Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

16 Oktyabr 2021 15:41

Arzularımız reallığa çevrilir

1991-ci ildə gərgin mübarizələrdən sonra Azərbaycanda dövlət müstəqilliyi bərpa olundu. Təəssüflər olsun ki, bu böyük hadisə çox mürəkkəb tarixi məqamda baş verdi. O zaman Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə gərginliklər yaranırdı. İki yüz mindən çox azərbaycanlı ata yurdu olan İrəvandan qovularaq Azərbaycana pənah gətirmişdi. Bu azmış kimi erməni daşnakları Qarabağ bölgəsini də ələ keçirməyə çalışırdılar. Minlərlə insan doğma torpaqlarından qovuldu, evsiz-eşiksiz qaldı. Havadarlarına arxalanan ermənilər 1988-ci ildən 1993-cü ilin oktyabrınadək ölkəmizin ərazisinin 20 faizini işğal etdi. Bir milyondan çox azərbaycanlı doğma ocağından didərgin düşdü. 30 ilə yaxın torpaqlarımız erməni silahlı birləşmələri tərəfindən işğal olundu. Ermənilər tərəfindən işğal edilən Azərbaycan torpaqlarının qeyd-şərtsiz qaytarılması üçün Birləşmiş Millətlər Təşkilatı dörd qətnamə qəbul etdi. Amma Ermənistan bu qətnamələrə əməl etmədi.
Azərbaycan xalqı isə torpaqlarını işğaldan azad etməkdə israrlı idi. Düşmən bu illər ərzində tez-tez cəbhə xəttində atəşkəs rejimini pozur, təxribatlar törədirdi. Azərbaycan Ordusunun cəsur zabit və əsgərləri bu təxribatların qarşısını qətiyyətlə alırdılar. Düşmən 27 sentyabr 2020-ci ildə yenə də təxribat törətdi. Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad edilməsi uğrunda əks-hücum əməliyyatına başlandı.
44 gün davam edən Vətən müharibəsi erməni işğalçıları üçün acı nəticələrə gətirib çıxartdı. Bir tərəfdən də Ermənistan daxilində baş verən konfliktlər hökuməti köklü surətdə sarsıtdı. Azərbaycan Ordusunun zabit və əsgərlərinin qəhrəmanlığı sayəsində 28 illik erməni işğalına son qoyuldu. Qarabağ düşməndən azad olundu.
Vətən müharibəsi 30 ilə yaxın davam edən konfliktlərin, savaşın, münaqişənin dolaşıq düyünlərinin açılmasında həlledici rol oynadı. Düşmən ordusu məhv edildi. Azərbaycanın işğal altındakı torpaqları azad edildi. Arzularımız reallığa çevrildi!

Hüsniyyə İDRİSOVA