərimiz bilir ki, nizam-intizam sıradan başlayır. Ən əsası isə nizam-intizamlı ordu mütləq qələbə qazanır. 44 günlük Vətən müharibəsində olduğu kimi...”
Öyrənirik ki, zabit Vətən müharibəsinin iştirakçısıdır. Komandiri olduğu bölmə ilə birlikdə Suqovuşan, Talış kəndləri istiqamətində döyüşüb. Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi igidlik və mərdliyə görə Azərbaycan Respublikasının Prezidentinin sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.
Hərbi xidmətə Astara rayonundan çağırılan əsgər Məhəmməd Əlizadə isə bildirdi ki, Vətənin əsgəri olmaq şərəflidir. "Biz qalib ordunun əsgəriyik. Döyüş hazırlığımızı yüksək səviyyədə saxlamaq üçün əlimizdən gələni əsirgəməməliyik. Xalqımızın biz hərbçilərə olan etimadını Vətən müharibəsində doğrultduq. Bundan sonra da ərazi bütövlüyümüzün qorunmasında əlimizdən gələni əsirgəməməliyik".
İşğaldan azad olunan torpaqlarımızın gözəlliyindən danışan əsgər Elvin Kərimov bildirdi ki, Qarabağ füsunkar təbiətə malikdir. "Bir vaxtlar işğalda olan torpaqlarımız Ali Baş Komandanımızın rəhbərliyi ilə artıq azaddır. İndi orada yenidənqurma işləri aparılır. Tezliklə soydaşlarımız dədə-baba yurdlarına yenidən dönəcəklər. Biz də çalışmalıyıq ordumuzun döyüş qabiliyyətini yüksək səviyyədə saxlayaq. Bunun üçün komandirlərimizin öyrətdiklərini dərindən mənimsəyirik. Qalib ordunun əsgəri olaraq hər an torpaqlarımızı yağı düşməndən qorumağa hazırıq".
"Xidmətə gəldiyimiz ilk gündən komandirlərin diqqəti və qayğısı ilə əhatə olunmuşuq deyən və məişət şəraitindən söz açan əsgər Azər Mikayılov dedi ki, müasir standartlara cavab verən yataqxanamız, yeməkxanamız və sanitar qovşaq bizim istifadəmizdədir. Valideynlərim əsgərlər üçün yaradılan şəraiti görəndə çox sevindilər. Çünki heç nəyə ehtiyacımız yoxdu. Biz də çalışırıq ki, bu cür şəraiti qoruyub saxlayaq. Bizim üçün yaradılmış şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Müdafiə naziri general-polkovnik Zakir Həsənova öz minnətdarlığımı bildirirəm.
Ordu sıralarında xidmət edən, peşəsini sevən komandirlərimiz, vətənpərvər gənclərimizlə söhbət etdikdən sonra bir daha əmin olduq ki, torpaqlarımızın müdafiəsi əmin əllərdədir!
 
Ruslan HƏSƏNZADƏ "Azərbaycan Ordusu"